21 iyul 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında İcmanın 2026-cı ilin birinci yarımilində görülmüş işlərin və rayon icmaları, eləcə də nümayəndəliklər qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib.
Tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclasın əsas məruzəsi ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarə
Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli 2026-cı ilin birinci
yarımili ərzində İcmanın fəaliyyəti barədə geniş hesabat təqdim edib. O, həyata keçirilən
layihələr, beynəlxalq əlaqələrin genişləndirilməsi, Qərbi Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi-mədəni irsin
qorunması, Qayıdış Konsepsiyasının təbliği istiqamətində görülmüş işlər, eləcə
də rayon icmaları və nümayəndəliklərin qarşısında duran əsas vəzifələr barədə
ətraflı məlumat verib. Əziz Ələkbərli çıxışında təşkilatlanma
istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə əldə olunan nəticələrdən,
eyni zamanda fəaliyyət zamanı üzə çıxan problemlər və mövcud çatışmazlıqlardan
da bəhs edib. O, qeyd olunan problemlərin aradan qaldırılması, rayon icmaları və
nümayəndəliklərin fəaliyyətinin daha səmərəli əlaqələndirilməsi, idarəetmədə
çevikliyin artırılması məqsədilə iş prinsipinin yenilənməsinin nəzərdə
tutulduğunu bildirib və qarşıdakı dövrdə bu istiqamətdə konkret tədbirlərin həyata
keçiriləcəyini vurğulayıb. İdarə Heyətinin sədri bildirib ki, İcmanın cari ilin
ilk altı ayı ərzində həyata keçirdiyi fəaliyyət, görülən işlər və əldə olunan nəticələr
olduqca genişmiqyaslıdır. Bu səbəbdən həmin fəaliyyətin ayrıca nəşr şəklində
hazırlanaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, o
vurğulayıb ki, görülən işlərə baxmayaraq, qarşıda duran vəzifələr daha geniş və
məsuliyyətlidir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi,
təşkilatlanmanın daha da gücləndirilməsi, beynəlxalq təbliğatın genişləndirilməsi
və rayon icmaları ilə nümayəndəliklərin fəaliyyətinin səmərəliliyinin
artırılması istiqamətində ardıcıl və intensiv fəaliyyət davam etdirilməlidir.
Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon
İcmasının sədri, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxış
edərək birinci yarımildə görülmüş işləri təhlil edib və İcmanın fəaliyyətinin
daha da təkmilləşdirilməsi ilə bağlı təklif və iradlarını səsləndirib.
Sonra söz Qərbi Azərbaycan İcması Qəyyumlar Şurasının sədri Mürvət Həsənliyə
verilib. O, İcmanın fəaliyyətinə
göstərilən dəstəyin əhəmiyyətini vurğulayaraq qarşıdakı dövrdə qarşıya qoyulan
hədəflərin həyata keçirilməsində birgə fəaliyyətin vacibliyini qeyd edib.
İclasda çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri,
professor Elxan Hüseynov, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, İcmanın
Qadınlar Şurası sədrinin müavini, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist
Telli Pənahqızı, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Qərbi
Azərbaycan İcmasının Gəncə nümayəndəsi Zəfər Qurbanov, Qərbi Azərbaycan
İcmasının Tovuz rayonu üzrə nümayəndəsi Fərmayıl Cəfərov və Binəqədi rayon
nümayəndəliyinin sədri, professor Həsən Bayramov çıxış edərək görülmüş işləri
yüksək qiymətləndirib, fəaliyyətin daha da gücləndirilməsi, təşkilatlanmanın
genişləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla təbliğinin
vacibliyini vurğulayıblar.
Fərmayıl Cəfərov
çıxışında Qərbi Azərbaycanın tarixi ilə bağlı son dövrlərdə üzə çıxarılan yeni
faktlar, arxiv sənədləri və tarixi mənbələr haqqında məlumat verərək onların
elmi dövriyyəyə daxil edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
İclasda 2026-cı ilin
birinci yarımilində görülmüş işlər ətraflı müzakirə olunub, əldə edilən
nəticələr təhlil edilib, mövcud problemlər və çatışmazlıqlar ətrafında fikir
mübadiləsi aparılıb. Eyni zamanda rayon icmaları və nümayəndəliklərin
fəaliyyətinin daha da gücləndirilməsi, koordinasiyanın artırılması və qarşıdakı
dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib.
Sonda tədbir
iştirakçıları Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və beynəlxalq
müstəvidə daha geniş təbliği, soydaşlarımızın öz doğma yurdlarına sülh yolu ilə
qayıdışının təmin olunması istiqamətində fəaliyyətin bundan sonra da ardıcıl və
məqsədyönlü şəkildə davam etdiriləcəyini bildiriblər.