İlham Əliyevin Regional Təhlükəsizlik Konsepsiyası
Münxen Təhlükəsizlik Konfransı beynəlxalq platforma kimi rəsmi Bakının diplomatik gündəliyində daim mühüm əhəmiyyətə malik olub, Azərbaycan torpaqları bir zamanlar təcavüzkar Ermənistanın işğalı altında olanda da, elə indi də rəsmi Bakı daim haqq səsi, obyektiv reallıqlar və bir də təbii ki, qlobal təhdidlər barədə dünyaya öz aktual mesajlarını bu tribunadan da ötürüb. Bu dəfə də istisna olmadı, Azərbaycan prezidenti təkcə Azərbaycan-Ermənistan münasibətlərində deyil, eləcə də bütün regionun müasir taleyində ciddi dəyişikliklər edən lider olaraq sülh, bərabər hüquqlu tərəfdaşlıq, daxili işlərə qarışmama, qarşılıqlı faydalılıq əsasında iqtisadi əməkdaşlıq kimi prioritetləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu həm də Azərbaycanın bütün platformalarda təbliğ etdiyi və daim dəstəklədiyi mövqeyinə sadiqliyinin daha bir nümayişi idi. Azərbaycan lideri jurnalistlərlə söhbətində qeyd etdi ki, Bakı İrəvanla Böyük Sülh sazişinin bağlanmasında təkid etdiyi şərtlərində qərarlıdır. Əgər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı əsassız ərazi iddiaları çıxarılarsa, proses öz axarında davam edəcək. Ərazi bütövlüyü Azərbaycanın qırmızı xəttidir və digər regional əməkdaşlıq prosesləri də bundan asılı olacaq. Azərbaycan bölgənin əsas tranzit arteriyası kimi bütün nəqliyyat xətlərinin açılmasına tərəfdardır və hazırda Ermənistana yüklərin Azərbaycan ərazisindən ötürülməsində də heç bir problem yoxdur. Elə dövlət başçısının konfrans çərçivəsindəki panel müzakirələrdə etdiyi çıxışında da “Açıq dəhliz siyasəti və Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusuna xüsusi yer ayırması ölkəmizin ticarət və logistika imkanlarını genişləndirməsində maraqlı olduğunu göstərir.

Rəsmi Bakının təsəvvüründə iqtisadiyyat və nəqliyyat məsələləri ayrıca olmayıb, qlobal təhlükəsizliyin bir parçası, vacib tərkib hissəsi, eləcə də məntiqi davamıdır. Faydalı əməkdaşlıq, açıq və işlək dəhlizlər, müasir dəmir yolları varsa SÜLH də var. Bu artıq Azərbaycanın beynəlxalq əməkdaşlığın genişlənməsinə və regioanal təhlükəsizliyə ən böyük töhfəsidir. Səfər zamanı enerji, humanitar əməkdaşlıq və Avropanın enerji təhlükəsizliyinə dair ikitərəfli görüşlər də keçirilib. Bu cür təmaslar da Azərbaycanın bütün tərəflərlə konstruktiv əməkdaşlığa daim açıq olduğunu göstərir. Rəsmi Bakının Münxen Təhlükəsizlik Konfransında uğurlu iştirakı, dünyaya verdiyi mesajlar ölkəmizin artıq qlobal təhlükəsizlik sisteminin möhkəm hissələrindən birinə, fəal oyunçusuna çevrildiyini təsdiqləmiş oldu.
Emin Hüseynov kimin sifarişlərini icra edir?

Konfrans zamanı baş verən iki hadisə isə hazırda Azərbaycan cəmiyyətində, sosial şəbəkələrdə tədbirin yekunlarından heç də az müzakirə edilmir. Xaricdə mənzillənərək, Azərbaycana qarşı daim istifadə olunan “söyüş müxalifəti” bu dəfə də Münxenə “ezam” edilmişdi, yenə də “iş başında” idi. Bir zamanlar İsveçrənin xarici işlər naziri Didye Burkhalterin öz təyyarəsində vətəni İsveçrəyə apardığı Emin Hüseynov yenə də “qəhrəman” olmağa çalışırdı, amma yenə də istəyi gülünc sonluqla yekunlaşdı. Azərbaycan prezidentinə guya ki, “azad, müstəqil media”nın təmsilçisi kimi sual ünvanlamaq istəyirdi, amma özünü ifşa elədi. Ümumiyyətlə onun ikibaşlı ritorikası, müraciət forması artıq sual verməkdən daha çox təxribata can atdığını əvvəlcədən də göstərirdi. “Müstəqil mətbuatın suallarına da cavab verə bilərsiz, ya yox?”- deməklə ətrafdakı digər media mənsublarının guya ki, qeyri-müstəqil olduğunu, özünün sanki xüsusi statusa malikliyini gözə soxmağa çalışması onun jurnalistdən daha çox heç də səmimi olmayan siyasətçiyə bənzədirdi. O, unudurdu ki, qarşısındakı Azərbaycan prezidenti dünyanın ən böyük media korporasiyalarının əjdahalarını yerində oturdan dünya miqyaslı siyasətçidir. 44 günlük Vətən müharibəsi zamanı Qərbin siyasi mərkəzlərinin təxribat məqsədli sifarişlərini yerinə yetirmək üçün Bakıya gələnlərin miskin aqibəti görəsən Emin kimi ailə-məişət məsələləri üzrə ixtisaslaşmış “jurnalistə” əsl dərs olmadımı? Prezidentin bu dəfə də bəziləri üçün hələ də “dəbdə” olan çeynənmiş suala cavabı dərin mənalı və lakonik oldu: “Müstəqil mətbuat yoxdur dünyada”. Bununla da Hüseynova eyham vurdu ki, özünü “müstəqil jurnalist” kimi göstərməyə çalışmaq beynəlxalq fırıldaqçılıqdır.

Hələ 2020-ci ilin noyabrında BBC NEWS- in jurnalisti ilə müsahibə zamanı da prezident İlham Əliyev “müstəqil və azad media” mifini darmadağın edərək, həmsöhbətinə gərgin anlar yaşatmışdı. O, Azərbaycanı bu məsələdə ittiham edənlərə həmin “azad söz”ə görə Julian Assange-nin acı taleyini xatırladaraq, “onu sizlər məhv etmədinizmi?- demişdi. Eləcə də illər öncə Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski ilə söhbətində də ona Asancla bağlı “Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?” - sualını ünvanlamışdı. Təbii ki, heç bir tutarlı cavab ala bilməmişdi. Bu cür misalların sayını istənilən qədər artırmaq da olar. Odur ki, Emin Hüseynov kimi cılız bloggerlərin 2-3 saniyənin içindəcə bu cür rüsvay vəziyyətinə düşməsi təbii hal sayılmalıdır. Amma bu azmış kimi o, yenidən cəhd edir, birinci uğursuzluğunu kompensasiya eləmək üçün bu dəfə xanıma hücum çəkir. Yenə də əvvəlki pafos, ənənəvi özündənrazılıq, təkəbbür və təxribat üzərində “uğur sevdası”...

Bu
dəfə də birinci xanım Mehriban Əliyevaya müraciət edərək sual etikasından kənar, aqressiv tərzdə “Ölkədəki demokratiyanın vəziyyəti
ilə” maraqlanması onun qarşı tərəflə konstruktiv dialoqdan daha çox ucuz şou
yaratmaq istəyini ortaya qoyurdu. Lakin bu dəfə də oxu daşa dəyir, özü də çox kəskin
şəkildə. Aqressiv və emosional Hüseynov əsil xanımsayagı təmkin və sərrast cavabla
qarşılaşır. “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?”. Emin Hüseynov donub qalır, “məlumatlıdır”
-deyə faktı etiraf edir, amma guya ki, təfərrüatların başqa cür olduğunu iddia
edir. Hadisənin necə olduğuna dair bir kəlmə də deyə bilmir. Bəli, məhz bir zamanlar xarici ölkə səfirliklərində
gizlənmək üçün ona-buna yalvaran, sonunda da görkəmini dəyişmək məqsədilə saçını rəngləyib, qadın paltarı geyərək özünü İsveçrə səfirliyinə
dürtməklə orda düz 10 ay yeyib-içən, sonra da bu ölkənin xarici işlər nazirinin
qoltuğu altında ölkədən qaçan bu “jurnalist” indi azad və müstəqil mediadan dəm
vurur. Amma unudur ki, onun- bunun pulu hesabına yaşayanlardan, qoltuq altına sığınanlardan azad və müstəqil jurnalist olmayıb, ola da bilməz.
Çünki məşhur bir məsəldə deyildiyi kimi “musiqini həmişə ödəniş edənlər sifariş verər”.
QAFQAZ CƏNUBLU