"Müasir Azərbaycan dövlətinin siyasi inkişaf trayektoriyasının təhlili göstərir ki, ölkənin daxili sabitliyinin təmin edilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, milli təhlükəsizlik arxitekturasının yenidən qurulması və post-münaqişə mərhələsində keyfiyyətcə yeni inkişaf fazasına daxil olması birbaşa Prezident İlham Əliyevin formalaşdırdığı liderlik modeli ilə bağlıdır".
Bunu Manset.az-a Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə, bu liderlik modeli təkcə konkret
tarixi mərhələlərdə qəbul edilən siyasi qərarların və icra olunan institusional
islahatların məcmusu kimi deyil, dərin ideoloji, hüquqi, intellektual və
strateji əsaslara söykənən kompleks dövlətçilik konsepsiyası kimi
qiymətləndirilməlidir:
"Prezident
İlham Əliyevin siyasi kursunun əsas fərqləndirici xüsusiyyəti dövlət
idarəçiliyinin uzun müddət postsovet məkanında müşahidə edilən reaktiv,
situativ və böhran yönümlü yanaşmadan çıxarılaraq proaktiv, qabaqlayıcı və
strateji planlaşdırmaya əsaslanan institusional sistemə çevrilməsidir.
Dövlətçilik anlayışı bu liderlik fəlsəfəsində yalnız ərazi bütövlüyünün və
suverenliyin təmin edilməsi və qorunması və inzibati nəzarətin təmin edilməsi
ilə məhdudlaşmır; əksinə, sosial rifahın yüksəldilməsi, milli identikliyin
möhkəmləndirilməsi, insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə
etibarlı tərəfdaşlıq və gələcək nəsillərin maraqlarının qorunması kimi
çoxölçülü komponentləri özündə birləşdirir. Bu yanaşma müasir dövlətçilik
nəzəriyyələrində qəbul edilən “funksional suverenlik” və “dayanıqlı inkişaf
dövləti” modelləri ilə uzlaşır.
Azərbaycan
dövlətçiliyinin inkişaf trayektoriyasının bu mərhələsində Prezident İlham
Əliyevin liderlik modeli yalnız sülh dövrünün idarəçilik mexanizmi kimi deyil,
eyni zamanda böhran, müharibə və təhlükəsizlik şəraitində effektiv qərarvermə
modeli kimi özünü təsdiq edib. Bu baxımdan 2020-ci ildə baş verən 44 günlük
Vətən müharibəsi müasir Azərbaycan dövlətçiliyinin tarixi dönüş nöqtəsi olmaqla
yanaşı, sözügedən liderlik modelinin praktiki sınaq mərhələsi kimi də çıxış etdi.
Vətən müharibəsi nəticəsində Azərbaycan dövləti beynəlxalq hüququn fundamental
prinsiplərinə əsaslanaraq özünün ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə təmin
etdi, son iki əsrə yaxın müddətdə müxtəlif formalarda mövcud olmuş işğal və
suverenlik məhdudiyyətlərinə real və dönməz şəkildə son qoymaq istiqamətində
həlledici dönüş yaratdı".
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə spontan və ya situativ qərarların nəticəsi deyil, uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi yekunu idi:
"Ordu quruculuğu sahəsində aparılan
sistemli islahatlar, hərbi-texnoloji modernləşmə, müdafiə sənayesinin inkişafı,
iqtisadi potensialın gücləndirilməsi, diplomatik müstəvidə hüquqi əsasların
formalaşdırılması və cəmiyyət daxilində milli birliyin təmin edilməsi bu
Qələbənin əsas struktur sütunlarını təşkil etdi. Prezident İlham Əliyevin
müharibə dövründə ortaya qoyduğu qətiyyətli siyasi iradə, vahid komandanlıq
prinsipi və informasiya müharibəsində rasional strategiya onun liderlik
modelinin böhran şəraitində də funksional və effektiv olduğunu açıq şəkildə
nümayiş etdirdi.
Bu Qələbənin
nəticələri yalnız hərbi-siyasi müstəvi ilə məhdudlaşmadı, Azərbaycan
cəmiyyətinin kollektiv şüurunda dərin psixoloji və ideoloji transformasiya
yaratdı. Uzun illər davam edən məğlubiyyət sindromu və qeyri-müəyyənlik hissi
aradan qalxdı, qalib dövlət və qalib xalq şüuru formalaşdı. Bu transformasiya
dövlətlə cəmiyyət arasında etimad münasibətlərini yeni keyfiyyət mərhələsinə
çıxardı.
44 günlük Vətən
müharibəsində əldə edilən nəticələr 2023-cü ildə həyata keçirilən lokal
xarakterli antiterror tədbirləri ilə məntiqi şəkildə tamamlandı. Bu mərhələdə
artıq söhbət klassik mənada müharibədən deyil, dövlətin öz suveren ərazisində
konstitusiya quruluşunun tam və dönməz şəkildə bərpa etməsindən gedirdi.
Qeyri-qanuni silahlı birləşmələrin ləğvi və separatizmin aradan qaldırılması
ilə Azərbaycan dövləti öz ərazisində yeganə legitim güc sahibi olduğunu faktiki
və hüquqi müstəvidə təsdiqlədi. Bu hadisə müasir suveren dövlət anlayışının
fundamental tələblərinə tam cavab verən siyasi akt kimi qiymətləndirilməlidir".
Vasif Qafarov onu da diqqətə çatdırıb ki, tarixi kontekstdə yanaşıldıqda, 2020 və 2023-cü illərdə baş verən hadisələr Azərbaycan dövlətçiliyinin son iki əsrlik inkişaf trayektoriyasında struktur qırılma nöqtəsi təşkil edir:
"XIX əsrin əvvəllərindən etibarən bölgədə formalaşmış
geosiyasi reallıqlar Azərbaycan xalqının dövlətçilik imkanlarını ciddi şəkildə
məhdudlaşdırmış, müxtəlif mərhələlərdə suverenlik itkilərinə və ərazi
parçalanmalarına səbəb olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasət nəticəsində isə ilk dəfə olaraq Azərbaycan dövləti öz ərazi
bütövlüyünü özü təmin etdi, hərbi, siyasi və hüquqi baxımdan kənar aktorlardan
asılı olmadan strateji qərarlar qəbul etdi və suverenliyini ölkənin bütün
ərazisində eyni hüquqi məzmunla reallaşdırdı.
Bu
tarixi-siyasi reallıq fonunda 2024-cü il 7 fevral tarixində keçirilən Prezident
seçkiləri müasir Azərbaycan siyasi tarixində sırf prosedur xarakterli siyasi
hadisə kimi deyil, dövlət suverenliyinin tam və dönməz şəkildə bərpa
olunmasının siyasi-hüquqi təsdiqi kimi qiymətləndirilməlidir. Seçkilərin
ölkənin bütün ərazilərində, o cümlədən uzun illər separatizm ideologiyasının
mərkəzi olmuş Xankəndidə keçirilməsi göstərdi ki, Azərbaycan artıq
post-münaqişə mərhələsini geridə qoyaraq post-separatizm və post-işğal dövlət
quruculuğu mərhələsinə daxil oldu. Prezident İlham Əliyevin seçkidə məhz
Xankəndidə səs verməsi isə separatizm ideologiyasının ideoloji və psixoloji
müstəvidə də tam məğlubiyyətini simvolizə edən yüksək siyasi məsuliyyət aktı
kimi çıxış etdi.
Prezident
İlham Əliyevin liderlik modelinin təhlili göstərir ki, bu modelin əsas dayaq
nöqtələrindən biri rasional qərarvermə mexanizminin institusional səviyyədə
formalaşdırılmasıdır. Onun siyasi fəaliyyətində liderliyin fərdi xarizmaya və
ya situativ təşəbbüslərə deyil, sistemli təhlilə, hüquqi əsaslandırmaya və
uzunmüddətli strateji hesablara söykənməsi müasir idarəçilik nəzəriyyələri ilə
uyğunluq təşkil edir. Fundamental ali təhsili, beynəlxalq münasibətlər
sahəsində formalaşmış elmi-intellektual bazası, qlobal siyasi proseslərin
struktur mexanizmlərinə dərindən bələdliyi və təcrübəsi Prezident İlham
Əliyevin qərarlarının emosional impulslar üzərində deyil, rasional və ölçülmüş
yanaşma üzərində qurulduğunu göstərir.
Bu rasional
yanaşma həm daxili, həm də xarici siyasətdə ardıcıl şəkildə özünü büruzə verir.
Daxili idarəetmədə qəbul edilən qərarlar çox vaxt ilkin mərhələdə geniş ictimai
rezonans doğurmasa belə, orta və uzunmüddətli perspektivdə strateji nəticələr
verməsi ilə səciyyələnir. Bu xüsusiyyət liderlik modelinin populizmdən uzaq
olduğunu və siyasi legitimliyin qısa müddətli emosional dəstək üzərində deyil,
davamlı nəticələr üzərində qurulduğunu təsdiqləyir.
Prezident
İlham Əliyevin rəhbərliyi dövründə dövlət idarəçiliyinin institusional əsaslar
üzərində yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Elektron hökumət
sistemlərinin tətbiqi, ASAN xidmət modelinin yaradılması, rəqəmsal idarəetməyə
keçid və inzibati struktur islahatları siyasi mədəniyyətin yeni keyfiyyət
mərhələsinə keçdiyini göstərir. Bu dəyişikliklər dövlət-vətəndaş
münasibətlərində etimadın güclənməsinə və dövlətin xidmət yönümlü model kimi
formalaşmasına şərait yaradıb.
İnstitusional
inkişaf prosesi paralel olaraq siyasi mədəniyyətin transformasiyası ilə
müşayiət olunur. Siyasi dialoqun təşviqi, çoxpartiyalı sistemin təkamül yolu
ilə inkişafı, parlament institutunun funksional rolunun gücləndirilməsi və
ictimai iştirakçılıq mexanizmlərinin genişləndirilməsi siyasi sabitliyin
inzibati təzyiq üzərində deyil, hüquqi institutlar və inklüzivlik prinsipi
üzərində qurulduğunu göstərir.
Daxili
siyasətdə sosial-iqtisadi inkişaf Prezident İlham Əliyevin liderlik modelinin
əsas sütunlarından biri kimi çıxış edir. İqtisadi artım bu modeldə təkcə
makroiqtisadi göstəricilərin yüksəlməsi ilə ölçülmür; onun sosial nəticələri,
məşğulluğun artırılması, regional bərabərsizliyin azaldılması və sosial rifahın
yüksəldilməsi əsas meyarlar kimi çıxış edir. Qeyri-neft sektorunun inkişafına
yönələn siyasət iqtisadi təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, sosial
sabitliyin möhkəmləndirilməsinə də xidmət edir. Bu yanaşma iqtisadi inkişafla
sosial ədalət arasında tarazlığın qorunmasına əsaslanır.
Regionların
sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramları da mərkəzlə
əyalətlər arasında tarazlığın təmin edilməsinə, regionların iqtisadi
potensialının reallaşdırılmasına və milli birliyin möhkəmləndirilməsinə
yönəlmişdir. Regionların inkişafı dövlətçilik fəlsəfəsində periferik məsələ
deyil, milli təhlükəsizliyin və sosial-iqtisadi inkişafın ayrılmaz tərkib
hissəsi kimi qiymətləndirilir.
İnsan
kapitalına yönəlmiş uzunmüddətli strategiya Prezident İlham Əliyevin liderlik
modelinin ideoloji və praktiki əsaslarından birini təşkil edir. Təhsil və
səhiyyə sahəsində aparılan islahatlar, sosial müdafiə mexanizmlərinin
genişləndirilməsi, gənclərin inkişafına və innovativ potensialın
reallaşdırılmasına yönələn proqramlar “Azərbaycan-2030” Milli Prioritetlərində
sistemli şəkildə əksini tapıb. Bu yanaşma dövlətin gələcəyini təkcə təbii
resurslarda deyil, insan potensialında gördüyünü nümayiş etdirir və müasir
inkişaf nəzəriyyələrinin əsas prinsipləri ilə üst-üstə düşür.
Prezident
İlham Əliyevin liderlik modelinin mühüm komponentlərindən biri də onun mənəvi
və ideoloji əsaslarıdır. Humanizm, sosial həmrəylik və milli birlik anlayışları
bu modeldə abstrakt şüarlar deyil, konkret siyasət mexanizmləri vasitəsilə
reallaşdırılan dəyərlər kimi çıxış edir. Əfv və amnistiya təşəbbüsləri, sosial
həssas qruplara göstərilən xüsusi diqqət, şəhid ailələri və qazilərə dövlət
qayğısı dövlətlə cəmiyyət arasında emosional deyil, dəyər əsaslı bağlılığın
formalaşmasına şərait yaradıb.
Prezident
İlham Əliyevin lider-xalq münasibətləri modeli hüquqi legitimliklə yanaşı,
ictimai etimad və mənəvi bağlılıq üzərində qurulub. Ardıcıllıq, verilən
vədlərin icrası, milli maraqlara sadiqlik və böhran anlarında məsuliyyətli
qərarların qəbulu cəmiyyətdə rasional etimad mühitinin formalaşmasına səbəb olub.
Bu etimad populist çağırışlara deyil, real siyasi, sosial və iqtisadi
nəticələrə əsaslanır və uzunmüddətli siyasi sabitliyin əsas təminatçılarından
biri kimi çıxış edir.
Post-münaqişə
dövründə həyata keçirilən dövlətçilik strategiyası Prezident İlham Əliyevin
siyasi baxışlarının adaptiv və çevik xarakterini aydın şəkildə nümayiş etdirir.
Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri yalnız fiziki
infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır; bu proses eyni zamanda
hüquqi inteqrasiya, sosial adaptasiya, iqtisadi reinteqrasiyanı əhatə edir.
Dövlət bu ərazilərə yalnız torpaq vahidi kimi deyil, sosial həyat məkanı və
gələcək inkişaf platforması kimi yanaşır ki, bu da davamlı sülhün və
uzunmüddətli sabitliyin əsas şərtidir.
Prezident
İlham Əliyevin xarici siyasət kursu daxili idarəçilik fəlsəfəsinin beynəlxalq
müstəvidə davamı kimi çıxış edir. Azərbaycanın xarici siyasəti milli maraqlara
əsaslanan balanslaşdırılmış strategiya üzərində qurulub ki, bu da ölkənin
qlobal güclər arasında seçim dilemmasının girovuna çevrilməsinin qarşısını
alır. Azərbaycan nə regional, nə də beynəlxalq qarşıdurmalarda heç bir zaman
alət rolunda çıxış etməyib, əksinə, müstəqil mövqeyini qoruyaraq etibarlı
tərəfdaş statusunu möhkəmləndirib. Bu siyasət ölkənin beynəlxalq nüfuzunun
artmasına və regional sabitlik proseslərində konstruktiv aktor kimi qəbul
olunmasına gətirib çıxarıb.
Qoşulmama
Hərəkatına sədrliyin fəal və prinsipial şəkildə həyata keçirilməsi Azərbaycanın
qlobal Cənub ölkələri arasında siyasi çəkisini əhəmiyyətli dərəcədə artırdı.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatının institusional baxımdan
möhkəmləndirilməsi, Türkiyə ilə müttəfiqlik münasibətlərinin 2021-ci ilin Şuşa
Bəyannaməsi ilə hüquqi çərçivəyə salınması və regional inteqrasiya təşəbbüsləri
Azərbaycanın yeni geosiyasi reallıqlarda mövqeyini gücləndirdi. Qlobal miqyaslı
tədbirlərə, o cümlədən COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi isə
ölkənin artıq yalnız regional deyil, qlobal siyasi proseslərdə də söz sahibi
olan dövlət kimi qəbul edildiyini göstərir.
Prezident
İlham Əliyevin formalaşdırdığı liderlik modeli artıq nəzəri konsepsiya deyil,
praktik nəticələri ilə özünü tam doğrultmuş müasir dövlətçilik nümunəsidir.
Məhz Prezident İlham Əliyevin yeritdiyi müdrik, uzaqgörən və prinsipial siyasət
nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa
edib, milli təhlükəsizliyini təmin edib və tarixinin ən güclü mərhələsinə qədəm
qoyub. Bu gün Azərbaycan güclü orduya, sabit cəmiyyətə, artan beynəlxalq nüfuza
və gələcəyə hesablanmış inkişaf strategiyasına malik qalib və suveren dövlətdir
ki, bu uğurların da təməlində Prezident İlham Əliyevin sınaqlardan çıxmış və
zaman tərəfindən təsdiqlənmiş liderlik modeli dayanır. Prezident İlham Əliyevin
müdrik liderliyi altında Azərbaycan bundan sonra da davamlı inkişaf edəcək,
daha da güclənəcək və böyük uğurlara imza atacaqdır".