Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə,52 min nəfər əhalisi olan Cəbrayıl rayonunda 72 məktəb, 8 xəstəxana, 150 mədəniyyət ocağı və 132 tarixi abidə tamamilə dağıdıldı:
"Cəbrayılın zəngin təbii resursları, sənaye müəssisələri, kənd təsərrüfatı və mədəni həyatı, təhsil və səhiyyə infrastrukturu tamamilə sıradan çıxarıldı, qədim tarixi abidələr Sultan Məcid hamamı, Xudafərin körpüsü, Qız qalası, müxtəlif türbələr və məscidlər erməni vandalizminin qurbanına çevrildi. İşğal dövründə rayonun 52 min sakini məcburi köçkün kimi Azərbaycanın 58 rayonunda ağır şəraitdə, qaçqın düşərgələrində və yataqxanalarda yaşamağa məcbur oldu.
Bu acı tarixə
baxmayaraq, Azərbaycan xalqı öz doğma yurduna qayıdacağına daim inandı. 1994-cü
ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin işğaldan azad olunması və
daha sonra 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi
Böyük Qayıdışın başlanğıcını qoydu və xalqımıza torpaqlarına dönüş ümidini daha
da gücləndirdi.
Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümunəsi göstərərək, 27 il işğal altında qalmış Cəbrayıl şəhərini və 90 kəndi azad etdi. Düşmənin möhkəmləndirilmiş istehkamlarının yarılması, müharibənin gedişinə strateji təsir göstərdi, çünki Cəbrayıl uğurla azad olunduqdan sonra Xocavəndin cənub kəndlərinə, Füzuliyə, Hadruta, eləcə də Zəngilan və Qubadlıya doğru əks-hücum əməliyyatları uğurla davam etdirildi. Bu əməliyyatlar nəticəsində Laçın dəhlizinə də nəzarət təmin edildi. Qələbədən sonra “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu və 22 mindən artıq hərbçimiz bu şərəfli medalla təltif edildi. Xüsusi rəmzi məna daşıyan hadisələrdən biri isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması oldu ki, bu həm tarixi, həm siyasi, həm də mənəvi baxımdan milli birliyin və qələbənin simvoluna çevrildi. Azərbaycan Prezidentinin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi təsis edilməsi isə tarixi yaddaşın əbədiləşdirilməsi baxımından mühüm qərar oldu.
"Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi Zonası” bütün regionun iqtisadi inkişafına xidmət edən strateji layihələrdən biridir. Həmçinin elektrik təchizatının bərpası, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və digər yol layihələri Zəngəzur dəhlizinin əsas hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir. 2023-cü il iyulun 25-də təsdiqlənən Cəbrayıl şəhərinin 2040-cı ilədək Baş planı isə bərpa və yenidənqurma işlərinin sistemli şəkildə həyata keçirilməsini təmin edir. Bu plana əsasən, Cəbrayılda on minlərlə sakin üçün yaşayış evləri, məktəblər, bağçalar, sosial obyektlər və müasir infrastruktur qurulacaq, kəndlər isə Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı nümunəsində yenidən salınacaq.
Artıq Böyük Qayıdış
prosesi reallaşmağa başlayıb. 2024-cü ilin sentyabrında ilk köç karvanı Cəbrayıla
yola salınıb və bu günədək yüzlərlə ailə doğma torpaqlarına qayıdıb. Tam təmirli
və bütün zəruri avadanlıqlarla təmin olunmuş Cəbrayıl yaşayış kompleksi sakinlərin
istifadəsinə verilib. Prezident İlham Əliyevin bu illər ərzində Cəbrayıla
etdiyi çoxsaylı səfərləri, Xudafərin körpüsündə bayrağın ucaldılması, yeni məktəblərin,
xəstəxanaların, sənaye müəssisələrinin, elektrik yarımstansiyalarının və yol
infrastrukturunun açılışı, kəndlərin və yaşayış komplekslərinin təməlinin
qoyulması dövlətin işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi xüsusi önəmi
göstərir.
Bütün bunlar göstərir
ki, bir vaxtlar erməni işğalı və vandalizminin qurbanına çevrilən Cəbrayıl bu
gün Böyük Qayıdışın simvoluna çevrilib. Cəbrayılın azad edilməsi Azərbaycanın
tarixi Qələbəsinin şanlı səhifələrindən biri, yenidən qurulması isə xalqımızın
gücünü, dövlətimizin iradəsini və gələcəyə olan inamını əks etdirir".