Kino zamanın yaddaşıdır və bu yaddaşı öz yaradıcılıq ruhu ilə yaşada bilən insanlar ölməzlik qazanırlar. Milli kimliyimizi, xalqın səsini və milli mənsubiyyətini bir həyat hekayəsinə sığdıra bilmək əsl sənətkarlıqdır. Biz də belə sənətkarlardan birindən danışacağıq. Bu sənətkar Azərbaycan kino sənətində misilsiz əsərlər yaradan və ölməzlik qazanan dahi sənətkarımız Hüseyn Seyidzadədir.
Azərbaycan
film tarixində ilk rəngli bədii filmin müəllifi, Azərbaycan kinorejissoru, Azərbaycan
SSR əməkdar incəsənət xadimi Hüseyn Mirəloğlu Seyidzadə 1910-cu il oktyabrın
5-də İrəvanda anadan olub. Hələ uşaq yaşlarında, 1918-ci ildə baş verən məlum
hadisələr — yəni ermənilərin törətdikləri cinayətlər səbəbindən Hüseyn Seyidzadənin
ailəsi öz isti ocaqlarından didərgin düşərək əvvəlcə Türkiyəyə, oradan Tiflisə,
bir müddət sonra isə Tiflisdən Bakıya köçür. O, 1927-ci ildə Bakıda tikiş
fabrikində əmək fəaliyyətinə başlayır. Daha sonra fəhlə teatrına daxil olur və
aktyor köməkçisi kimi çalışır. Bir ildən sonra Hüseyn Seyidzadə Gənc İşçi
Teatrının aktyoru olur. 1930-cu ildə Sankt-Peterburqda rejissorluq kursunu
bitirir və Bakıya qayıdır.
1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra Azərbaycan Film Kinostudiyasında işə başlayır. Ömrünü film sənətinə həsr edən kino rejissor yaradıcılığının bütün dövrlərində bir-birindən fərqli, məzmunlu sənət əsərləri ortaya qoyur. “O olmasın, bu olsun”, “Dəli Kür”, “Qayınana”, “Yenilməz Batalyon”, “Koroğlu”, “Bakılılar”, “Böyük Şəfəq”, “Ayna”, “Sovqat” və digər filmləri kino sənətinin dəyərli incilərindəndir. Hüseyn Seyidzadə 1970-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülür. O, 1979-cu il iyunun 2-də ürək tutmasından dünyasını dəyişir. Bakıda küçələrdən biri onun adını daşıyır.
Aydın
Kazımzadə (kinoşünas):
“1918-ci
ilin o bədnam hadisələrindən sonra bir çox ailələr, o cümlədən Seyidzadələr ailəsi
də İrəvandan köçüb Bakıya gəlmişdi. O vaxt Hüseyn Seyidzadənin 15 yaşı var idi
və o, sonradan dahi sənətkara çevriləcəkdi. O, 15
yaşında Bakıda işə düzəlmişdi, fəhlə işləyirdi, amma həvəsi tamamilə başqa sahədə
idi. Yəni, bu sənətlə bağlı bir insan idi; sanki özünü orada axtarırdı”.
Əsgər
Zeynalov (“İrəvan ziyalıları” kitabının müəllifi):
“1918-ci
ilin hadisələri iki qardaş—Mirəli və Mirqasımı—Türkiyəyə aparmış, ondan sonra
Tiflisə gətirmişdi. Bir müddət Tiflisdə yaşamışdılar və daha sonra Bakıya gəlmişdilər.
Telli Pənahqızı
(Əməkdar mədəniyyət işçisi):
“Qərb Azərbaycanı doğumlu insanlar dinlərini, dillərini və mədəniyyətlərini qoruyub saxlayan şəxslər olublar. Onlar əl atdıqları elmin, sənətin və xüsusilə mədəniyyətin hər sahəsindən irəli çıxıblar. Xüsusilə İrəvan mühitində böyüyənlər İrəvanın mədəni dünyasına, mədəni aləminə bağlı olan şəxsiyyətlər kimi yetişiblər. Onlardan biri də, bu gün haqqında danışdığımız Hüseyn Seyidzadədir”.
Azərbaycan kinosunun yaddaşında silinməyən bir iz var. Hər dövr yenidən kəşf olunan iz… Hüseyn Seyidzadənin izi. Hüseyn Seyidzadə təkcə filmlər çəkmədi; o, ekrana insanın ruhunu, xatirələrini, sevincini və ağrısını gətirdi. O, Azərbaycan kino dilini formalaşdıran sənətkarlardan biri oldu. Bu gün biz onun həyatına, yaradıcılığına və kino tariximizdə açdığı səhifələrə birlikdə baxırıq.
Əsgər
Zeynalov (“İrəvan ziyalıları” kitabının müəllifi):
“Hüseyn Seyidzadə filmləri çəkirdi, amma hələ kino sənətində öz sözünü deməmişdi”.
Aydın
Kazımzadə (kinoşünas):
“1930-cu
ildə o, kino studiyaya gəlir. Bir müddət sonra orada bir neçə nəfərlə bir yerdə
işləyir. Niyazi Bədəlov və Hüseyn Seyidzadəni Moskvaya kinematoqrafiya üzrə təhsil
almağa göndərildilər. Orada hər ikisi Sergey Eyzenşteynin tələbəsi oldu.
Maraqlıdır ki, birinci kursu bitirdikdən sonra Sergey Eyzenşteyn Hüseyn
Seyidzadəni götürüb başqa bir qrupa keçirir. Orada o, sənədli filmlər üzrə
rejissor sənədini alsın deyə təlim görürdü. Amma Hüseyn Seyidzadə bununla
barışmırdı, çünki o, çox prinsipial bir insan idi”.
Hüseyn
Seyidzadə mübariz bir sənətkar idi; sözünü açıq deməyi xoşlayırdı və bu, əlbəttə
ki, ətrafındakılar tərəfindən birmənalı qarşılanmırdı. Onun bu xarakteri yaratdığı
əsərlərə də təsir edirdi. 1969-cu ildə İsmayıl Şıxının eyni adlı romanı əsasında
çəkilən “Dəli Kür” filmində bu xüsusiyyət daha çox hiss olunurdu.
Aydın
Kazımzadə (kinoşünas):
“Filmin çəkilməsi
müəyyən mərhələlərdən keçdi, amma Hüseyn Seyidzadə öz sözünü dedi və qərarlı
oldu ki, “Mən “Dəli Kür” filmini çəkəcəm.” Yəni belə filmlər onun öz filmləri
idi. Ona görə də bu filmin çəkilişinə başlayır və çox gözəl bir film alınır. Əsəri
oxuyanlar, orada çox güclü bir finalla rastlaşırlar. Amma kinoda final, tamamilə
başqa cür çəkilir”.
O səhnə
belədir: Qubernator Cahandar Ağaya deyir ki, canişin burada ov etmək istəyir.
“Bu torpaqları ya bizə bağışlayacaqsınız, ya da satacaqsınız.” Bundan hiddətlənən
Cahandar Ağa cavab verir: “Bizim torpaqlarımız nə satılmaz, nə də
bağışlanılmaz” deyə cavab verir. Qubernator “Görərsiniz” deyərək gedir. Bir neçə
gün sonra nökərlər Cahandar Ağaya şikayət edirlər: “Bizi döyüb-incidirirlər.”
Bundan hiddətlənən Cahandar Ağa əlbəttə ki, çıxır və kazaqların qarşısında
onların başçısını öldürür. Qubernator kazaqları onların üzərinə göndərmişdir və
bu atışmada 5 nəfər kazaq öldürülür, Cahandar ağanın özünü də vurub öldürürlər
və Cahandar ağa özünü yaralı şəkildə suya atır və beləliklə, film “Ana Kür”
mahnısı ilə yekunlaşır. Amma bu hissəni vermirlər, çünki o dövrün Rus ictimai siyasi
mühiti bunun verilməsinə icazə verməzdi və vermədi də. Beləliklə, bu səhnə və
bu filmin bu hissəsi çıxarılaraq tamaşaçılara real vəziyyətin göstərilməsinə
imkan vermir.
Telli Pənahqızı
(Əməkdar mədəniyyət işçisi):
“Onun filmlərində sərtlik hiss olunur. Bu nə ilə bağlıdır? Çünki o, o qəddarlığı görmüşdü, onun ailəsi o faciəni yaşamışdı və bu faciənin içində o, küllərin arasından qalxan Prometey kimi öz sözünü deməyə bacarırdı. Ancaq kinonun dili ilə, çəkdiyi filmlərin dili ilə”.
Azərbaycanda
elə bir kino əsəri yoxdur ki, “O olmasın, bu olsun” filmi qədər məşhur aktyor
ansamblı toplaya bilsin. Dünyanı dolaşan bu film Hüseyn Seyidzadənin
yaradıcılığının şah əsərlərindən biridir. 1956-cı ildə Bakı kino teatrlarında
ekrana Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmi çıxarıldı.
Aydın
Kazımzadə (kinoşünas):
“Günlərin bir günü “O olmasın, bu olsun” məsələsi çıxır ortaya. Onda bu məsələnin üstündə dayanır və deyir ki, “Mən mütləq bunu çəkməliyəm.” Hətta rəhbərliyə müraciət edəndə yoldaşlar etiraz edirdilər. Etiraz edirdilər ki, “Sən bu filmi çəkə bilməzsən.” Hər filmdə buna nəsə bir söz deyirlər. Səbəbi də onun qara qabaq olmasıdır. Yəni, qara qabaq bir adam komediyanı necə çəkə bilər? Bu deyir: “Mən çəkəcəyəm.” Deməli, bu aktyorları toplamaq üçün gedir AzDrama-ya və o vaxt direktor Adil İsgəndərov idi. Gəlir, danışır, onunla bir elan vururlar qapıda. Məşqdən sonra hamı yığışsın direktorun kabinetinə. Və heç kim də bilmir ki, məsələ nədir. Gəlib otururla, , görürlər ki, A. İsgəndərovun yanında arıq qara bir oğlan oturub. Tanımırlar onu. Adil müəllim qeyd edir ki, bu Seyidzadədi, cavan rejissordur. “O olmasın, bu olsun”filmini o çəkəcək. “O olmasın, bu olsun” filmi doğrudan da Azərbaycan kinosuna gəlmiş cavan bir oğlanın bir buketidir. Hədiyyə etdi o Azərbaycan kinosuna bu buketi. Bu aktyorlarla birlikdə film çəkildi və böyük bir uğur qazandı, artıq bununla bir yol açıldı”.
Bu, o
dövrlərdə Azərbaycan kinosunda bir inqilab idi. Bakının kino teatrlarına tamaşaçı
əlindən ayaq basmaq olmurdu, uzun növbələrə yaxın düşmək mümkün deyildi . O,
dahi Üzeyir Hacıbəylinin eyni adlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında
ekranlaşdırmışdı. Bununla da “O olmasın, bu olsun” Hüseyn Seyizadə quruluşunda,
Azərbaycan kino tarixində ilk rəngli bədii film kimi daxil oldu. Təbii ki, o
dövrün tənqidçiləri bu filminə bir mənalı münasibət bəsləmədilər. Hətta bir neçə
səhnə tənqid olundu. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki
qalmaqal və hamam səhnəsi nöqsan kimi göstərildi. Amma uğurun işığına kölgə
salmaq istəyənlər buna nail ola bilmədilər.
Əsgər
Zeynalov (“İrəvan ziyalıları” kitabının müəllifi):
“İki məqalə, həmin filmi kəskin tənqid edən iki məqalə nəşr olundu. Biri Tofiq Kazımovun“Uğursuz film”, ikincisi isə görkəmli əbədiyyatşünas Abbas Zamanoğlunun “O olmasın, bu olsun” haqqında yazısı idi. Və yalnız sonralar hadisələr elə inkişaf etdi ki, həyatın gedişi göstərdi: film təkcə öz rejissoruna yox, bütün xalqına hörmət gətirdi. Mən bir həqiqəti demək istərdim ki, hadisələrdən təxminən 35 il keçmişdi, mən Abbas Zamanoğulla görüşəndə dedim siz o film haqda kəskin məqaləniz getmişdi. Dedi H.Seyidzadə mükəmməl rejissor idi, mən səhv etmişəm.”
Əlbəttə, filmi bəyənənlər də oldu. Mükəmməl aktyor ansamblından ibarət bu filmə “kino qalereyası” adı verdilər və beləliklə, bu film təxminən ekrana çıxdığı 2–3 il ərzində artıq dünyanın 40-dan çox ölkəsində yayımlandı. Azərbaycan kinosunun şöhrətini dünyaya — İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrə yaydı. Bu gün isə zaman hüdudu tanımadan müasir tamaşaçıların zövqünü oxşayır. Bu məziyyətlərə sahib olan Hüseyn Seyidzadənin yaradıcılığı dünya miqyaslı sənətkarların nəzərindən qaçmır. Elə məşhur hind aktyoru və rejissoru Raçqapur onu Hindistanda işləməyə və yaşamağa çağırır.
Aydın
Kazımzadə (kinoşünas):
“Bu, çox
maraqlı bir hadisədir. Raç Kapura rəhbərliyin, daha doğrusu, rəhbərliyin
Seyidzadədən xoşu gəlməsə də, ona bir neçə film göstərdilər. O cümlədən “O
olmasın, bu olsun” filmi. Ona baxan kimi Seyidzadəyə demişdi ki, gəl mənimlə
gedək Hindistana, mən səni milyoner edərəm. Mənə demişdi H. Seyidzadə bu haqda.Dedim
ki, Hüseyn müəllim, kim iştirak edir bu söhbətdə? Dedi, Leyla Bədirbəyli”.
Əsgər
Zeynalov (“İrəvan ziyalıları” kitabının müəllifi):
“Bunu Leyla Bədirbəyli söhbətlərində də dedi ki, Raç Kapur 57-ci ildə Bakıya gələndə onu dəvət elədi. Ancaq o zaman heç Moskva da imkanı verməzdi ki, belə bir adam keçsin, orada filmlər çəksin, yəni məşhurlaşsın.
Aydın
Kazımzadə (kinoşünas):
“Leyla Bədirbəylidən soruşdum, dedi, dəqiqdi, doğrudan bunu aparırdılar. Hətta xahiş elədi gedək. Filmlər çəkək, səni mən milyoner edəcəm. Bu da demişdi ki, mən çox az film çəkmişəm Azərbaycan filmində. Ona görə də mən burda qalıb xalqıma xidmət eləməliyəm. Mən oraya pul dalınca oraya gedə bilmərəm. Bax, belə adam idi o”.
“Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Əbədi odlar ölkəsi” kimi filmlərə həyat verən rejissorun “Qayınana” filmi yaradıcılıq ömrünün son akkordu olur. 1979-cu ildə çəkilən bu film həyatın ironiyasını yaşayır. Hər zaman Hüseyn Seyidzadənin bir sıra filmlərinin həyat yoluna mane olan Moskva bu dəfə bu filmi yüksək dərəcədə qarşılayır.
Telli Pənahqızı
(Əməkdar mədəniyyət işçisi):
“Mən onu
uzun müddət, demək olar ki, 3–4 saat pavilyonda müşahidə etdim. Necə işləyirdi?
Elə bir səhnə çəkilirdi ki, o kukla aktyoru dahi sənətkarımız Nəsibə
Zeynalovanı qucağına alırdı, bir başqa yerə köçürürdü, sonra da yatağa qoyurdu
və ilaxır və s. Bəlkə də bu səhnə 15 dəfə təkrarlandı və mən hər dəfə baxırdım.
Nəsibə xanımın hiss etməyi, baxmayaraq ki, o vaxt yaşlı idi və hər dəfə eyni
qüdrətdə, eyni maraqda o səhnəni çəkə bilməzdi. Amma hər dəfə fikirləşirdim və
baxırdım. Deyirəm ki, bəlkə də yarım saat, qırx dəqiqə biz o səhnənin çəkilişini
müşahidə etdik. Sanki hər dəfə yeni bir qat açılırdı Nəsibə xanımın iç
dünyasında. Bir dəfə yerişi bir başqaydı, bir dəfə gülüşü bir başqaydı və Seyidzadə
heç nə demirdi, əvvəldən başa salırdı ki, o hansı vəziyyəti istəyir. Qurtaranda
o səhnə, dönürdü operatora, “nu sto? Polucilos?” deyirdi. O da ya “hə” deyirdi,
ya da deyirdi, "bəlkə bir də çəkək".
Əsgər
Zeynalov (“İrəvan ziyalıları” kitabının müəllifi):
““Qayınana”
filmi çəkilir, qurtarır, ancaq bu film çəkilib qurtarandan sonra, onun elə təqdimat
mərasimi gedən vaxtı sənətkarın özü həyatda yox idi”.
Sənətkarı
insan kimi xarakterizə edənlər onun kəskin fikirli, ötkəm xasiyyəti və məğrur
duruşunu bəzən acı dil kimi qiymətləndirirlər. Əlbəttə, bir çox istedad sahiblərinə
xas olan bu xüsusiyyət onu hər zaman ədalətsizliyə düçar edirdi və o,
iclasların birində kəskin müzakirələrdən sonra dünyasını dəyişir.
Aydın
Kazımzadə (kinoşünas):
“Ötkəm xarakteri ona çox baha başa gəlirdi.Hətta “Dərviş Parisi partladır” ona verilməli idi, amma verilmədi. Elə filmlər də var idi ki, ona heç yaxın qoymadılar. “Qatır Məmməd”də isə ona rol verdilər, amma sonradan onu da əlindən aldılar. Niyə görə? Çünki o demişdi ki, ssenari müəlliflərinə ki bu Qatır Məmmədə yox, bu Çapayevə oxşayır. Amma Qatır Məmməd azərbaycanlıdır. Ona görə dedi ki, mən dəyişiklik edəcəyəm. Ssenaristlər icazə verdilər, amma sonra kinostudiyanın rəhbərliyi müraciət etdi ki, bunun yazdığı ssenarini qoyub qırağa, tamamilə başqa bir ssenari çəkir bu adam. Ona görə xahiş edirik, imtina edirik. Rəhbərlik bunu ssenaristlərə dedi və onlar da imtina etdilər. Ondan sonra Seyidzadə tamamilə özünü pis hiss edirdi. Çünki bu, ağır iş idi: filmin haradasa dörddə üç faizini çəkəsən və sonra sənin əlindən alsınlar”.
Dünyanın 120 ölkəsində dolaşan Hüseyn Seyidzadənin filmləri təkcə keçmişimizin xatirəsi deyil, onlar bu günümüzün dili, gələcəyin yoludur. Hər yeni rejissor, hər yeni ssenari, hər yeni ideya onun açdığı qapılardan keçir. Biz bir daha gördük ki, böyük sənət susmur, o zamanın içində yaşayır və nəsildən-nəslə keçir. Seyidzadə isə bizim kino yaddaşımızın sonsuz nəfəsidir. Onun yaratdığı hər bir kadr bir xatirə, hər bir obraz bir hekayə, hər bir hekayə isə bir tarixdir. Tarixi yaşadanlar nəsillərin baxışında hər zaman var olur. Tarixi yaşadanlar kino salnaməsində hər zaman öz sözünü deyənlər olur və tarixi yaşadanlar bu gün də unudulmur. Elə bizim qəhrəmanımız Hüseyn Seyidzadə kimi.
Telli Pənahqızı
(Əməkdar mədəniyyət işçisi):
“Və mənə
elə gəlir ki, o, bu gün sağ olsaydı, ən böyük əsərini yaradardı və bu əsərin
adı da “Qayıdış” olardı”.
Fəxriyyə Lilpar İsayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist