Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında etdiyi
çıxış həm məzmun, həm istiqamət, həm də gələcəyə baxışı ilə çox mühüm sənəddir.
Bu çıxışda dövlət başçısı həm keçmişi xatırlatdı, həm bu günün nailiyyətlərini
vurğuladı, həm də gələcək inkişafın əsas strateji istiqamətlərini göstərdi. Dövlət
başçısının çıxışındakı hər bir fikir elmin, texnologiyanın, milli iqtisadiyyatın,
mədəniyyətin və dövlətçilik düşüncəsinin bir-birinə bağlı olduğunu sübut edir.
Prezident çıxışının əvvəlində
vurğuladı ki, Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində böyük yol keçib,
ölkənin elmi və intellektual inkişafında mühüm rol oynayıb. Müxtəlif dövrlərdə,
fərqli ictimai-siyasi sistemlərdə yaşasaq da, Azərbaycan heç vaxt elmini diqqətdən
kənarda qoymayıb. Bu, dövlətçilik düşüncəsinin mərkəzində bilik və elmi təfəkkürün
dayanmasından xəbər verir.
Prezident çıxışında
Ulu Öndər Heydər Əliyevin elmin inkişafına göstərdiyi diqqəti xüsusi olaraq
vurğuladı. 1970-ci illərdə məhz Ulu Öndərin təşəbbüsü ilə Akademiyanın
strukturu təkmilləşdirilib, yeni tədqiqat institutları yaradılıb, elmi
kadrların hazırlanması üçün böyük vəsait ayrılıb. Minlərlə azərbaycanlı gəncin
o dövrdə Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilməsi bu günün elmi
kadr potensialının əsasını qoyub.
Bu siyasət müstəqillik
illərində də davam etdirilib, artıq Azərbaycan gəncləri dünyanın ən qabaqcıl
universitetlərində təhsil alaraq vətənə qayıdır, ölkənin inkişafına bilavasitə
töhfə verirlər. Bu, elmin nəsillərarası davamlılığını təmin edən ən vacib
amildir.
Prezidentin “Azərbaycan
alimləri bundan sonra da ölkənin uğurlu inkişafına öz töhfələrini verəcəklər”
fikri həm motivasiyaedici, həm də real əsasa malikdir. Bu gün gənc alimlər üçün
yaradılan təqaüdlər, qrantlar, beynəlxalq proqramlar göstərir ki, dövlət bu sahəyə
strateji baxır.
Həmçinin, cənab
Prezident çıxışı zamanı onu da xatırlatdı ki, müstəqilliyin ilk illəri çox ağır
keçib, ölkə həm iqtisadi, həm də sosial böhran içində olub. Bu dövrdə məhz Ulu
Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmaqla ölkəni böhrandan
çıxardı və onun inkişafını təmin etdi. O dövrdə xəzinə boş, resurslar məhdud
olsa da, dövlət elmdən imtina etmədi. Bu, dövlətin strateji düşüncəsinin
sübutudur. Uzunmüddətli vədədə dövlətin inkişaf və tərəqqiyə nail olması və
güclü olması üçün elmin dirçəldilməsi vacibdir.
Son on ildə Azərbaycan
elminə ayrılan maliyyə vəsaiti iki dəfədən çox artıb. Akademiyanın binaları
yenidən qurulub, laboratoriyalar müasirləşdirilib, elmi kitabxana və Milli
Ensiklopediya üçün yeni binalar inşa edilib.
Prezidentin qeyd
etdiyi kimi, 2009-cu ildə yaradılan Elm Fondu alimlər üçün qrant imkanlarını
genişləndirib, elmi layihələrin dəstəklənməsinə şərait yaradıb. “Elm haqqında”
qanun, Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramları elmin idarə
edilməsində sistemli çərçivə formalaşdırıb. Bu islahatlar nəticəsində Azərbaycan
elmi yalnız daxili deyil, beynəlxalq miqyasda da rəqabətə çıxıb.
Dövlət başçısı eyni
zamanda onu da xatırlatdı ki, on il əvvəl Akademiyanın 70 illiyində o, elmin
inkişafına dair hədəflər qoymuşdu. Bu gün həmin məqsədlər reallaşmaqla yanaşı,
Azərbaycan özünün müstəqilliyi tarixində ən parlaq qələbəsini də əldə edib.
Torpaqlarımız azad olunub, suverenliyimiz tam bərpa edilib. Prezident haqlı
olaraq dedi ki, “bizim qədər parlaq və tam qələbə qazanan ikinci ölkə olmayıb”.
Bu Qələbə elmin və texnologiyanın da gücü ilə təmin olunub, çünki müasir
müharibələrdə yüksək bilik, texnologiya və informasiya üstünlüyü həlledici rol
oynayır.
Texnlloji inkişafın
vacibliyinə diqqət yetirən Prezident İlham Əliyev çıxışında texnoloji inkişafın
dövlətin əsas prioriteti olduğunu bildirdi. O, vurğuladı ki, bu gün hər bir ölkənin
iqtisadi və təhlükəsizlik gücü onun texnoloji imkanlarından asılıdır. Azərbaycan
alimləri bu istiqamətdə ön sırada olmalı, müasir tələblərə uyğun yeniliklər irəli
sürməlidirlər. Dövlət isə onların fəaliyyətinə maddi və təşkilati dəstək verməlidir.
Beləliklə, elmi biliklə iqtisadi artım arasında möhkəm körpü yaradılmalıdır.
Prezident çox mühüm
bir fikri dilə gətirdi: “Tükənməz sərvət intellektual potensialdır, amma yalnız
ona sərmayə qoyularsa.” Bu, Azərbaycanın gələcək strategiyasının mahiyyətini
ifadə edir. Təbii sərvətlər bir gün tükənə bilər, lakin elmə, təhsilə və gənclərə
qoyulan sərmayə əbədi dəyər yaradır. Bu gün dövlətin əsas vəzifəsi insan
kapitalını inkişaf etdirmək, gənc beyinlər üçün imkanlar açmaq, elm və
texnologiya arasında əlaqəni gücləndirməkdir.
Prezident İlham
Əliyev çıxışı zamanı həmçinin qeyd etdi ki, on il əvvəl süni intellekt anlayışı
az tanınırdı, amma bu gün o ölkələrin inkişafının ayrılmaz hissəsinə çevrilib.
Azərbaycan bu sahədə geri qalmamalı, süni intellekt texnologiyalarını
iqtisadiyyatın və idarəçiliyin bütün sahələrində tətbiq etməlidir.
Rəqəmsallaşma da
artıq dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Rəqəmsallaşmış sahələrdə
işin keyfiyyəti və səmərəsi yüksəlir. Bu səbəbdən Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin yaradılması müasir dövrün tələblərinə tam uyğundur. Prezident
alimləri bu sahəyə daha fəal qoşulmağa çağırdı.
Çıxış zamanı o da
aydın oldu ki, Kibertəhlükəsizlik sahəsində atılan addımlar da Prezidentin
xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı qeyd etdi ki, bu məsələ yalnız
virtual təhlükəsizlik deyil, həm də hər bir ölkənin real müdafiə sisteminin tərkib
hissəsidir. Azərbaycan bu sahədə böyük təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlıq
edir və özünü qorumaq üçün geniş proqramlar həyata keçirir. Alimlər və mütəxəssislər
bu istiqamətdə dövlətlə birgə işləməli, həm müdafiə, həm də cavabvermə
imkanlarını gücləndirməlidirlər.
Prezident çıxışında
həm də qeyd etdi ki, artıq Azərbaycan hərbi sənaye sahəsində böyük irəliləyiş əldə
edib. Dövlət və özəl sektor bu sahədə sıx əməkdaşlıq edir. Özəl şirkətlərin bu
prosesə cəlb olunması rəqabəti artırır, innovasiyaları sürətləndirir.
Bu gün Azərbaycan bir
çox ölkələrə hərbi təyinatlı məhsullar ixrac edir və pilotsuz uçuş aparatlarını
öz istehsalı ilə təmin edir. Bu həm iqtisadi, həm texnoloji, həm də strateji
baxımdan çox mühüm hadisədir. Prezident alimləri bu istiqamətdə də aktiv fəaliyyətə
səslədi.
Dövlət başçısı
bildirdi ki, elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır. Əldə edilən elmi
nəticələr yalnız kitab səhifələrində qalmamalı, praktiki həyatda və istehsalatda
tətbiq edilməlidir. Bu məqsədlə dövlət qurumlarına alimlərlə daha sıx əməkdaşlıq
etmək tapşırığı verildi. Bu, ölkədə innovasiya iqtisadiyyatının formalaşmasına,
yeni texnologiyaların və məhsulların yaranmasına xidmət edəcək.
Qeyri-neft
sektorunun inkişafına da diqqət yetirən Prezident İlham Əliyev qeyd etdi ki, bu
gün Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir. Neft hasilatının azalması
ümumi daxili məhsula təsir etsə də, qeyri-neft sektoru iqtisadiyyatın əsas hərəkətverici
qüvvəsinə çevrilib.
Xarici borcumuzun
çox aşağı səviyyədə olması, valyuta ehtiyatlarımızın 80 milyard ABŞ dollarını
keçməsi, iqtisadi sabitlik və dayanıqlılıq ölkəmizin tam müstəqil iqtisadi
siyasət yürütməsinə imkan verir. Bu da elmin və texnologiyanın inkişafına
maliyyə təminatı yaradır.
Tarix, milli kimlik
və dilin qorunmasına xüsusi diqqət yetirən Prezident İlham Əliyev çıxışında
tarixi həqiqətlərin təhrifinə qarşı elmi faktlarla cavab verməyin vacibliyini
vurğuladı. Azərbaycan xalqının tarixən və indiki dövrdə də böyük coğrafiyada
yaşadığını və hazırkı dövrdə də bizim hüdudlarımızın o tayında hər istiqamət
üzrə Azərbaycan əhalisinin yaşadığını vurğulayan Prezident İlham Əliyev azərbaycanlı
əhalinin Ermənistandan qovulmasına diqqət çəkdi, amma əminliyini də ifadə etdi
ki, azərbaycanlı əhali o torpaqlarda yenə də yaşayacaq. Dövlət başçısı qeyd
etdi ki, biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki,
orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları
ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt
separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə
töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç
bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların
indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən
bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza
qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq.
Azərbaycan alimlərinin
bu istiqamətdə bir çox elmi əsərlər ərsəyə gətirdiyini vurğulayan Prezident
İlham Əliyev qeyd etdi ki, bu əsərlərin sayı daha çox olmalıdır, elmi əsərlər,
sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi istiqamətində işlər
davam etdirilməlidir. Dövlət başçısı qeyd etdi ki, təkcə XX əsrin əvvəllərində
çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs
görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan
mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə
gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini
tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq
eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri
İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki,
burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə
əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik.
Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki,
həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti
bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli
və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə
əlbəttə ki, əlavə addımlara ehtiyac var.
Artıq 30 ildən
çoxdur ki, Azərbaycanın müstəqil dövlət kimi yaşadığını və Azərbaycan xalqının
çoxəsrlik dövlətçilik tarixində Azərbaycanın bugünkü qədər güclü olmadığını
xüsusi olaraq vurğulayan dövlət başçısı müstəqil Azərbaycanın tarixini tədqiq
edən, təbliğ edən bir çox sanballı əsərlərə böyük ehtiyac olduğunu da
vurğuladı. Dövlət quruculuğu, iqtisadi və sosial dəyişikliklər, qazandığımız
böyük tarixi Zəfər, əldə etdiyimiz diplomatik uğurlar bu tədqiqatların əsas
mövzusu olmalıdır.
Prezident İlham
Əliyevin çıxışında Azərbaycan dilinin saflığının qorunması məsələsi də xüsusi
olaraq vurğulandı. Prezident vurğuladı ki, dil milli kimliyin əsas dayağıdır və
hər bir vətəndaş onun təmizliyinə məsuliyyətlə yanaşmalıdır. Xarici sözlərin
yersiz istifadəsi milli dilə zərər vurur, buna görə alimlər, müəllimlər və
media nümayəndələri bu istiqamətdə birlikdə çalışmalıdırlar.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi yığıncağındakı çıxışı elmin, texnologiyanın, tarix və mədəniyyətin, iqtisadiyyatın və milli kimliyin vahid ideya ətrafında birləşdiyini göstərir. Burada əsas fikir budur: Azərbaycanın gələcəyi intellektual potensiala, texnoloji yeniliyə, elmi düşüncəyə və milli dəyərlərin qorunmasına əsaslanmalıdır. Prezident İlham Əliyevin bu çıxışı, həmçinin Azərbaycan alimləri üçün strateji proqram xarakteri daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan alimlərinin əldə eydiyi elmi biliklər cəmiyyətə, iqtisadiyyata və dövlətə fayda verməli, xalqın rifahına və tərəqqisinə xidmət etməlidir. Ali məqsəd güclü, müasir və dinamik inkişaf edən Azərbaycana bu yolda xidmət etmək və töhfə vermək olmalıdır.
Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru