“Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz”.
Manset.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Baş nazirin birinci müavini Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edərkən söyləyib.
“Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim”, - dövlət başçısı əlavə edib.