27 sentyabr 2020-ci il tarixində Ermənistanın silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad edərək tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi.
44 Günlük
Vətən Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən
biridir. Bu savaş Azərbaycan xalqının iradəsini, birliyini və ərazi bütövlüyü
uğrunda mübarizəsini bir daha bütün dünyaya göstərdi. Müharibənin nəticələri region üçün yeni mərhələnin
başlanğıcını qoydu və Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdı.
Vətən
müharibəsində Azərbaycan xalqı birlik, həmrəylik və milli ruh nümayiş etdirərək,
düşmənin layiqli cavabını vermişdir. Minlərlə igid oğullarımız bu yolda şəhidlik zirvəsinə ucaldı, on minlərlə
qazimiz mübarizənin canlı şahidinə çevrildi. Onların göstərdiyi rəşadət və vətənpərvərlik
gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi oldu.
2020-ci
ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsi yalnız bir
hərbi qələbə deyil, həm də Azərbaycan xalqının mübarizə iradəsinin, vətən
sevgisinin və birliyinin simvoludur.
Bu müharibənin ən qiymətli və müqəddəs səhifəsi isə şəhidlərimizin və
qazilərimizin, yəni müharibənin
canlı qəhrəmanlarının tarixə yazdığı şərəfli izlərdir.
Şəhidlik
Azərbaycan xalqı üçün hər zaman müqəddəs bir anlayış olub. 44 günlük müharibə
zamanı minlərlə igid oğul vətənin
bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Bu şəhidlər Azərbaycanın gələcəyi, torpaqlarımızın
azadlığı və xalqımızın qüruru üçün əbədi yaşayacaqlar.
Şəhidlik
zirvəsi qədər müqəddəs olan digər bir məqam isə veteranlıq, yəni
müharibədən sağ çıxmış, lakin həyatını və sağlamlığını bu mübarizəyə həsr etmiş
insanlarımızdır. Onlar bu gün də xalq arasında hörmət və ehtiramla qarşılanır.
44 günlük
Vətən Müharibəsinin şəhidləri və qaziləri yalnız bir döyüşün deyil, bütöv
bir xalqın taleyinin qəhrəmanları oldular. Onlar sayəsində Azərbaycan
30 ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti bərpa etdi və yeni
reallıqlar yaratdı.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən, hər il 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi
qeyd olunur. Bu gün, 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində
qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin
anıldığı gündür.
Bu gün dövlətimiz şəhid ailələrini yüksək səviyyədə dəstəkləmək
məqsədilə maddi, sosial və psixoloji yardım proqramları həyata
keçirir.
Prezident İlham Əliyevin 2020-ci il
dekabrın 3-də imzaladığı Sərəncamı ilə Vətən
Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlanmış və
tikinti işlərinə başlanılmışdır.
Müharibə
dövründə bədən
əzalarını itirmiş qazilərimiz
üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və
hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi
sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi
istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün
yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbiçi öhdəliyə
götürülmüşdür.
Bu gün
bütün ölkə boyu şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların qəhrəmanlıq
dastanı müxtəlif tədbirlərdə, abidələr önündə, təhsil müəssisələrində, dövlət və
özəl qurumlarda qeyd olunur.
Azərbaycan
cəmiyyəti şəhid və qazilərə dərin ehtiram bəsləyir. Hər bir şəhərdə şəhid
bulaqları, xatirə lövhələri, şəhidlərin adını
daşıyan məktəblər və parklar yaradılır. Məktəblərdə və universitetlərdə gənc nəsilə vətənpərvərlik ruhunun aşılanmasında şəhid və qazilərin həyat yolu
örnək kimi göstərilir.
Azərbaycan
xalqı heç zaman şəhidlərini unutmayacaq. Onların qanı bahasına qazanılmış bu Zəfər,
müstəqilliyimizin və dövlətçiliyimizin əbədi simvoluna çevrilmişdir.
Şəhidlər və qazilər Vətən Müharibəsinin əsl qəhrəmanlarıdır. Onların fədakarlığı sayəsində bu gün azad Qarabağ var. Bizim borcumuz bu qəhrəmanların adını uca tutmaq, onların ailələrinə sahib çıxmaq və gələcək nəsillərə vətənə sevgi, şəhidə ehtiram, qaziyə minnətdarlıq hissini aşılamaqdır.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva