11 fevral 2026-cı il tarixində su obyektlərinə qanunsuz müdaxilələrin qarşısını almaq və nəzarət tədbirlərini gücləndirmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəhbər şəxsləri görüş keçirib.
Manset.az xəbər verir ki, görüş zamanı Xəzər dənizinə (gölünə), çaylara və göllərə zərərli təsirlərin qarşısının alınması istiqamətində görülmüş işlər barədə məlumat mübadiləsi aparılıb.
Müzakirələr zamanı su obyektlərinin, xüsusilə Abşeron yarımadasında mövcud olan göllərin tikinti və digər tullantılarla doldurulub ərazisinin kiçildilməsi halları, tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının qanunsuz olaraq su obyektlərinə axıdılıb çirklənməyə səbəb olması, eləcə də sintetik torlardan istifadə olunub su obyektlərinin fiziki çirkləndirilməsi məsələləri geniş müzakirə olunub.
Tərəflər qeyd olunan halların qarşısını almaq məqsədilə nəzarət tədbirlərini gücləndirib, gələcəkdə birgə mübarizə tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.