Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial şəbəkə platforması “X” hesabında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası ilə imzalanmış anlaşma memorandumuna dair paylaşım edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bayraktar Çinlə təxminən 15 milyard dollarlıq investisiyanı nəzərdə tutan əməkdaşlıq çərçivəsində ümumi gücü 7 min meqavat olan günəş və külək elektrik stansiyalarının, yeni enerji saxlama sistemlərinin, eləcə də 4 min meqavatlıq elektrik ötürücü infrastrukturunun yaradılmasının hədəfləndiyini bildirib.
Nazir qeyd edib ki, nəzərdə tutulan əməkdaşlıq çərçivəsində bərpaolunan enerji istehsalının genişləndirilməsi, enerji saxlama imkanlarının artırılması və elektrik ötürücü şəbəkəsinin inkişafı istiqamətində mühüm layihələrin həyata keçirilməsi planlaşdırılır.