Yeni Azərbaycan Partiyası ümumxalq siyasi təşkilatı kimi formalaşaraq ölkənin siyasi sistemində xalqın milli maraqlarını, dövlətçilik mənafeyini və strateji hədəflərini ifadə edən etibarlı və güclü partiya statusu qazanıb.
Manset.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin son dərəcə həssas və təhlükəli mərhələsində – ölkənin dərin siyasi böhran, xaos və parçalanma təhlükəsi ilə üzləşdiyi bir dövrdə xalqın sözünü deməyə qadir ziyalıların təşəbbüsü ilə meydana gəlib.
Onun sözlərinə görə, YAP-ın yaranması təsadüfi deyil, tarixi zərurətdən doğan milli bir missiya idi.
“Partiyanın yaranması o dövrün ağır reallıqlarından irəli gəlirdi. Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi artıq reallığa çevrilmişdi, ölkədə siyasi hakimiyyət böhranı yaşanırdı, qeyri-qanuni silahlı dəstələr özbaşınalıq edirdi, iqtisadiyyat isə tamamilə çökmüş vəziyyətə düşmüşdü. Bu şəraitdə xalqı vahid ideya – azərbaycançılıq ideologiyası ətrafında birləşdirəcək, ölkəni uçurumdan çəkib çıxara biləcək güclü siyasi təşkilatın yaradılması həyati zərurət idi. Məhz belə bir məqamda ölkənin taleyini düşünən ziyalılar və ictimai-siyasi xadimlər Azərbaycanın xilası üçün yeni siyasi güc yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın etimad göstərdiyi dahi lider Heydər Əliyevin ətrafında birləşdilər”, – deyə A.Həsənova qeyd edib.
Deputatın sözlərinə görə, həmin dövrdə Azərbaycanın qarşısında duran problemlər yalnız peşəkar liderlik və aydın strateji hədəflərlə həll oluna bilərdi:
“Ölkədə siyasi anarxiyanı aradan qaldırmaq, separatçı qüvvələrin qarşısını almaq, sosial-iqtisadi böhranı dəf etmək, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək və ən əsası – erməni təcavüzünü dayandıraraq dövlətçiliyi qorumaq üçün güclü və sarsılmaz iradəyə malik təşkilat lazım idi”.
"Məhz bu obyektiv zərurət Yeni Azərbaycan Partiyasının yaranmasına gətirib çıxardı. 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkənin bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Onun rəhbərliyi ilə YAP qısa müddətdə təşkilatlanaraq geniş xalq kütlələrinin etimadını qazandı. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müstəqilliyin möhkəmlənməsi, dövlətçiliyin bərpası və ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələndi. Həmin dövrdə həyata keçirilən qətiyyətli addımlar sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və müharibədə uzunmüddətli atəşkəsə nail olundu", - deputat bildirib.
A.Həsənova əlavə edib ki, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilən III qurultayında partiyanın yeni sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçildi.
“Prezident İlham Əliyev partiyanın fəaliyyətinə yeni dinamizm, yeni siyasi yanaşma və müasir idarəçilik ruhu gətirdi. Bu gün YAP təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır. 2021-ci ilin martında keçirilmiş VII qurultayda partiyanın yeni Nizamnaməsi qəbul olundu, İdarə Heyətinin 40 nəfərlik tərkibi, 13 nəfərlik Təftiş Komissiyası və yeni yaradılan YAP Veteranlar Şurası təsdiq edildi”.
Deputat vurğulayıb ki, YAP-ın fəaliyyətində növbəti mərhələ artıq ölkənin bütün sahələrdə modernləşməsi ilə bağlıdır:
“Partiyamızın yaranmasının 33 illiyi tamam olur. Bu illər ərzində YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarından qaynaqlanan zəngin siyasi məktəbin daşıyıcısı kimi möhtəşəm inkişaf yolu keçib. Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətini Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun şəkildə qurur, müasir dövrün çağırışlarını diqqətdə saxlayır və ölkənin gələcək inkişafına ciddi töhfələr verir”.