Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva bu gün Çinin Tiencin şəhərində Hayha çayında gəmi gəzintisində iştirak ediblər.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, gəzintidə iştirak edən birinci xanımların və onların ailə üzvlərinin əllərində yelpik olması maraqla qarşılanıb.
Bu məqamda bildirək ki, yelpik qədim tarixə malik əşyadır. İndiyədək yelpiyin yaranması ilə bağlı mənbələrdə dəqiq bir məlumat bilinməsə də, ilkin dəlillər b.e.ə I minilliyə aid edilir.
Belə ki,arxeoloji qazıntılar zamanı Çin imperatoru U-Vanın dövrünə aid ilk yelpik nümunələri tapılıb.
Həm yaponlar, həm də hindlilər iddia edirləri ki, onlar çinlilərdən daha əvvəl yelpikdən istifadə ediblər. Təkcə onu qeyd edə bilərik ki, bu əşya yarandığı gündən başlayaraq böyük mövqeyə sahib olub. Formasını saxlayaraq, adi yarpaq şəklindən zərif, qiymətli əşyaya çevrilib.
Başlanğıcda adi sərinlədici vasitə olan yelpik sonralar hakimiyyət simvoluna çevrilib, müxtəlif dövrlərdə yalnız adlı-sanlı, kübar təbəqənin istifadə edə biləcəyi bir əşya olub.
Assuriyalılar və misirlilər yelpiyi hakimiyyətin və cənnətin simvolu hesab edirdilər. Yunanlar və romalılar yelpiyə pərəstiş edirdi. Yelpik Olimp zirvəsinə qalxmış, məhəbbət ilahəsi Afroditanın atributu kimi zərif obrazla mifologiyaya daxil olub.
Təmtəraqlı Yapon mərasimlərində yelpiyə xüsusi önəm verilib. Yelpiklər müxtəlif məqsədlər üçün istifadə olunurdu ― sarayda, döyüşdə, rəqs zamanı, çay mərasimləri üçün. Bir sözlə bu əşya Yapon məişətində, həyatında böyük əhəmiyyət kəsb edib.
Artıq X əsrdən qatlanan yelpiklər kübar cəmiyyətdə də geniş yer tutmağa başlayır və yapon məişətinin ayrılmaz hissəsinə çevrilirdi. Hər il dəblə birgə yelpiklərin forma və ölçüləri də dəyişirdi. Lakin çinlilərdə qatlanan yelpiyin çubuqlarının sayı həmişə cüt, yaponlarda isə tək olurdu.
Avropaya qatlanan yelpiklər XV əsrin sonu-XVI əsrin əvvəllərinə tesadüf edib. İlk olaraq Çindən İngiltərə, İspaniyaya, daha sonra isə İtaliya və Fransaya gətirilib. Fransada yelpiklər Yekaterina Mediçinin vaxtında dəbə düşmüşdü. Çin ustaları həmin dövrdə məxsusi olaraq Avropa zövqünə uyğun yelpiklər hazırlayırdı.
Ticarət malları daşıyan gəmilərin Uzaq Şərqdən gətirdikləri bu ekzotik əşya artıq XVII əsrdə bütün Avropada məşhurlaşmışdı. Bu dövr qatlanan yelpiklərin bum dövrü hesab olunur.
O bütün kübar avropalı xanımların sevimli aksessuarın çevrilmişdi. Qeyd olunan dövr həm də Avropada rəssamlığın İntibah dövrü hesab olunurdu.