Azərbaycan
Respublikası ilə Slovakiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət,
etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf
edir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoqun intensivləşməsi
iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Hər
iki dövlət siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, humanitar və
parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Xüsusilə
enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan ilə Slovakiya arasında
strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Hələ
bundan öncə Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq
haqqında Birgə Bəyannamə ölkələrarası münasibətləri çox yüksək səviyyəyə
çatdırmışdır. Bu sənədin imzalanmasından sonra əməkdaşlıq praktiki olaraq bütün
sahələr üzrə genişlənib. Hazırda energetika Azərbaycan–Slovakiya münasibətlərinin
ənənəvi və strateji istiqamətlərindən biridir. Bir neçə il öncə ilk dəfə olaraq
Azərbaycan qazı Slovakiyaya nəql edilib. Azərbaycanın zəngin qaz ehtiyatları
ölkəmizə həm Slovakiyanın, həm də digər Avropa dövlətlərinin enerji təhlükəsizliyinə
töhfə vermək imkanı yaradır.
Azərbaycan
müdafiə sənayesi sahəsində Slovakiya ilə əməkdaşlığı geniş perspektivli və
qarşılıqlı faydalı sahələrdən biri kimi qiymətləndirir. Bu əməkdaşlıq hərbi məqsədlərdən
çox sənaye və texnoloji inkişafın təmin edilməsi məqsədi daşıyır. Slovakiya
texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi nəticəsində
yeni məhsulların istehsalı həm dünya bazarlarına çıxış imkanları yaradır, həm də
ölkəmizdə yüksək texnoloji inkişafın sürətlənməsinə xidmət edir.
Azərbaycan
xarici siyasət prioritetlərini uzun müddət əvvəl müəyyən edib və bu gün
Avrasiyada mühüm bağlantı mərkəzlərindən birinə çevrilib. Son illər ölkəmizin nəqliyyat
infrastrukturu, logistika şəbəkəsi və enerji layihələrinə qoyduğu sərmayələr nəticəsində
Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Şərqdən Qərbə ən təhlükəsiz
və qısa yol Azərbaycan üzərindən keçir. Bu, Slovakiya ilə nəqliyyat və
logistika sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.
Rəqəmsal
iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması Azərbaycan–Slovakiya
əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə
üstünlüyü iki əsas amildən qaynaqlanır. İqlim müxtəlifliyi ölkədə ilboyu soyuq
bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır.
Bu isə Slovakiya şirkətləri ilə əməkdaşlıq üçün yeni imkanlar açır.
Bu
gün Slovak şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində "ağıllı kənd"
(Smart Village) layihəsini həyata keçirməsi hər iki ölkənin dostluq və əməkdaşlıq
münasibətlərinin müsbət təzahürüdür.
Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə konstruktiv dialoqu davam etdirir, regional və beynəlxalq təhlükəsizlik, dayanıqlı inkişaf və iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərirlər. Hər iki ölkə mövcud əməkdaşlıq potensialından səmərəli istifadə etməklə ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi əzmində olduqlarını bir daha təsdiqləyirlər.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı