"Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çıxışı ölkədə aparılan yeni mərhələli kadr və struktur islahatlarının siyasi və mənəvi mahiyyətini əks etdirir".
Bu sözləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov Manset.az-a açıqlamasında deyib.
"Dövlət başçısı çıxışında rəhbər vəzifələrə təyin olunan şəxslərə böyük etimad göstərildiyini vurğulayaraq onların üzərinə düşən məsuliyyətin vəzifə borcuna çevrilməsinin vacibliyini qeyd etdi. Hər bir məmurun başlıca vəzifəsi xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır. Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalı, həm həyat tərzində, həm də davranışında dövlətin siyasətinə və cəmiyyətin dəyərlərinə uyğun davranmalıdır. Bəzi hallarda məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, təkəbbürlülük və korrupsiya hallarına yol verməsi cəmiyyətin etimadını sarsıdır və dövlətin nüfuzuna xələl gətirir. Prezident açıq şəkildə bəyan etdi ki, qanunsuz əməllərə yol verən hər bir şəxs qanun qarşısında cavab verəcək: “Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.”
Prezident İlham Əliyev qeyd etdi ki, son illərdə ölkənin bütün bölgələrində əsas infrastruktur layihələri uğurla başa çatdırılıb. Elektrik enerjisi, magistral və kənd yolları, içməli su, səhiyyə və təhsil müəssisələri üzrə görülən işlər regionların sosial-iqtisadi inkişafına yeni təkan verib. Prezident bu uğurların dövlət investisiya proqramlarının ardıcıl icrası nəticəsində mümkün olduğunu bildirdi. Bununla yanaşı, dövlət başçısı kənd yollarının və içməli su sistemlərinin yenilənməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi vurğuladı. Prezident çıxışında sosial ədalət prinsipini əsas fəaliyyət xətti kimi qiymətləndirdi: “Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir.” O, qeyd etdi ki, vaxtilə bəzi məmurların qanunsuz tapşırıqları və özbaşınalıqları səbəbindən yerlərdə proseslər mənfi istiqamət alıb, lakin aparılan kadr islahatları nəticəsində bu sahədə vəziyyət köklü şəkildə sağlamlaşdırılıb"".
Deputat qeyd edib ki, Prezident İlham Əliyev məşğulluq siyasətini də mühüm prioritetlərdən biri kimi göstərdi. Dövlətin sahibkarlığın inkişafına dəstək verdiyini, güzəştli kreditlər, özünüməşğulluq proqramları və yeni müəssisələrin yaradılması vasitəsilə bölgələrdə iş yerlərinin açıldığını vurğuladı.
"Bununla belə, bölgələrdən böyük şəhərlərə miqrasiyanın qarşısını almaq üçün yerli səviyyədə daha səmərəli addımlar atılmasının vacibliyini qeyd etdi. Çıxışında ekoloji məsələlərə də xüsusi diqqət yetirən Prezident İlham Əliyev bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində illər öncə müşahidə olunan ekoloji problemlər artıq aradan qaldırılıb, “Qara şəhər” “Ağ şəhərə” çevrilib. Dövlət başçısı bölgələrdə də təbiətin qorunması, qanunsuz fəaliyyətin və çay məcralarının dəyişdirilməsinin qarşısının alınması istiqamətində ciddi nəzarət mexanizmlərinin gücləndirilməsini tapşırdı.
Prezident İlham Əliyev yeni təyin olunan rəhbərlərə müraciət edərək bildirdi ki, onların əsas vəzifəsi xalqa xidmət, sosial ədalətin qorunması, şəffaf idarəetmə və yerlərdə insanların qayğıları ilə yaşamaq olmalıdır: “Əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.” Bu mövqe Prezident İlham Əliyevin rəhbərlik fəlsəfəsində xalqa xidmət, şəffaflıq və məsuliyyətli idarəetmə anlayışlarının mərkəzi yer tutan əsas prinsip olduğunu bir daha təsdiqlədi".