25 oktyabr tarixi Azərbaycan
tarixində xüsusi bir yer tutur. Bu gün qəhrəmanlıq, qürur və qələbə rəmzi, Qubadlının
işğaldan azad olunduğu gündür.
1988-ci ildən başlayaraq
Qubadlı rayonuna Ermənistan tərəfindən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə
qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü il
avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. Qubadlı
rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, nəticədə
minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
İşğal nəticəsində
rayondan minlərlə məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində
müvəqqəti məskunlaşmışdır. Yüzlərlə yaşayış məntəqəsi, fərdi yaşayış evləri,
inzibati binalar, sosial və mədəniyyət obyektləri, məscidlər, körpülər erməni
işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bundan
başqa kənd təsərrüfatı obyeklərinin, avtomobil yollarının, su anbarları və
magistral su xətlərinin, eləcə də elektrik xətləri və magistral qaz boru xətlərinin
tamamilə dağıdılması ermənilərin təcavüzkar və vandal xarakterli olduğunu bir
daha nümayiş etdirmişdir.
Bütün bunlara baxmayaraq,
27 il ərzində Qubadlı sakinləri doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt
itirmədilər. Nəhayət, 2020-ci ilin Vətən müharibəsi zamanı bu arzu reallığa
çevrildi.
2020-ci ilin 25
oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu Qarabağda parlaq zəfərlər silsiləsini davam etdirərək, Qubadlı şəhərini
erməni işğalından azad etmişdir.
Qubadlı əməliyyatı xüsusi
peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı
göstərərək, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürmüş, ətrafda yerləşən
kəndləri, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər
ələ keçirmişdir. Sonda isə sonra oktyabrın 25-də Azərbaycan Ordusu şəhəri düşməndən
tam təmizlədi.
Qubadlının azadlığı Azərbaycanın
ərazi bütövlüyünün bərpası yolunda mühüm addımlardan biri idi. Qəhrəman əsgərlərimizin
igidliyi, xalqımızın birliyi və dövlətimizin gücü sayəsində Qubadlıda üçrəngli
bayrağımız qürurla dalğalanmağa başladı.
Azərbaycan
Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının
azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin, Prezident
İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməklə,
sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən edilmişdir.
Bu gün Qubadlıda yenidənqurma
və bərpa işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələr, yollar, məktəblər,
xəstəxanalar və müasir yaşayış məhəllələri inşa olunur. Məqsəd, doğma Qubadlını
daha da gözəl, müasir və abad bir şəhərə çevirməkdir.
2040-cı ilə qədər şəhərin
və rayondaxili infrastrukturun dirçəldilməsi və inkişafı planlanır. Rayonun
meliorasiya və su-idarəetmə kompleksinin yenidən bərpası da prioritetdir. Rayondakı bütün yaşayış məntəqələri üçün
suvarma sistemləri və yeni su mənbələri tədqiq edilir.
Qəsəbələrdən biri olan Zilanli
kəndi 80 hektar sahəni əhatə edir və burada yerli materiallardan istifadə edilərək modern
memarlıqla yerləşmə nəzərdə tutulmuşdur. Bundan başqa, mədəni obyektlər,
inzibati binalar, məktəblər, qəsəbə meydanları üçün layihələr hazırlanır, həmçinin
“Rayon Mədəniyyət Mərkəzi” və müzey kompleksinin layihəsi mövcuddur. 2025-ci
ildə rayonda «Rebuild Karabakh – 2025» sərgisi çərçivəsində bərpa layihələri təqdim
edilmiş, ictimai dəstək və ianə mexanizmləri genişləndirilmişdir.
Perspektivdə rayonda
ekoturizm, kənd təsərrüfatı, azaldılmış su itkisi ilə yeni suvarma
texnologiyaları kimi sahələrin inkişaf etdirilməsi planlanır. Əhalinin geri
qayıdışı, mənzil mövcudluğu, sosial infrastrukturun işə salınması kimi sahələrdə
isə zaman tələb olunur.
Bir sözlə, Qubadli rayonu
işğaldan azad edildikdən sonra yenidənqurma, inkişaf və gələcək üçün
transformasiya mərhələsindədir. İnfrastrukturdan tutmuş şəhərsalma planına,
suvarma sistemlərindən mədəni obyektlərin bərpasına qədər çoxşaxəli işlər
aparılır. Yeni inkişaf modeli “dayanıqlı, yaşanılabilir, təbiətlə uzlaşan”
prinsipləri üzərində qurulur.
Bu gün xalqımız qürurla 25
oktyabr tarixini Qubadlı şəhəri günü kimi qeyd edir və bu gün təkcə bir şəhərin
azad olunmasının deyil, həm də xalqımızın iradəsinin, vətən sevgisinin və qəhrəmanlığının
təntənəsidir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı