Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspora nümayəndələrinə “Əməkdar elm xadimi” fəxri adı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Dostluq” ordeni və “Tərəqqi” medalı təqdim olunub.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, V Qurultay dünya azərbaycanlıların fəaliyyəti üçün mühüm rol oynayacaq.
Onun sözlərinə görə, artıq müharibə başa çatıb, torpaqlarımız işğaldan azad olunub, indi qarşımızda Qarabağın bərpa olunması hədəfi durur. Postmüharibə dövründə Şuşada görülmüş işlərlə bağlı danışan A.Kərimov qeyd edib ki, şəhərdə bütün işlər Baş Plana uyğun həyata keçirilir. Zəfər yolunun fəaliyyət göstərdiyini xatırladan A.Kərimov vurğulayıb ki artıq daha sürətli magistralın tikintisi də sürətlə davam etdirilir.
O bildirib ki, Şuşanın turizm potensialından istifadə olunması üçün yeni layihələr həyata keçiriləcək. Şuşanın əsas inkişaf profilinin turizmlə bağlı olacağını nəzərə çatdıran A.Kərimov yaşadıqları ölkələrdə müxtəlif peşə sahibləri olan diaspor nümayəndələrini öz fəaliyyət sahəsi üzrə beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsini təşkil etmək işində aktiv olmağa çağırıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Prezident İlham Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız da Azərbaycan yoxdur” sözlərini xatırladıb. İşğal dövründə Ermənistanın tarixi-mədəni abidələrə qarşı yol verdiyi vandallıqdan söz açan M.Abbasov Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, azad Şuşada tarixi-mədəni abidələrin bərpa olunduğunu bildirib:
“Şuşada yeddi yaşayış massivinin, məscid və digər obyektlərin tikintisi davam edir. Düzdür, hazırda Şuşada tikinti davam etdiyi üçün bir qədər sıxlıq yarandı. Ancaq Dövlət Komitəsindən xahiş edəcəm ki, VI Qurultay da məhz Şuşada keçirilsin. Söz verirəm ki, növbəti Qurultayda yerləşmə və digər məsələlərdə hər-hansı bir çətinlik olmayacaq”.
Bağlanış mərasimində Zəfər Qurultayının iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.