ABŞ Kosmik və Aviasiya Agentliyi (NASA) "meteor yağışlarının kralı" olaraq tanınan Geminid (Əkizlər) meteor yağışının bu gün saat 20.30 ilə sabah 06.00 arasında izlənilə biləcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada meteoritlərin müəyyən bir istiqamətdən gəlmədiyi üçün dünyanın hər yerindən izlənilə biləcəyi bildirilib. Məlumata görə, şüalanma səhər saat 02:00-03:00 arasında ən yüksək səviyyəyə çatacaq.
NASA ilin ən yaxşısı olaraq bilinən Geminid meteor yağışının bu gün pik həddinə çatacağını və yağışın ən güclü olduğu vaxtlarda saatda 60-120 meteorun görünə biləcəyini qeyd edib.
Mütəxəssislər meteor yağışını səmanın aydın olduğu və işıq çirklənməsinin olmadığı nöqtələrdən izlənilə biləcəyini bildiriblər. Greenwich Rəsədxanası da Geminidin rənglərinə görə fərqli olduğuna diqqət çəkərək rənglərinin ağ, sarı yaşıl, qırmızı və ya mavi ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Geminid 3200 “Phaethon” adlı zəif quyruqlu ulduzun günəş ətrafında fırlanarkən geridə qoyduğu qaya parçaları nəticəsində əmələ gəlir.
Əfsanə
Manşet.az