"Bu gün 40 ton un yüklənmiş humanitar yardım avtomobilləri Ağdam-Xankəndi yolu ilə Xankəndi istiqamətində yola düşüb. Azərbaycan bu istiqamətdə növbəti dəfə humanist addım atdığını bir daha nümayiş etdirdi."
Manset.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O əlavə edib ki, qarşı tərəf destruktiv addımlarını atmaqda davam etdirir və vaxt qazanmağa çalışır.
"Ağdam-Xankəndi yolunun açıq olmasına və humanitar yardım məqsədilə bütün yüklərin daşınması üçün təklif edilməsinə baxmayaraq, dəfələrlə Ermənistanın və onun havadarlarının təxribat xarakterli bəyanatları regionda vəziyyətin normallaşmasına və sülh prosesinə ciddi maneələr yaradır. Onların yardım TIR-larına qarşı təxribat törədə biləcəyi ehtimalı olduğunu düşünürəm. Azərbaycan TIR-larına qarşı təxribat törədilərsə, bu, rəsmi Bakıya imkan verəcək ki, “humanitar fəlakət” iddialarının yalan olduğu faktını beynəlxalq müstəviyə çıxarsın. Artıq cəsarətlə və əminliklə deyə bilərik ki, ermənilərin regionda tamamilə yeni geosiyasi vəziyyətə təsir göstərmək cəhdləri əbəsdir və mənasızdır. Ermənistanın Azərbaycan əleyhinə fəaliyyəti, hətta təxribatları belə ölkəmizi öz ədalətli mübarizəsindən, haqq yolundan çəkindirə bilməyib və bundan sonra da çəkindirə bilməz."
Deputat Aysın Hüseynov onu da vurğulayıb ki, bütün bu uğurlu göstəricilər bir daha sübut edir ki, sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək.