"Vaşinqton Bəyannaməsinə İran rəsmilərinin mövqeyi ikrah doğurur"

01:00 - 10 Avqust 2025

\"Vaşinqton Bəyannaməsinə İran rəsmilərinin mövqeyi ikrah doğurur\"

“Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən 8 avqust 2025-ci il tarixində imzalanan Birgə Bəyannamə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən alqışlandığı və təqdir edildiyi bu günlərdə İran rəsmilərinin sərgilədiyi mövqe ikrah hissi doğurur”.


Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə , İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti rəsmi Tehranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacağını və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacağını bəyan edib: “O, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin “Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulduğunu” iddia edib və “bu dəhlizin Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcəyini” bəyan edib. İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı bəyanatları Azərbaycan Respublikasının suveren hüquqlarına və bölgənin inkişaf perspektivlərinə qarşı əsassız müdaxilə xarakteri daşıyır. Zəngəzur dəhlizi layihəsi beynəlxalq hüquqa, xüsusən də 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsaslanan və bütün tərəflərin imzası ilə təsbit olunmuş razılaşmanın tərkib hissəsidir”.

Deputat qeyd edib ki, Azərbaycan üçün Zəngəzur dəhlizi hansısa “icarəyə götürülmüş marşrut” deyil, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqəni təmin edən, eyni zamanda, region ölkələri üçün iqtisadi, logistika və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan kommunikasiya xəttidir: 

"Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmadığı kimi, digər dövlətlərin də ölkəmizin legitim və beynəlxalq hüquqa uyğun layihələrinə əsassız şəkildə mane olmaq cəhdlərini qəbul etmir. Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyünə zərər vurmur, əksinə, Ermənistanı regional iqtisadi əməkdaşlıq və nəqliyyat şəbəkəsinə bağlayaraq ona fayda gətirir".

V . Qafarov həmçinin qeyd edib ki, İran tərəfinin bu layihəni “təhdid” kimi təqdim etməsi, əslində, Tehranın bölgədə əməkdaşlıq əvəzinə qarşıdurma mühiti yaratmaq istəyinin göstəricisidir:

“Azərbaycan Respublikasının mövqeyi qətidir, ölkəmizin milli maraqlarına, suverenliyinə və bölgənin uzunmüddətli sabitliyinə xidmət edən hər bir layihə istənilən təzyiqə baxmayaraq həyata keçiriləcək. Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcəyidir və bu gələcək hansısa dövlətin, o cümlədən İranın icazəsi ilə deyil, region xalqlarının iradəsi ilə qurulur”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az