107 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası “İstiqlal Bəyannaməsi”ni qəbul edib Azərbaycanın müstəqilliyini elan etməklə xalqımız qarşısında çox böyük şərəfli və tarixi bir missiyanı yerinə yetirdi. 100 ildən çox davam edən müstəmləkə əsarətindən sonra xalqın taleyində istiqlaliyyətin elan olunması qədər böyük bir gün ola bilməzdi. Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etməklə Azərbaycan xalqının fiziki olaraq məhv edilməsinin qarşısını aldı və onun yaşamasını təmin etdi.
1918-ci il mayın 28-də qəbul
edilən “İstiqlal Bəyannaməsi”
təkcə bir siyasi akt deyil, həm də tariximizdə milli özünüdərk və azadlıq
mübarizəsinin zirvəsi oldu. Bu sənədlə Azərbaycan xalqı bir əsrdən çox davam
edən imperiya əsarətinə son qoyaraq, ilk dəfə müstəqil və demokratik respublika
qurmaq əzmini dünyaya bəyan etdi.
Cümhuriyyətin yaradılması
yalnız siyasi müstəqillik deyil, həm də milli kimliyin, dilin, mədəniyyətin və
dövlətçilik ənənələrinin bərpası demək idi. Ölkədə parlamentli respublika
modelinin tətbiqi və bütün vətəndaşlara bərabər hüquqların verilməsi Azərbaycanın
siyasi tarixində bir dönüş nöqtəsi oldu. Bu tarixi hadisə həm də XX əsrin
əvvəllərində regionda baş verən geosiyasi dəyişikliklər fonunda milli
liderlərin uzaqgörən siyasətinin təcəssümü idi.
XIX əsrin əvvəllərində Rusiya imperiyasının
tərkibinə xanlıqlar şəklində hissə-hissə, parça-parça daxil edilən Azərbaycanı
süqut edən imperiyanın qalıqları altından vahid bir tam halında çıxarmaq da
cümhuriyyət liderlərinin böyük uğuru idi. Azərbaycanın parçalanmış
xanlıqlar şəklində keçmişindən bütöv bir dövlətə çevrilməsi, milli ordunun və
idarəetmə sisteminin qurulması xalqın mübarizə ruhu sayəsində mümkün oldu.
Müstəqil yaşamağa əzm etmiş və bu yolda böyük
qurbanlar vermiş Azərbaycan xalqı 1918-1920-ci illərdə özünü müstəqil yaşamağa
qadir və buna layiq bir xalq kimi dünyaya nümayiş etdirdi. Olduqca mürəkkəb
beynəlxalq və regional vəziyyətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan
Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son
həddində çalışaraq şərəflə yerinə yetirdi.
Azərbaycan Cümhuriyyəti bütün ölkə vətəndaşlarına
eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı,
ölkənin sərhədlərini müəyyənləşdirdi, Azərbaycan hökumətini, milli tələblərə və
demokratik prinsiplərə uyğun dövlət aparatını və ilk parlamentini
formalaşdırdı, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordu yaratdı, ölkənin
ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etdi, ölkənin dünya birliyi
tərəfindən tanınmasına nail oldu, dövlət atributlarını yaratdı, dövlət quruculuğu
sahəsində ciddi tədbirlər həyata keçirdi, Azərbaycan dilini dövlət dili elan
etdi, ölkədə maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirdi, təhsili
milliləşdirdi, Azərbaycanın ilk universiteti olan Bakı Universitetini təsis
etdi və bütün bu tədbirlərlə müstəqil Azərbaycan dövlətinin əsaslarının yaratdı
və Azərbaycan xalqının sonrakı inkişaf yolunu müəyyən etdi.
Azərbaycan Cümhuriyyətinin əsrlərə bərabər bu iki
illik müstəqilliyi 1920-ci ilin aprelində Rusiya təcavüzünün qurbanı oldu.
Bununla belə, Azərbaycanı işğal edən Rusiya müstəqil Azərbaycan Cümhuriyyətinin
mövcudluğu faktını silib ata bilmədi və bu əsas üzərində sovet quruluşunda
formal da olsa Azərbaycanın müstəqilliyini təsbit və qəbul etməli oldu. Bu fakt
bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi
xəritəsindən silinməsinin qarşısını aldı.
Lakin uzun illər boyu həyata keçirilən sərt,
amansız tədbirlər, qeyri-insani, ağlasığmaz cinayətlər də zor gücünə yaradılmış
Sovet imperiyasını qoruyub saxlaya bilmədi, 1991-ci ildə SSRİ dağıldı və
Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi
kimi öz müstəqilliyini və milli dövlətçiliyini bərpa etdi. Bu mənada
Cümhuriyyət bizim milli şərəf və qürur mənbəyimizdir.
Azərbaycan Cümhuriyyəti müasir Azərbaycan
Respublikasının hüquqi və mənəvi əsaslarını miras qoyaraq, milli dövlətçilik
ənənələrimizin bərpasında mühüm rol oynadı. 1991-ci il oktyabrın 18-də qəbul
edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında"
Konstitusiya Aktında 1918-ci il İstiqlal Bəyannaməsinə istinad edilməsi və
müasir Azərbaycan Respublikasının Azərbaycan Cümhuriyyətinin varisi elan
olunması bu tarixi varisliyin hüquqi təsdiqidir.
1991-1993-cü illərdə ölkəmizdə yaşanan hadisə və
proseslər göstərdi ki, müstəqilliyi əldə etmək qədər onu qoruyub saxlamaq da
böyük məsuliyyət və qətiyyət tələb edir. XX əsrin sonlarında xalqımızın
müstəqilliyini bərpa etmək arzusu gerçəkləşsə də, qarşıya çıxan siyasi və
iqtisadi çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, daxili
çəkişmələr ölkəmizi çətin sınaqlarla üz-üzə qoydu. Məhz belə bir şəraitdə
xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qətiyyətli
və uzaqgörən siyasəti ilə Azərbaycan dövlətçiliyini xilas etdi, sabitliyi və
təhlükəsizliyi təmin etdi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi
istiqamətində fundamental islahatlar həyata keçirdi.
Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, ölkənin
iqtisadi qüdrəti hər gün daha da möhkəmlənir, beynəlxalq nüfuzu artır. 2020-ci
ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ilin bir
günlük uğurlu antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpası və işğaldan azad olunmuş torpaqlarımızda
Azərbaycan Bayrağının qürurla dalğalanması xalqımızın mübarizə əzminin,
iradəsinin, dövlətimizin gücünün və milli birliyimizin təntənəsinin parlaq
nümunəsidir.
1993-cü ildə xalqın
təkidli tələbi ilə Ulu Öndər hakimiyyətə qayıtmasaydı, bəlkə də Azərbaycan
müstəqil dövlət olaraq dünya xəritəsindən tamamilə silinmiş ola bilərdi.
Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Ərazi bütövlüyü və
suverenliyi tam təmin olunmuş bugünkü qüdrətli Azərbaycan isə İlham Əliyevin
əsəri, Heydər Əliyev ideyalarının təntənəsidir. Eyni zamanda, bu, cümhuriyyət
xadimlərinin arzularının gerçəkləşməsidir.
Azərbaycan Cümhuriyyəti 1920-ci ildə təcavüzə
məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta
uğrasa da, onun həyata keçirə bilmədiyi planlarını 1993-cü ildən bəri Heydər
Əliyev və onun layiqli davamçısı İlham Əliyev həyata keçirdi.
Azərbaycan Milli Şurası tərəfindən 1918-ci il
mayın 28-də elan edilən “İstiqlal Bəyannaməsi” Azərbaycan Cümhuriyyətinin
Konstitusiya aktı kimi qəbul edilsə də, Cümhuriyyət hökuməti ölkənin Əsas
Qanununu qəbul edə bilmədi. Cümhuriyyətin bu arzusunu gerçəkləşdirən Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi və müəllifliyi ilə 1995-ci ilin noyabrında müstəqil
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Dövlətimizin Əsas
Qanunu müasir dünyanın ən demokratik prinsiplərini özündə ehtiva edən bir
konstitusiyadır.
Cümhuriyyət hökumətinin ən böyük planlarından
biri ölkədə Parlament seçkiləri keçirmək və Azərbaycan Parlamentini
formalaşdırmaq idi. Lakin mövcud şərtlər altında cümhuriyyət hökuməti ölkədə
parlament seçkiləri keçirə bilmədi, Azərbaycan Parlamentini kooptasiya
qaydasında formalaşdırmalı oldu. Cümhuriyyətin bu arzusunu da Ulu Öndər Heydər
Əliyev gerçəkləşdirdi. 1995-ci ilin noyabrında müstəqil Azərbaycanda ilk
Parlament seçkiləri keçirildi və ölkənin Parlamenti formalaşdırıldı.
Ölkəmizdə nə Cümhuriyyət, nə də sonrakı 70 il
ərzində həlli mümkün olmayan aqrar məsələ də Ulu Öndər Heydər Əliyev tərəfindən
həll olundu. Ulu Öndərin 1996-cı ildə həyata keçirdiyi aqrar islahat
nəticəsində torpaq əvəzsiz olaraq kəndliyə verildi.
Cümhuriyyət hökumətinin ən böyük planlarından
biri Azərbaycan neftini tam gücü ilə dünya bazarına çıxarmaq olsa da, bu məsələ
də tam şəkildə öz həlini tapa bilmədi. Azərbaycanın iqtisadi inkişafı üçün
həyati vacib olan bu məsələni həll edən Ulu Öndər Heydər Əliyev və onun layiqli
davamçısı İlham Əliyev ölkəmizin bugünkü iqtisadi qüdrətini təmin etmiş
oldular.
Azərbaycan Cümhuriyyətinin Qafqaz İslam Ordusunun
Azərbaycan əməliyyatı zamanı şəhid olan əsgər və zabitlərinin xatirəsini
əbədiləşdirmək üçün abidə ucaltmaq, əlifba islahatı keçirib ərəb qrafikalı
əlifbadan latın qrafikalı əlifbaya keçmək və digər planlarını da müstəqil
Azərbaycan Respublikası gerçəkləşdirdi.
Azərbaycan Cümhuriyyətinin ən böyük planlarından
biri və bəlkə də birincisi Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı
həyata keçirdiyi hərbi təcavüz və işğal siyasətinə son qoymaq idi. Lakin həmin
dövrdə yaranmış hərbi-siyasi vəziyyət bu vəzifəni həyata keçirməyə imkan
vermədi. Müstəqil Azərbaycanın da bəlasına çevrilmiş bu problemin həll
edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Ulu Öndər
Heydər Əliyevin də ən böyük arzusu idi. Ulu Öndərin bu arzusunu həyata keçirən
Prezident İlham Əliyev bu problemi uğurla və kökündən həll edərək ərazi
bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Bununla ölkəmiz son 30 ildə
heç bir dövlətin əldə edə bilmədiyi uğura imza ataraq dünya birliyində öz
layiqli yerini bir daha təsdiqlədi, 200 il bundan əvvəl Azərbaycanın içinə
yerləşdirilən və vaxtaşırı Azərbaycana qarşı istifadə edilən erməni bombasını
tam zərərsizləşdirdi.
İnanırıq ki, ərazi bütövlüyü və suverenliyi təmin olunmuş bugünkü müstəqil Azərbaycanı görmək arzusunda olan, amma bu günü görə bilməyən Ulu Öndər Heydər Əliyevin, eyni zamanda cümhuriyyət liderlərinin ruhları şaddır. Çünki Azərbaycanı məğlub dövlətdən qalib dövlətə, xalqımızı məğlub xalqdan qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti yüzillik problemlərimizi aradan qaldıran, bu günümüzün fəxarət və iftixar mənbəyimiz və sabahımızın mayakıdır.
Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru,
AMEA A.A.Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun baş elmi işçisi