İyulun 12-də NATO-nun sammiti başa çatdıqdan sonra Yeddilər qrupu (G7) ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətini elan edəcək.
Manşet.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Məlumata görə, Ağ evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə böyük direktoru Amanda Sloat jurnalistlər üçün təşkil olunan brifinqdə bunları deyib:
“ABŞ Prezidenti Cozef Bayden və "G7" liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə mühüm bəyanatla çıxış edəcəklər. ABŞ “Yeddilər qrupu”nun digər liderləri ilə birgə ordu qurmaq və gələcək hücumlardan qorunmaq üçün Ukraynaya yardım niyyətlərini bildirəcək”.
Onun sözlərinə görə, təqdim olunan bəyannamədə Ukraynanın tərəfdaşları və Kiyev arasında uzunvədəli təhlükəsizlik zəmanətinə yönələn danışıqlar üçün müddəalar yer alıb.
“Bəyannamə Moskvaya zamanın onun xeyrinə işləmədiyinə dair aşkar siqnal olacaq”, - Amanda Sloat əlavə edib.