Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ 

17:03 - 02 Sentyabr 2025

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ 

Artıq yeni dərs ili başlayır. Minlərlə azyaşlı ilk dəfə məktəb həyatı ilə tanış olur. Valideynlər üçün bu həm sevindirici, həm də həyəcanverici bir mərhələdir. Çünki uşağın məktəb mühitinə uyğunlaşması – yəni adaptasiyası onun təhsil həyatına baxışını formalaşdırır. Bu mərhələni daha sağlam və səmərəli şəkildə keçmək üçün həm valideynlər, həm də müəllimlər üzərinə məsuliyyət düşür. Bəs, bu hallarda müəllimlər və valideynlər necə davranmalıdır?


Mövzu ilə bağlı Manset.az-a danışan klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov bildirib ki, məktəbə başlayan uşaqların adaptasiya prosesi zaman tələb edən və fərdi yanaşma tələb edən bir dövrdür:

"Uşaqların məktəbə adaptasiyası zamana ehtiyac duyur. Bəzi uşaqlarda bu proses daha çətin keçir və belə hallarda fərdi yanaşma seçilməlidir. Uşağın sinifdə özünü təhlükəsiz hiss etməsi əsas şərtdir və bu hissin formalaşması üçün sabit qaydalar, proqnozlaşdırılan gündəlik və müəllimənin ardıcıl davranışı vacibdir.”

Rövşən Nəcəfov qeyd edir ki, müəllimlə uşaq arasında emosional bağlılıq çox önəmlidir:

"Bu bağ səmimi salamlaşma, uşağa adı ilə müraciət, kiçik nailiyyətlərin görünməsi və tanınması yolu ilə gücləndirilə bilər. Uşaq özünü sinif mühitində dəyərli və qəbul olunmuş hiss etməlidir. Bu isə həm sosial, həm də emosional inkişaf üçün vacib zəmin yaradır.”

Mütəxəssis əlavə edib ki, müəllim və valideyn arasında davamlı əməkdaşlıq da bu prosesin ayrılmaz hissəsidir:

“Valideynin müəllimə münasibəti, uşağın da müəlliməni necə qəbul edəcəyini formalaşdırır. Bu baxımdan açıq ünsiyyət və qarşılıqlı dəstək çox vacibdir. Əgər uyğunlaşma müddəti uzanır, uşaqda narahatlıq, məktəbdən yayınma və ya emosional gərginlik müşahidə olunursa, Rövşən Nəcəfov məktəb psixoloquna vaxtında müraciət edilməsini tövsiyə edir.

Burada məqsəd uşağın rifahını qorumaq və onu tədrisə sakit, etibarlı şəkildə cəlb etməkdir. Erkən müdaxilə daha sonra yarana biləcək psixoloji çətinliklərin qarşısını almağa kömək edir.”


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az