Azərbaycan Respublikasının Konstitusiyası
xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, müasir hüquqi düşüncənin və
azadlıq iradəsinin sintezindən yaranan fundamental sənəddir. O yalnız hüquqi
akt deyil, həm də Azərbaycan xalqının milli kimliyinin, dövlət suverenliyinin və
siyasi müdrikliyin təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək:
“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək,
bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks
etdirir.” Bu dərin məzmunlu fikir konstitusiyanın mahiyyətini aydın şəkildə
ifadə edir. Konstitusiya xalqın iradəsinin hüquqi formaya salınmış ifadəsidir.
Azərbaycanın konstitusiya tarixinin kökləri XX əsrin
əvvəllərinə gedib çıxır. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə
ilk demokratik respublika kimi mühüm tarixi hadisə idi, lakin cümhuriyyət cəmi
23 ay mövcud olduğundan dövlətin əsas qanununu qəbul etməyə imkan tapmadı. Buna
görə də Azərbaycanın Konstitusiya quruluşu sovet hakimiyyəti illərində
formalaşmağa başladı.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın
19-da I ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edildi. SSRİ-nin
yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV ümum-Azərbaycan Sovetlər
Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu. 1927-ci il
martın 26-da V ümum-Azərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni
Konstitusiyası təsdiq edildi. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul
edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX ümum-Azərbaycan Sovetlər
Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə mindi.
1978-ci ildə qəbul edilən sonuncu Azərbaycan SSR
Konstitusiyası isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mühüm tarixi addım
kimi Azərbaycan dilinin dövlət dili statusunun təsbitini təmin etdi. Bu milli
şüurun dirçəlişinə və gələcək müstəqilliyin ideya əsaslarının formalaşmasına
güclü təkan verdi.
SSRİ-nin süqutundan sonra 1991-ci ildə qəbul edilən
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı
yeni bir tarixin başlanğıcı oldu. Konstitusiya Aktında yeni Konstitusiyanın
hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə ölkədə yaranmış siyasi
böhran, idarəetmədəki xaos və anarxiya dövlətin hüquqi əsaslarını
formalaşdırmağa imkan vermədi. Məhz bu dövrdə xalqın tələbi ilə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı siyasi parçalanmadan xilas etdi və
hüquqi dövlət quruculuğu prosesinə rəhbərlik etdi. Məhz Ulu Öndərin təşəbbüsü və
rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı, yeni, müasir prinsiplərə əsaslanan
dövlət modelinin hüquqi bazası kimi Konstitusiya layihəsi hazırlanaraq 1995-ci
il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi. Referendumda seçicilərin
86 faizi iştirak etdi, onların 91,9 faizi yeni Konstitusiyanın lehinə səs
verdi. Bununla da Azərbaycan müasir hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğunun yeni mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, “Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış
Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə,
xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə
söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl
yaratmışdır.”
Konstitusiya qəbul olunduqdan sonra Azərbaycan
Respublikasında hakimiyyət bölgüsünün
qanunvericilik, icra və məhkəmə hakimiyyəti prinsipləri təsbit edildi,
insan hüquq və azadlıqları dövlətin ali dəyəri kimi qəbul olundu. Əsas Qanun həm
də iqtisadi münasibətlərin bazar iqtisadiyyatı prinsipləri əsasında
formalaşmasına hüquqi zəmin yaratdı, mülkiyyətin toxunulmazlığı, sahibkarlığın
azadlığı kimi fundamental prinsiplər təsbit edildi. Bu, Azərbaycanın
sosial-iqtisadi inkişafının hüquqi təminatını yaratdı və müstəqil dövlətin
formalaşması prosesini sabitləşdirdi.
Konstitusiyamızda insan hüquq və azadlıqlarına
xüsusi yer verilib. Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquqları və
onların təminatına həsr edilib. Burada dilindən, dinindən, irqindən və sosial mənşəyindən
asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlu olduğu təsbit edilib. Bu
müddəalar həm beynəlxalq hüququn tələblərinə, həm də Azərbaycan xalqının ədalət
və bərabərlik dəyərlərinə söykənir. Demokratik hüquqların qorunması və vətəndaşların
dövlət idarəçiliyində iştirak hüququ ölkədə vətəndaş cəmiyyətinin inkişafına
geniş imkanlar açıb.
Konstitusiyanın qəbulundan sonra hüquqi dövlət
quruculuğunun vacib mərhələlərindən biri də Konstitusiya Məhkəməsinin
yaradılması oldu. 1997-ci ildə qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında”
Qanun və 1998-ci ildə bu orqanın fəaliyyətə başlaması hüquqi sistemin təkmilləşdirilməsi
baxımından mühüm hadisə idi. Konstitusiya Məhkəməsi qanunvericiliyin
Konstitusiyaya uyğunluğuna nəzarət etməklə, vətəndaşların hüquqlarının
qorunmasına, dövlət hakimiyyətinin hüquqi əsaslar üzərində fəaliyyət göstərməsinə
təminat verir. Bu, hüquq sisteminin sabitliyini və qanunun aliliyini qoruyan
mühüm mexanizmdir.
Azərbaycan Respublikasının Konstitusiyası statik sənəd
deyil, inkişaf edən, cəmiyyətin dinamikasına uyğunlaşan canlı hüquqi sistemdir.
2002-ci, 2009-cu və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində
Konstitusiyada mühüm dəyişikliklər edildi. 2002-ci ildə dövlət idarəçiliyinin səmərəliliyinin
artırılması məqsədilə 24 maddəyə dəyişikliklər edildi. 2009-cu ildə edilən dəyişikliklər
vətəndaşların hüquq və azadlıqlarının təminatını genişləndirdi, siyasi
sabitliyin möhkəmlənməsinə xidmət etdi. 2016-cı ildə isə idarəetmənin müasir
çağırışlara uyğunlaşdırılması məqsədilə Konstitusiyanın 29 maddəsində 41 əlavə
və dəyişiklik edildi, o cümlədən Birinci vitse-prezidentlik institutu
yaradıldı. Bu yenilik dövlət idarəetmə sistemində çevik qərar qəbulunu təmin
etdi, icra hakimiyyətinin funksional strukturunu təkmilləşdirdi və milli idarəetmə
modelinin yeni mərhələsini formalaşdırdı.
Azərbaycan Respublikasının Konstitusiyası sabit və
davamlı inkişafın hüquqi bazasıdır. Onun prinsipləri əsasında həyata keçirilən
siyasi və iqtisadi islahatlar ölkəmizi regionda sabitlik adasına çevirib, müstəqillik
illərində əldə edilən bütün uğurların təməlini təşkil edib. Konstitusiya dövlətin
suverenliyini, ərazi bütövlüyünü və xalqın iradəsini qoruyaraq, qanunların
aliliyini təmin edən müasir dövlət idarəetmə sisteminin bünövrəsini qoyub.
Azərbaycanın dövlət müstəqilliyi dövründə
Konstitusiyanın prinsipləri daim praktikada öz təsdiqini tapıb. Xüsusilə
2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Konstitusiyanın
2-ci maddəsində təsbit olunmuş dövlətin ərazi bütövlüyü prinsipinin bərpası
anlamına gəlirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri
ilə bu proses tam yekunlaşdı və Konstitusiyanın hüquqi qüvvəsi bütün ərazilərimizdə
bərqərar oldu. Bu, Azərbaycan xalqının dövlətə sədaqətinin, orduya etimadının və
Konstitusiya ilə təsbit olunmuş milli suverenliyin real təminatıdır.
Məhz bu tarixi reallıqları nəzərə alaraq Prezident
İlham Əliyev 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il
“Konstitusiya və Suverenlik İli” elan etdi. Bu qərar həm Konstitusiyanın 30
illik yubileyinə, həm də müstəqil dövlətçiliyimizin suverenlik zəfərinə dərin mənəvi-siyasi
məna qazandırır. 2025-ci ildə təsis edilmiş “Azərbaycan Respublikası
Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı Konstitusiyanın
hazırlanması, təkmilləşdirilməsi və təbliğinə töhfə verən, qanunvericilik və
hüquq sisteminin inkişafında xidmətləri olan şəxslərin əməyinə dövlət səviyyəsində
verilən yüksək qiymətdir.
Azərbaycan Konstitusiyası bu gün də dövlətin sabit
inkişafının, demokratikləşmə prosesinin və hüquqi mədəniyyətin təməl sütunu
olaraq qalır. Onun dəyərləri müasir idarəetmə sistemində, sosial ədalət siyasətində
və beynəlxalq münasibətlərdə Azərbaycanın hüquqi-siyasi mövqeyini müəyyənləşdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Konstitusiyanın prinsiplərinə əsaslanaraq
hüquqi islahatları dərinləşdirib, vətəndaş hüquqlarının təminatını gücləndirib,
dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqini genişləndirib.
Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də
milli birliyin, vətəndaş həmrəyliyinin və dövlətçilik fəlsəfəsinin simvoludur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bu sənəd müstəqil Azərbaycanın
siyasi sabitliyini və inkişafını təmin edib və gələcək nəsillər üçün etibarlı
hüquqi bünövrə yaradıb. Onun ideyaları bu gün də Prezident İlham Əliyevin siyasətində
davam etdirilir. Azərbaycanın hüquqi və suveren dövlət kimi möhkəmlənməsi
Konstitusiyanın yaşarlığının və universallığının parlaq göstəricisidir.
Bu mənada, 2025-ci ildə qeyd edilməkdə olan Konstitusiyanın 30 illiyi təkcə hüquqi yubiley deyil, həm də müstəqil Azərbaycan dövlətinin siyasi, hüquqi və mənəvi qələbəsinin təntənəsidir. Konstitusiyamız bizim dövlətçilik fəlsəfəmizi, milli dəyərlərimizi və müasir dünyada yerimizi müəyyən edən ali istiqamətverici akt kimi əbədidir. Azərbaycan xalqı bu Konstitusiya ilə öz suverenliyini, hüququnu və gələcəyini qorumaqda qərarlıdır. Bu qərarlılıq keçmişin təcrübəsindən, bu günün gücündən və sabahın inamından doğur.
Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru