"Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ABŞ-a gerçəkləşdirdiyi son səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regional geosiyasi arxitekturanın yenidən formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər uzun müddət Bayden-Blinken administrasiyası, Emmanuel Makron, Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamenti kimi mərkəzlər tərəfindən həyata keçirilən siyasi təzyiq, sanksiya hədələri və beynəlxalq mediada aparılan qarayaxma kampaniyalarının tam iflası ilə nəticələndi".
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nümayiş etdirdiyi prinsipiallıq və strateji qətiyyət Azərbaycanın milli maraqlarını güzəştə getmədən müdafiə etməsi, onu yalnız regionda deyil, qlobal siyasi arenada da müstəqil və öz prinsipial mövqeyinə sahib oyunçu kimi təqdim etdi:
"Səfərin ən mühüm nəticələrindən biri, Azərbaycanın Cənubi Qafqazda güc balansını müəyyən edən əsas tərəf kimi təsdiqlənməsidir. Ermənistanın protektorları hesab olunan Qərb dairələrinin təzyiq mexanizmləri iflasa uğradıqca regionda proseslərin mərkəzi Bakı ətrafında cəmlənməsi tendensiyası güclənir. Bu həm də Zəngəzur dəhlizi və digər strateji layihələrin daha real və sürətli şəkildə icrasına zəmin yaradır.
Vaşinqton görüşləri göstərdi ki, ABŞ da artıq Azərbaycansız regional enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya inteqrasiyası və sabitlik mövzularını həll edə bilməyəcəyini anlayır. Bu tərəfdaşlıq modelini bərabərhüquqlu əməkdaşlıq səviyyəsinə gətirir".
Deputat qeyd edib ki, Cənab İlham Əliyevin sərt, amma konstruktiv mövqeyi Ermənistanla sülh sazişinə gedən yolda vasitəçilərin monopoliyasını qırdı:
"ATƏT-in Minsk Qrupu modelinin 30 illik fəaliyyətsizliyinin fonunda indi regiondakı real aktorlar Azərbaycan və Ermənistan birbaşa dialoqun əsas tərəfləri kimi möhkəmlənir.
Səfər çərçivəsində aparılan danışıqlar enerji sektorunda yeni əməkdaşlıq imkanları, alternativ nəqliyyat marşrutlarının reallaşması və beynəlxalq sərmayələrin Azərbaycana yönəlməsi baxımından əhəmiyyətlidir. Bu həm də Azərbaycanın logistika mərkəzinə çevrilməsi strategiyasına uyğun bir addımdır.
Qərb institutlarının illərlə formalaşdırdığı “təzyiq – güzəşt” mexanizminin uğursuzluğu Azərbaycanın siyasi özünütəsdiqi deməkdir. Bu gələcəkdə ölkəmizin beynəlxalq arenada daha sərbəst manevr imkanlarını artıracaq.
Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ səfəri və əldə olunan uğurlar Cənubi Qafqazda yeni geosiyasi dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Bu səfərlə Azərbaycan artıq təkcə regional güc deyil, həm də qlobal proseslərdə söz sahibi olan, balanslı və çoxvektorlu siyasət yürüdən nüfuzlu aktor statusunu daha da möhkəmləndirdi".