Bakı Avrasiya Universitetində qiyabi təhsil alan tələbə soyuq auditoriyalardan şikayətçidir.
Manset.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkədə şikayətini dilə gətirən universitetin qiyabi təhsil formasında oxuyan tələbə bildirir ki, tədris ili ərzində cəmi üç həftə dərsə gəlmələrinə baxmayaraq, bu qısa müddətdə belə minimal tədris şəraiti təmin olunmur. Tələbələrin sözlərinə görə, dərslər keçirilən auditoriyalarda istilik sistemi işləmir və otaqlar dözülməz dərəcədə soyuq olur.
Şikayətdə qeyd edilir ki, tələbələr dərs zamanı üst geyimində oturmağa məcbur qalırlar. Bu vəziyyətin dağlıq kənd məktəblərindəki şəraitə bənzədiyi vurğulanır.
“İldə cəmi üç həftə dərsə gəlirik, amma həmin müddətdə də normal şərait yaradılmır. Buna baxmayaraq, illik 1500 manat təhsil haqqı ödəyirik. Ödəniş edildiyi halda, minimal tədris şəraitinin belə təmin olunmaması ciddi narahatlıq doğurur”, – deyə tələbə bildirib.
Şikayətçi tələbə qeyd edib ki, mövcud şəraitdə normal və keyfiyyətli tədris prosesi mümkün deyil.
Qiyabi formada təhsil alan tələbənin bu şikayətindən sonra belə nəticəyə gəlmək olar ki, sözügedən universitetdə əyani təhsil daha mümkünsüzdür.