Abşeron rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Manset.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Ramid Namazov, Rizvan Nəbiyev, Nigar Məmmədova, Zaur Şükürov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, regional idarə rəisləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli
Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz
xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Ümummilli
Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən RİH başçısı qeyd edib ki,
Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası
bu gün İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata
keçirilir. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə
olunmuş tarixi qələbə ölkəmizdə yeni reallıqlar və inkişaf imkanları yaradıb.
Dövlət siyasətinin sosialyönümlü xəttinin gücləndirilməsində və humanitar təşəbbüslərin
genişlənməsində Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, 2025-ci ildə də Abşeron rayonunda mühüm uğurlar və
nailiyyətlər, rayonun sosial-iqtisadi inkişafında irəliləyişlər əldə olunmuş və
vətəndaşların rifahı təmin edilmişdir. Rayon üçün ötən ilin ən əlamətdar hadisələri isə Prezident İlham Əliyevin Abşeron rayonuna səfərləri
olmuşdur. Dövlət başçısı tərəfindən Hökməli qəsəbəsində “Scandens Pharmaceutical
Industries Ltd” MMC-yə məxsus müasir dərman
istehsalı müəssisəsinin, həmçinin Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən “Xızı–Abşeron” Külək
Elektrik Stansiyasının açılışı həyata keçirilmişdir. Bu layihələr rayonun sənaye
və enerji potensialının gücləndirilməsində mühüm rol oynayır.
Çıxışda, həmçinin Abşeron rayonu üçün xüsusi əhəmiyyət
daşıyan kanalizasiya şəbəkəsinin qurulması məsələsinə dövlət səviyyəsində həssaslıqla
yanaşıldığı vurğulanıb, su təchizatı və tullantı suları sistemlərinin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlər, bu istiqamətdə görülən işlər rayon
sakinlərinin sevincinə
səbəb olduğu qeyd edilib.
Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Yusif Sadıqov 2025-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına dair geniş hesabat məruzəsi ilə çıxış edib. Məruzədə
hesabat dövründə rayon üzrə iqtisadi göstəricilər, əhalinin məşğulluğunun
artırılması, sahibkarlığın təşviqi, investisiyaların cəlb olunması, yeni iş
yerlərinin yaradılması və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi
istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, dövlət
proqramlarının icrası ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Sonda qarşıda
duran vəzifələr müəyyənləşdirilərək rayonun sosial-iqtisadi inkişafının növbəti
mərhələdə də ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb.
Daha sonra Bağlar Su İdarəsinin rəisi Telman
Quliyev çıxış edərək rayon ərazisində icra olunan su təchizatı və kanalizasiya
layihələri barədə ətraflı məlumat verib, həyata keçirilən işlərin mövcud vəziyyəti
və qarşıda duran əsas vəzifələr barədə iştirakçıları məlumatlandırıb. Çıxışda
infrastrukturun mərhələli şəkildə yenilənməsi istiqamətində tədbirlərin davam
etdiriləcəyini qeyd edib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında
bildirib ki, Abşeron rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr dövlət
başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq ardıcıl şəkildə
icra olunur. Deputat görülən işlərin rayonun ümumi inkişafına və sakinlərin
rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edərək, qarşıda duran vəzifələrin
uğurla yerinə yetiriləcəyinə inamını ifadə edib.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının sektor müdiri Habil Əzənmədov çıxış edərək bildirib ki, ötən
il Abşeron rayonu üçün uğurlu il olub. O, əhalinin
sosial rifahının yaxşılaşdırılması, yol və digər infrastruktur layihələrinin
icrası, eyni zamanda bölgədə davamlı sosial-iqtisadi inkişafın təmin olunması
istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib və əlavə edib
ki, bu layihələr rayonun gələcək inkişaf perspektivlərini daha da möhkəmləndirir.
Sonra Abşeron RİH yanında
İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək
rayon ərazisində görülən işlərdən, şəhid ailələrinə göstərilən diqqət və
qayğıdan danışaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildirib.
Daha sonra tədbir iştirakçıları adından Azərbaycan
Respublikasıın Prezidentinə müraciəti “Rəşadət” ordeni ilə təltif olunmuş şəhid
mayor Elşad Həsənovun qızı, Xəzər Universitetinin tələbəsi, rayonun fəal gənci Aysun
Həsənli səsləndirib, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə təşəkkürünü
ifadə edib.
Sonda rayonun ictimai-sosial həyatında fəallığı ilə
seçilən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.