Türkiyədə narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində haqqında saxlanılma əmri verilən Enes Batur xaricdən Türkiyəyə giriş edərkən İstanbul Hava Limanında polis tərəfindən saxlanılıb.
Manset.az Tükiyə mediasına istinadən xəbər verir ki, İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən "narkotik və ya psixotrop maddələrin istehsalı və satışı", "narkotik və ya psixotrop maddələrin istifadəsini asanlaşdırma" və "narkotik və ya psixotrop maddə almaq, qəbul etmək və ya saxlamaq, habelə narkotik və ya psixotrop maddə istifadə etmək" maddələrindən cinayət işi açılmışdı.
Qeyd edək ki, haqqında çıxan bu qərarla bağlı sosial media hesabında açıqlama verən Batur, "Hal-hazırda əvvəldən planlaşdırılmış və bu araşdırma ilə heç bir əlaqəsi olmayan, tamamilə sosial mediaya məzmun yaratmaq məqsədilə bir sıra video çəkilişləri üçün 25 gündür xaricdəyəm. Bu prosesin sonunda, planlandığı şəkildə ölkəmə qayıdacağam. Hüquqi çərçivədə cavab verməyə və lazım olan əməkdaşlığı göstərməyə hazıram", – deyə bildirmişdi.