"Azərbaycan
Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına
verdiyi müsahibədə Azərbaycan və Ermənistanın Ağ Evdə ABŞ Prezidenti Donald
Trampın iştirakı ilə iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin
təsis edilməsi haqqında sazişin paraflamasını müharibənin başa çatdığını göstərən
hadisə kimi dəyərləndirdi. Dövlət başçısı bu hadisənin iki ölkə arasında 30 ildən
artıq davam edən müharibənin sonu olduğunu, münaqişə dövrünün artıq başa
çatdığını, münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və bunun həm Cənubi
Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün
tamamilə yeni imkanlar açdığını bəyan etdi".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O bildirib ki, Cənubi Qafqazda yeni regional və beynəlxalq əməkdaşlıq platformalarının formalaşması, nəqliyyat-logistika dəhlizlərinin inkişafı və iqtisadi inteqrasiya perspektivləri reallığa çevrilə bilər:
"Azərbaycan artıq özünü regional güc mərkəzi kimi təsdiqləyib və bu prosesdə konstruktiv mövqe nümayiş etdirir. Yeni əməkdaşlıq platformaları Ermənistanı da təcrid və dalan vəziyyətindən çıxaracaq və onun inkişafını təmin edəcək.
Dövlət başçısının vurğuladığı kimi, Ermənistanın 1990-cı illərdə məhz xarici dəstək hesabına Azərbaycan ərazilərini işğal etməsi regionda dərin humanitar böhrana səbəb oldu. Əhalinin təxminən 1 milyonu öz doğma torpaqlarından didərgin düşdü, bu isə dünya miqyasında ən yüksək qaçqın və məcburi köçkün göstəricilərindən biri idi. İkinci Qarabağ müharibəsi və onun nəticələri Azərbaycan dövlətçiliyinin gücünü, ordunun peşəkarlığını və beynəlxalq hüquqa əsaslanan mövqeyini nümayiş etdirdi. Dövlət başçısının da qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı.
Bundan sonra məhz Azərbaycan Ermənistana iki ölkə arasında sülh prosesinə başlamağı təklif etdi və sülh üçün özünün prinsiplərini elan etdi. Danışıqlar formatının təşəbbüskarı kimi çıxış edən Azərbaycan iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması barədə öz baxışına əsaslanan sülh sazişi layihəsini də hazırlayıb qarşı tərəfə təqdim etdi. İki ölkə arasında bir neçə il davam edən danışıqlar prosesi nəhayət 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və böyük dəstəyi ilə başa çatdı".
Millət vəkili diqqətə çatdırıb ki, avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sənədinin paraflanması faktı Azərbaycan diplomatiyasının strateji uğurudur və bu sənəd Prezident İlham Əliyevin sözləri ilə desək, artıq sülhün reallığa çevrilməsinin göstəricisidir:
"ABŞ Prezidenti Donald Trampın və komandasının prosesdə aktiv iştirakı sənədin
beynəlxalq legitimliyini daha da gücləndirir. Ən mühüm məqam isə ondadır ki, sənəd
hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanıması üzərində qurulub və bu,
yalnız Azərbaycan-Ermənistan münasibətlərinin deyil, bütövlükdə Cənubi Qafqaz
regionunun təhlükəsizlik arxitekturasını dəyişir.
Prezident İlham
Əliyev müsahibəsində Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişinin
hələlik imzalanmamasının isə xüsusi bir
səbəbinin - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də
şübhə altına alan müddəanın mövcudluğu olduğunu bir daha bəyan etdi. Dövlət
başçısı qeyd etdi ki, Ermənistan öz konstitusiyasına dəyişiklik edib, Azərbaycanın
ərazi bütövlüyünə qarşı iddiaları buradan çıxardıqdan sonra iki ölkə arasında formal
olaraq sülh sazişi də imzalanacaq.
Bu, çox mühüm şərtdir,
çünki beynəlxalq hüquqa zidd iddiaların hüquqi sənədlərdən çıxarılması, Ermənistanın
real dövlətçilik məsuliyyətini qəbul etməsi demək olacaq. Əgər Ermənistan
daxili siyasi dəyişikliklər və ya xarici müdaxilələr səbəbindən imzalanmış sənəddən
geri addım atarsa, bu, təkcə Azərbaycanla münasibətlərə deyil, həm də ABŞ,
Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla əlaqələrinə ciddi zərbə
vuracaq və onu təcrid vəziyyətinə salacaq. Bu, Ermənistan üçün geosiyasi
intihara bərabər olar.
Azərbaycan Prezidenti
cənab İlham Əliyevin Vaşinqtondakı sənədi “müharibənin sonu” kimi dəyərləndirməsi
tamamilə əsaslıdır. Bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün tarixi
dönüş nöqtəsidir. Əgər Ermənistan rasional qərarlar qəbul edərsə, bölgədə
uzunmüddətli sabitlik və inkişaf üçün real şans yaranacaq. Əks halda, Prezident
İlham Əliyevin də dediyi kimi, əgər Ermənistan bir daha bizim ərazi
bütövlüyümüzü şübhə altına qoysa, Azərbaycanın cavabı qəti və adekvat olacaq".