"Partiyanın qurultayında dava düşməyib. Sadəcə olaraq oğlum qurultayın gedişini pozdu, reqlamentə zidd getdi, özü haqqında tərif deyib başqa namizədin və partiyanın ünvanına xoşagəlməz sözlər işlətdi, ona görə də qurultayda fasilə elan olundu".
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, partiya sədrliyinə əlavə üç nəfərin də namizədliyi irəli sürülüb:
"Sadəcə özünün namizədliyinin alternativsiz olduğunu dilə gətirir. Digər namizədlərin də hüquqlarının pozulduğunu gördüm. Bu da qurultayın ümumi gedişinə və prinsiplərinə uyğun gəlmədi. Vəziyyətin də xoşagəlməz istiqamətdə irəlilədiyini görərək qurultayda fasilə elan etdim. Yəni qurultay qeyri-müəyyən müddətə qədər fasilədədir və heç bir namizəd partiya sədri seçilməyib".
***
14:12
Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, Qurultayda Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb.
Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib.
Faktı Elçin Ağamalı da təsdiq edib:
“Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”.