Hadisədən dərhal sonra kameralar işə düşdü. Mikrofonlar uzadıldı. Və ən ağrılısı, uşaqlar sorğu-suala tutuldu: “Gözünlə gördün, hansı silah idi?”, “Neçə dəfə atəş açıldı?”
Travma yaşamış, şok vəziyyətində olan bir uşağa bu sualları vermək nə dərəcədə doğrudur? Jurnalistikanın hansı etik qaydalarında və prinsiplərində yazılıb ki, qorxmuş bir şagird rəsmi şəxs rolunu oynasın?
Bu gün xəbər toplamaq naminə jurnalistlərin operativ davranmaq istəyi başadüşüləndir. Amma unuduruq ki, yazdığımız hər sətri yüz minlərlə insan oxuyur. O sətirləri oxuyanlar arasında vurulan müəllimin anası da var, atası da. Bəlkə də həmin xəbərə hadisəni törədən azyaşlının valideynləri, ailəsi baxır. Və eyni anda bu məktəbdə övladı təhsil alan minlərlə valideyn narahatlıqla cavab axtarır.
Biz faktla danışmalı, sübutla yazmalıyıq. Şayiə ilə, ehtimalla, “deyilənə görə” ilə yox. Fakt olmadan atılan hər başlıq yeni bir yara yaradır. Bəzən isə o yara güllədən də betər olur.
Bu hadisədə günahkar axtarırıqsa, güzgüyə baxmaq kifayətdir. Təhlükəsizlik qaydalarına əməl etməyən məktəb də günahkardır. Hadisəni şouya çevirən jurnalist də. Ehtiyatsız davranan müəllim də. Nəzarətsiz silah saxlayan ailə də.
Bu gün tətik birinin əlində idi. Amma məsuliyyət hamımızın boynundadır. İndi susmaq, araşdırmanın nəticəsini gözləmək, faktı dəqiqləşdirmək daha doğru olardı. Ən əsası isə həmkarlarım bilməliydi ki, uşaqların mənafeyinə zidd olan açıqlamaların verilməsi, video süjetlərin hazırlanması və onların sifətlərinin gizlədilmədən açıq şəkildə yayımlanması qətiyyən yolverilməzdir. Bəlkə də bəzi jurnalistlər daha tez xəbər vermək yarışından öncə diqqətlə düşünməyi seçməli idilər.
Bu hadisə valideynlərə əsl siqnaldır. Davranış tərbiyəsi və özünü aparma qaydaları cəmiyyətdə yox, ailədə formalaşır. Düzgün tərbiyə isə sonradan cəmiyyətə tuşlanan tətiyə çevrilmir.
Könül Ələsova