ABŞ-nin vitse-prezidentinin Bakı səfəri - Siyasətdən iqtisadi inteqrasiyaya

19:14 - 11 Fevral 2026

ABŞ-nin vitse-prezidentinin Bakı səfəri - Siyasətdən iqtisadi inteqrasiyaya

ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm mərhələni ifadə edir. Bu səfər qarşılıqlı faydalı strateji əlaqələrin genişləndirilməsi, iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Səfər ötən il Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların davamı kimi qiymətləndirilir və aydın mesaj verir: Birləşmiş Ştatlar Cənubi Qafqazda fəal iştirakını davam etdirir və regionu özünün daha geniş xarici siyasət prioritetlərinin bir hissəsi hesab edir.

Münasibətlərin bu yeni mərhələsini formalaşdıran əsas nəticələrdən biri Bakıda ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasıdır. Xartiya ikitərəfli əməkdaşlığı institusional çərçivəyə salır və müxtəlif sahələr üzrə uzunmüddətli əməkdaşlıq üçün əsas yaradır. Bu sənəd münasibətlərin artan yetkinliyini əks etdirir və hər iki ölkənin daha strukturlaşdırılmış və gələcəyə yönəlmiş tərəfdaşlığa doğru irəlilədiyini təsdiqləyir.

Son illərdə ABŞ–Azərbaycan münasibətləri tarixi zirvəyə çatmış və strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı tərəflər əməkdaşlığın institusional əsasda qurulması və ikitərəfli əlaqələrin dərinləşdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə razılığa gəliblər.

ABŞ-la strateji tərəfdaşlıq üç əsas istiqaməti əhatə edəcək:

- enerji və regional bağlantı (o cümlədən ticarət və tranzit);

- ⁠iqtisadi investisiyalar, xüsusilə süni intellekt və rəqəmsal infrastruktur sahəsində;

- ⁠həmçinin təhlükəsizlik əməkdaşlığı, o cümlədən kibercinayətkarlıq və müdafiə sahəsində əməkdaşlıq və terrorizmlə mübarizə.

Strateji İşçi Qrupunun yaradılması infrastrukturun inkişafını sürətləndirəcək, enerji investisiyalarını genişləndirəcək və regional iqtisadi inteqrasiyanı təşviq edəcək. Bu, ABŞ texnologiyası və kapitalının Azərbaycanın iqtisadi transformasiyasında rolunun artması deməkdir. Ümumi məqsəd yalnız ikitərəfli inkişaf deyil, eyni zamanda regional tərəfdaşlıqların və sabitliyin möhkəmləndirilməsidir.

Bağlantılar üzrə mühüm xətt - TRIPP marşrutunun fəaliyyətə başlamasıdır ki, bu da Şərq–Qərb istiqamətində əsas bağlantı dəhlizlərindən birinə çevrilməyə iddialıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqaz artıq heç vaxt qarşıdurma məkanı olmayacaq. Azərbaycanın uzunmüddətli vizyonu regionu münaqişələrdən inteqrasiya olunmuş əraziyə, infrastruktur, ticarət şəbəkələri, boru kəmərləri və rəqəmsal bağlantı ilə xarakterizə olunan bazara çevirməkdir.

Vensin səfərindən əvvəl, fevralın 9-da Prezident İlham Əliyev Bakıda ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşüb. Enerji, nəqliyyat, texnologiya və ərzaq sektorlarını təmsil edən onlarla şirkətin nümayəndəsindən ibarət nümayəndə heyəti Amerika biznesinin Azərbaycana artan marağını əks etdirirdi. Bu səfər də ilklərdən biri idi. ABŞ şirkətləri ilə əməkdaşlıq, xüsusilə enerji sektorunda, Azərbaycanın qlobal enerji bazarlarına inteqrasiyasının əsasını qoymuş “Əsrin müqaviləsi”nə qədər uzanan uzunmüddətli tərəfdaşlığa əsaslanır.

Vitse-prezident Vensin regional səfəri həm də, mühüm siyasi mesajlar verdi. Onun Ermənistanda etdiyi çıxış: sülhün keçmiş narrativlərə qapılmaqdan deyil, gələcəyə yönəlmiş baxışdan asılı olduğunu vurğulaması konstruktiv əməkdaşlığın əhəmiyyətini önə çəkir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsindən sonra başlanan Azərbaycan–Ermənistan sülh gündəliyi uzunmüddətli regional sabitliyə doğru atılmış mühüm addım idi. Əhəmiyyətli çətinliklərə baxmayaraq, proses göstərir ki, davamlı sülh siyasi iradə, diplomatiya və iqtisadi inteqrasiya yolu ilə mümkündür.

Ötən həftə BƏƏ-də Cənubi Qafqazda əldə olunan tarixi sülh razılaşması “Zayed İnsan Qardaşlığı” mükafatı ilə təqdir olunmuşdur ki, bu da beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda son irəliləyişlərə verdiyi yüksək qiyməti əks etdirir.

Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), eləcə də Trans-Xəzər ticarət marşrutu Avropa ilə Asiya arasında əsas körpüyə çevrilə bilər. Layihə dəmir yolları, avtomobil yolları, boru kəmərləri, elektrik ötürmə xətləri və fiber-optik şəbəkələrdən ibarət multimodal sistemi nəzərdə tutur. Bu təşəbbüslər, həm də, xammalın, kritik mineralların və nadir torpaq elementlərinin ABŞ və qlobal bazarlara daşınmasına, eyni zamanda daha geniş Avrasiya regionunda ticarət və investisiya axınlarının artmasına imkan yarada bilər.

Coğrafi baxımdan uzaq olsa da, ABŞ regional iqtisadi təşəbbüslərdə getdikcə daha fəal iştirak edir. Müasir ticarət və rəqəmsal bağlantı məsafə anlayışını yenidən formalaşdıraraq daha dərin iqtisadi inteqrasiya və virtual əməkdaşlığa şərait yaradır. Vaşinqton bağlantı layihələrində iştiraka daha geniş iqtisadi məqsədlərlə, o cümlədən ABŞ-da yeni iş yerlərinin yaradılması və Amerika biznesi üçün ticarət imkanlarının genişləndirilməsi kimi baxır.

Rəqəmsal transformasiya və süni intellekt ABŞ-la iqtisadi əməkdaşlığın əsas sütunlarına çevrilir. Azərbaycanın neft, təbii qaz, günəş və külək enerjisi potensialı data mərkəzləri üçün lazım olan enerji təmin edə bildiyi üçün bu, texnoloji əməkdaşlıqda üstünlük hesab olunur.

Siyasi səviyyədə artan əməkdaşlıq qarşılıqlı hörmət və ortaq strateji maraqları əks etdirir. Yüksək səviyyəli dialoq və davamlı diplomatik təmaslar hər iki tərəfin əməkdaşlığı gücləndirmək və uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətini nümayiş etdirir.

Nəticə etibarilə, bu səfər daha geniş kontekstdə — sülhün möhkəmləndirilməsi, iqtisadi bağlantının inkişafı və Cənubi Qafqazda ABŞ-ın iştirakının yeni strateji çərçivəsinin formalaşması fonunda qiymətləndirilməlidir. Təhlükəsizlik əməkdaşlığı mühüm komponent olaraq qalsa da, iqtisadi tərəfdaşlıq, infrastrukturun inkişafı və texnoloji əməkdaşlıq getdikcə ön plana çıxır.

Beləliklə, ABŞ-ın vitse-prezidentinin səfəri yalnız simvolik deyil, həm də praktik əhəmiyyət daşıyır. Bu səfər daha güclü iqtisadi əlaqələrə, daha dərin siyasi dialoqa və TRIPP üzrə işlərin sürətləndirilməsinə doğru istiqaməti möhkəmləndirir. Bu marşrut Cənubi Qafqazı Avropa ilə Asiyanı birləşdirən əsas dəhlizə çevirə və davamlı sülhə, regional sabitliyə və ortaq rifaha töhfə verə bilər.


Pərvanə Vəliyeva

Milli Məclisin deputatı,

Beynəlxalq Münasibətlər və

Parlamentlərarası Əlaqələr

Komitəsinin üzvü



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az