Fransada Azərbaycanın rəsmi dövlət televiziyası olan AzTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücum edən şəxslər söz və mətbuat azadlığının məhdudlaşdırılmasına cəhd ediblər.
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Avropaya və bütün dünyaya insan haqları, söz azadlığı və demokratiya "dərsi" keçən hazırki Fransa hökümətinin rəsmiləri bu cür vandalizm aktına sərt mövqe nümayiş etdirməkdən yayınır.
Hücum zamanı AzTV-nin əməkdaşlarına xəsarət yetirilərək texnikalarının əllərindən alınaraq sındırılması və çəkiliş kamerasını geri tələb edərkən silah yolu ilə təhdid olunmaları cinayət əməlidir. Fransada jurnalistlərimizə qarşı olan bu hücumu qətiyyətlə pisləyir, Fransa rəsmilərindən və hüquq-mühafizə orqanlarından hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb etmələrini tələb edirik.
Bir daha qeyd etmək istərdim ki, Azərbaycan və Fransa xalqları arasında olan dostluq münasibətlərinin dərin kökləri var. Bu əlaqələrə kölgə sala biləcək istənilən yalnış hərəkət Fransa höküməti, hüquq-mühafizə orqanları tərəfindən qarşısı dərhal alınmalıdır.
Emin Hacıyev
Millət Vəkili