"Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsbit edilib. Bu, dövlətimizin rəmzinə – azadlıq, milli kimlik və müstəqilliyin simvoluna göstərilən ən yüksək ehtiramın ifadəsidir".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır:
"Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Üçrəngli bayrağımızın rəngləri böyük mənalar daşıyır. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağına dövlət statusunun qaytarılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi o, bu bayrağı Naxçıvanın Dövlət Bayrağı elan etdi. Naxçıvanda başlayan bu təşəbbüs 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dəstəkləndi və üçrəngli bayraq rəsmi şəkildə Dövlət Bayrağı elan edildi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun bütün dövlət rəmzlərini – o cümlədən bayrağını bərpa etdi".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir:
"2010-cu il sentyabrın 1-də Dövlət bayrağı meydanının açılışı baş tutub. Meydanda yerləşən Dövlət Bayrağı Muzeyində Azərbaycan dövlətçiliyinin tarixi, qədim və müasir dövlət bayraqları, eləcə də milli müstəqillik uğrunda mübarizəni əks etdirən 400-dən artıq eksponat nümayiş olunur. 2024-cü il noyabrın 8-də yenidən açılan Dövlət Bayrağı Meydanında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli Azərbaycan bayrağını ucaltdı. Həmin tarixdən etibarən dünyanın ən böyük bayrağı bu möhtəşəm məkanda dalğalanır. Təmir-bərpa işlərindən sonra müasir üslubda yenidən qurulan Dövlət Bayrağı Muzeyi də fəaliyyətə başladı. Muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” adlı ekspozisiya ziyarətçilərin diqqətinə təqdim edilir. Dövlət Bayrağı Meydanı bu gün Azərbaycan xalqının milli qürurunun, azadlıq və müstəqillik rəmzinin canlı təcəssümünə çevrilib. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmətlə yanaşmalıdır. Bayraq təkcə rəsmi atribut deyil, milli həmrəyliyin, azərbaycançılıq ideyasının, xalqın birliyinin təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə yox, hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”
Millət vəkilinin sözlərinə görə, üçrəngli bayrağımız təkcə bir dövlət simvolu deyil, həm də qələbənin, milli kimliyin və sabaha olan inamın rəmzidir:
"Dövlət Bayrağımız işğaldan azad edilmiş bütün suveren torpaqlarımız üzərində dalğalanaraq xalqımızın əzmini, mübarizliyini və vətənpərvərliyini əks etdirir. Azərbaycanın başı üzərində dalğalanan bu müqəddəs bayraq müstəqilliyimizin əbədiliyini və xalqımızın birliyini təcəssüm etdirir".