"Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ədalət meyarlarına sadiqliyi ilə fərqlənib. Prezident İlham Əliyevin Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı bu siyasətin davamı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzunun, etibarlı tərəfdaş və sülh tərəfdarı kimi qəbul olunmasının daha bir təsdiqidir".
Manset.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputatın sözlərinə görə, Misirdə keçirilən sammit təkcə regional deyil, həm də qlobal miqyasda sülh və təhlükəsizliyin təşviqi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir:
“Sammitlər, tərəflər arasında dialoqun qurulması, fikir mübadiləsinin aparılması və mövcud gərginliklərin azaldılması üçün mühüm platforma yaradır. Misir sammiti də məhz bu mənada beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi. Sammitdə iştirak edən ölkələrin sayı çox olmasa da, dünyanın mühüm geosiyasi oyunçularının orada təmsil olunması böyük siyasi hadisədir. Bu, ölkəmizin beynəlxalq aləmdə qazandığı etimadın, balanslı və müstəqil xarici siyasət kursunun nəticəsidir”.
A.Həsənova əlavə edib ki, Azərbaycan bütün beynəlxalq münaqişələrdə ədalət prinsipini əsas tutaraq, ikili standartlara qarşı çıxır:
“Azərbaycanın Qəzza məsələsinə münasibəti də bu prinsipial mövqenin davamıdır. Bakı həm İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi sənədləri dəstəkləyib, həm də BMT Baş Assambleyasında Fələstin dövlətinin tanınması ilə bağlı qətnamənin lehinə səs verib. Bu, beynəlxalq hüquqa, xalqların öz müqəddəratını təyin etmə prinsipinə sadiqliyin ifadəsidir. Xüsusilə “Nyu-York Bəyannaməsi” zamanı Azərbaycanın Fələstin xalqının yanında çıxış etməsi ölkəmizin qlobal ədalət və sülh gündəminin fəal iştirakçısı olduğunu bir daha göstərdi”.
Deputat qeyd edib ki, Azərbaycanın bu məsələdə tutduğu mövqe həm ABŞ, həm Türkiyə, həm də Misir kimi mühüm tərəfdaş dövlətlər tərəfindən yüksək qiymətləndirilib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sammitdə iştirakı regionda sülh və əməkdaşlıq istiqamətində Azərbaycanın töhfə verməyə hazır olduğunu bir daha nümayiş etdirir:
“Azərbaycan artıq regional güc mərkəzi olmaqla yanaşı, beynəlxalq sülh təşəbbüslərində də etibarlı tərəfdaş kimi çıxış edir. Bu, dövlətimizin prinsipial və uzaqgörən siyasətinin nəticəsidir”.