Milli Şuranın üzvü Tofiq Yaqublunun AXCP sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqqında səs yazısı yayılıb.
Manset.az xəbər verir ki, T.Yaqublu səsyazısında Əli Kərimlinin vaxtilə Elçibəy hakimiyyətinin devrilməsi üçün qərar layihəsini hazırladığını bildirib: “Çıxıblar orda “Müsavat”ın tarixini təftiş edirlər ki, nə bilim filanıncı ildə İsa Qəmbər belə elədi, burdan arxamıza bıçaq sancdılar. Əli Kərimli özü Elçibəy hakimiyyətinin devrilməsinin, onun impiçmentinin qərar layihəsini hazırlamış adamdır. "Müsavat"ın tarixini təftiş edir. Və yaxud Gültəkin xanım, sənə heç kim heç nə demir axı. İndiki bu halda niyə köhnə şeyləri qabardırsınız?”.
Məsələ ilə bağlı jurnalist Elman Babayev də fikirlərini feysbuk hesabında bölüşüb. Onun sözlərinə görə, hazırda Milli Şuranı əksər partiyalar tərk edib:
"Əsasən 3-4 siyasi fərdin iştirakına bağlı, arxasında real güc dayanmayan Milli Şuranın sönük halı belə intriqa yuvasıdır və burada zərrə qədər səmimi münasibətlər qalmamış kimi görünür. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun mətbuatda yayılan sonuncu səsyazısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqında səsləndirdiyi fikirlər bunu bir daha təsdiq edir. Yaqublu səsyazısında Əli Kərimlini Elçibəy hakimiyyətinin devrilməsində rolu olan, onun impiçmentinin qərar layihəsini hazırlamış adam kimi xarakterizə edib. O, həm Kərimlinin, həm də G.Hacıbəylinin Müsavatla bağlı köhnə məsələləri qabartdığını deyib, hər ikisinin keçmişi üzərinə vurğu salaraq, buna haqlarının çatmadığını deyib.
Əslində bu açıqlamadan sonra Əli Kərimli Elçibəyin impiçmenti ilə bağlı qərar layihəsini hazırlaması məsələsinə dərhal aydınlıq gətirməlidir. Əks təqdirdə Kərimli vaxtilə Elçibəyə qarşı impiçment hazırlamağa qədər utanc bir xəyanətin içərisində olduğunu təsdiqləmiş olur. Heç mövqe bildirməsə də, cəmiyyət vaxtilə Elçibəyə olan münasibətini demək olar, detallarına qədər bilir, çünki bir zamanlar bu mövzu ən populyar mövzu kimi medianın gündəmində olub və Kərimli özünə qarşı böyük ictimai nifrət qazanıb. Bu mənada Yaqublu həqiqətdən uzaq nəsə deməyib.
Hamının yaxşı xatirindədir ki, Kərimli vaxtilə Elçibəyə rəqib olmaq iddiası, partiyanı ələ keçirmək niyyəti ilə AXCP-nin daxilində intriqa toxumu səpdi, toqquşmalar meydana çıxardı. Onun təşkilat içərisində qeyri-leqal təşkilat yaradıb partiyanın zirvəsinə irəliləmək cəhdləri, müxalifətdə sirr qoymayıb, lazımı ünvanlara ötürməsi, bununla da müxalif siyasi qüvvələrin planlarını pozmasını, başqa sözlə, məkr, hiylə, çirkin fənd sahibi olmasını müxalifətdə olanlar zaman-zaman dilə gətirib. Təsadüfi deyil ki, müxalifət daxilində xəyanət deyəndə,ilk növbədə Əli Kərimlinin adı yada düşür. Və bu imicin olduğu kimi ictimaiyyətə təqdim olunmasında zaman-zaman Yaqublu kimilərin rolu az olmayıb".