Gözəllik saydığımız prosedur ciddi risk daşıyır - Dermatoloqdan XƏBƏRDARLIQ

11:55 - 28 Avqust 2025

Gözəllik saydığımız prosedur ciddi risk daşıyır - Dermatoloqdan XƏBƏRDARLIQ

Son illərdə qadınlar arasında dırnaqlara edilən müxtəlif estetik prosedurlar, xüsusilə də “gel” manikürlər geniş populyarlıq qazanıb. Estetik baxımdan cəlbedici görünsə də, mütəxəssislər bu prosesin dırnaq və dəri sağlamlığına müəyyən risklər daşıdığını bildirirlər. Bəzi qadınlar uzunmüddətli istifadədən sonra dırnaqlarında zəiflik, qırılma və allergik reaksiyalarla qarşılaşırlar. Bəs, bu proseslər həqiqətənmi sağlamlıq üçün risk yaradır?


Mövzu ilə bağlı Manset.az-a danışan dermatoloq Bəxtiyar Paşayev bildirib ki, “gel” manikürlərin tərkibində əsasən akril və digər kimyəvi maddələr mövcuddur:

“Proses zamanı həmin maddələr maye şəklində dırnağa vurulur və ultrabənövşəyi şüalar vasitəsilə sərtləşdirilir. Əgər bu manikür mütəxəssisinin alətləri steril deyilsə, düzgün sterilləşdirilmirsə, bu zaman bakteriya və göbələklərin dırnaq altında qalmasına şərait yaranır. Orada nəmli olur, bu isə bakteriyaların inkişafına, dırnaqların göbələklənməsinə və ya bakteriyalarla zədələnməsinə gətirib çıxarır. Ən çox rast gəlinən risk bundan ibarətdir ki, onu çıxartdıqdan sonra dırnaqlarımızda zədələnmələr müşahidə olunur. Gel uzun müddət saxlandıqda, müəyyən müddətdən bir dəyişdirilməsi lazımdır. Bu zaman dırnaqlar cilalanır, asetonla əridilir. Bu proses allergik reaksiyalara və ya ümumiyyətlə, gelin özünə qarşı həssaslığa səbəb ola bilər”.

Onun sözlərinə görə, ikinci bir yan təsir isə prosedur zamanı istifadə olunan ultrabənövşəyi şüalarla bağlıdır:

“Həmin o cihazın içinə əlini saldıqda, o məruz qalan dəridə tez qocalma baş verə bilər. Uzun müddət illərlə istifadə etdikdə isə hətta dəri xərçənginə kimi gətirib çıxara bilər. Ona görə bu prosedurlardan öncə əlimizə SPF günəşdən qoruyucu SPF 50 kremlərindən çəkilməsi məsləhətdir ki, dərimizi şüalardan qorusun”.

Dırnaq ustası Sevinc Məmmədova isə hesab edir ki, düzgün materiallardan istifadə və qaydalara əməl olunduğu halda “gel” manikürlər ciddi fəsad yaratmır. Lakin o, bəzi məqamlara diqqət edilməsinin vacibliyini vurğulayıb:

“Bəzi ucuz və keyfiyyətsiz gel və ya akril məhsulların tərkibində zərərli maddələr ola bilər. Bu maddələr uzunmüddətli və daimi təmas zamanı dəriyə, dırnağa zərər verə bilər. Əgər fasilə vermədən davamlı olaraq gel edilir, dırnaqlar düzgün təmizlənmir və istirahət etmir, bu zaman dırnaqlar nazilə, qırıla, təbii quruluşu poza bilər. Bu isə müxtəlif problemlərə gətirib çıxara bilər”.

Ustanın sözlərinə görə, gigiyena qaydalarına əməl olunduqda və materialların keyfiyyətinə diqqət edildikdə, “gel” manikür qadınların gündəlik həyatında estetik baxımdan müsbət rol oynaya bilər.


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az