Zəngilan layihələri – Azərbaycanın strateji baxışının göstəricisi

14:44 - 20 Oktyabr 2025

Zəngilan layihələri – Azərbaycanın strateji baxışının göstəricisi

"20 oktyabr – Zəngilan şəhəri günü bu qədim yurdun azadlığı, yenidən dirçəlişi və dövlətimizin ərazi bütövlüyünün bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir. Zəngilanda həyata keçirilən layihələr Azərbaycanın gələcəyə hesablanmış strateji baxışının və “Böyük Qayıdış” konsepsiyasının real təzahürüdür. Bu, sadəcə bərpa deyil, yeni bir inkişaf modelinin tətbiqidir – müasir texnologiyalara, ekoloji dəyərlərə və sosial rifaha əsaslanan dayanıqlı həyat məkanıdır". 


Bu sözləri  Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. 

O diqqətə çatdırıb ki, Zəngilanın tarixinə qısa ekskurs edərək qeyd edə bilərik ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra bölgədə yeni inzibati idarəetmə sistemi yaradıldı:

"Həmin bölgüyə əsasən, Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilərək, tərkibinə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın kimi mühüm yaşayış məntəqələri daxil edildi. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin birbaşa dəstəyi ilə ermənilər tarixi Azərbaycan torpaqlarını özlərinə birləşdirmək üçün fəaliyyətə başladılar. Bolşevik Rusiyasının təkidi ilə Zəngəzur qəzası parçalandı, onun yuxarı hissəsi –  Gorus, Sisyan, Qafan rayonları və Meğri rayonunun bir hissəsi Ermənistana verildi, aşağı hissəsi – Laçın, Qubadlı və Zəngilan isə Azərbaycanda saxlanıldı.

Zəngilan rayonu təbiət baxımından olduqca zəngindir. Ərazidə çöküntü süxurları ilə yanaşı, yura və təbaşir dövrlərinə aid vulkanik materiallar geniş yayılıb. Burada tikinti daşı, qara mərmər, qızıl yataqları və əhəng daşı kimi faydalı qazıntılar mövcuddur. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi mühüm çaylar keçir. Xüsusilə Bəsitçay qoruğu təbiət incisi kimi qorunur, nadir çinar meşələri ilə seçilir.

Zəngilan həm də milli və dini-tarixi abidələrlə zəngindir. Burada orta əsrlərə aid türbələr, qəbiristanlıqlar, karvansaralar və məscidlər xalqımızın mədəni yaddaşının bir parçasıdır. Coğrafi mövqeyi Zəngilanı regionun nəqliyyat, logistika və enerji layihələri baxımından mühüm strateji nöqtəyə çevirir. Sovet dövründə Zəngilan iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı yönümlü rayon olub. Ərazidə 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərib. Həmçinin rayonda 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı mövcud idi. Bu göstəricilər Zəngilanın nəqliyyat və iqtisadi inkişaf baxımından ölkənin ən mühüm bölgələrindən biri olduğunu sübut edir".

Millət vəkili bildirib ki, 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Füzuli və Cəbrayıl rayonlarını işğal etdikdən sonra Zəngilan tam mühasirədə qaldı: 

"Rayon sakinləri 67 gün ərzində düşmənlə amansız döyüşlər apardılar. 25-29 oktyabr 1993-cü il tarixlərində zəngilanlılar son ana qədər vuruşaraq, 235 nəfər şəhid və itkin verdilər. Döyüşlərin son mərhələsində əhali Araz çayını keçərək İran İslam Respublikasının ərazisinə sığınıb, sonradan Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Zəngilanın 27 illik işğalı dövründə erməni vandalları tərəfindən rayonun bütün maddi-mədəni irsi talan edildi, tarixi və dini abidələr yerlə-yeksan olundu. Qədim məscidlər, türbələr, pirlər, karvansaralar, körpülər, qəbiristanlıqlar və yaşayış yerləri dağıdıldı, bu abidələrin çoxu tamamilə məhv edildi.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində tarixə qızıl hərflərlə yazıldı. Cəbrayıl istiqamətində düşmənə vurulan ağır zərbələr nəticəsində ordumuz Zəngilan rayonunun inzibati hüdudlarına yaxınlaşdı. 18 oktyabr 2020-ci ildə Zəngilanın azad edilməsi uğrunda əməliyyat başlandı və 20 oktyabrda Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin azad edildiyini elan etdi. Bu döyüşlər nəticəsində Zəngilan şəhəri, 4 qəsəbə və 49 kənd düşməndən təmizləndi. Bu, yalnız hərbi qələbə deyil, həm də 27 illik ədalətsizliyin, işğal ağrısının bitməsi demək idi. Zəngilanın azad olunması ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə 132 kilometrlik dövlət sərhədi tam bərpa edildi. Bu, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi və regionda yeni geosiyasi reallıqların formalaşması baxımından tarixi hadisə idi". 

Deputatın sözlərinə görə, Zəngilan rayonunun azad olunmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəyə etdiyi çoxsaylı səfərlər Zəngilanın sosial-iqtisadi dirçəlişinin əsasını qoyub:

"Prezident İlham Əliyev 23 dekabr 2020-ci ildə Zəngilan şəhərinə ilk səfəri zamanı Azərbaycan bayrağını ucaldaraq, işğaldan azad olunmuş torpaqlarda bərpa dövrünün başlanğıcını elan etdi. Azərbaycanın azad edilmiş torpaqlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Vətən müharibəsindən sonrakı dövrün mühüm mərhələsini təşkil edir. Bu prosesin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyatın bərpası, infrastrukturun yenilənməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. “Böyük Qayıdış” adlanan bu strateji proqram çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın dövlətçilik iradəsini, sosial-iqtisadi qüdrətini və milli birliyini nümayiş etdirir. Bu baxımdan Zəngilan rayonu xüsusi əhəmiyyət daşıyır. Məhz bu rayonda “Böyük Qayıdış”ın birinci pilot layihəsi — Ağalı “ağıllı kənd”i icra edildi. Bu layihə Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində yeni bir mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Ağalı “ağıllı kənd” layihəsi dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. Burada həm sosial, həm iqtisadi, həm də ekoloji baxımdan müasir yanaşmalar tətbiq olunub. Kənddə 200 fərdi ev, məktəb, bağça, tibb məntəqəsi, “ASAN xidmət” və “DOST” mərkəzləri, ictimai iaşə və biznes obyektləri fəaliyyət göstərir. 2022-ci ilin may ayından etibarən Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarına köçürülüb. Ümumilikdə 175 ailə  məskunlaşdırılıb, onların hər biri peşə ixtisasına və bacarıqlarına uyğun işlə təmin edilib. Bu ailələr dövlət və özəl sektorda – tikinti, xidmət, istehsalat və təhsil sahələrində çalışırlar. Layihənin əsas məqsədi təkcə evlərin inşası deyil, həm də müasir həyat tərzini formalaşdırmaqdır. Kəndin idarəetmə sistemi tam avtomatlaşdırılıb, enerji, su, rabitə və təhlükəsizlik xidmətləri “ağıllı idarəetmə” prinsipi ilə tənzimlənir. Zəngilan rayonunda həyata keçirilən bərpa və quruculuq işləri yalnız kəndlərlə məhdudlaşmır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiq edilib. Bu sənəd şəhərin gələcək inkişafını kompleks şəkildə müəyyənləşdirir — müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış massivlərinin yaradılması, sənaye zonalarının təşkili, nəqliyyat və kommunikasiya infrastrukturunun qurulması, ekoloji balansın qorunması əsas prioritetlər sırasındadır".

Deputat qeyd edib ki, Zəngilan rayonu strateji coğrafi mövqeyinə, zəngin təbii ehtiyatlarına və mühüm nəqliyyat qovşaqları üzərində yerləşməsinə görə Azərbaycanın bərpa və inkişaf proqramlarında xüsusi yer tutur:

"İşğaldan azad olunduqdan sonra bu ərazidə aparılan quruculuq işləri həm Qarabağın iqtisadi xəritəsini yenidən formalaşdırır, həm də regionun beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin edir. Zəngilan rayonunun mühüm üstünlüklərindən biri onun nəqliyyat dəhlizləri üzərində yerləşməsidir. Burada tikilən Zəngilan Beynəlxalq Hava Limanı regionun inkişafı baxımından strateji əhəmiyyətə malikdir. Hava limanı ICAO və IATA standartlarına tam cavab verir və genişgövdəli yük təyyarələrinin qəbulu üçün nəzərdə tutulub. Bu strateji obyekt təkcə Zəngilanın deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur bölgəsinin hava nəqliyyatı infrastrukturunu gücləndirir, həmçinin Zəngəzur dəhlizinin hava komponentini formalaşdırır. Zəngilanı ölkənin digər bölgələri ilə birləşdirən Horadiz–Zəngilan–Ağbənd dəmir yoluZəngilan–Horadiz avtomobil yolu da böyük strateji əhəmiyyət daşıyır. 124 kilometr uzunluğunda olan avtomobil yolunun illik buraxılış gücü 15 milyon ton təşkil edir. Bu yolun istifadəyə verilməsi Naxçıvana və Türkiyəyə birbaşa çıxış imkanı yaradacaq. Zəngilan bu gün yalnız bərpa olunan bir bölgə deyil, eyni zamanda Cənubi Qafqazda yeni iqtisadi, nəqliyyat və ekoloji inkişaf modelinin mərkəzinə çevrilir". 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az