“Məhkəmələrdə vəziyyət əvvəlki dövrlərlə müqayisədə yaxşılaşıb” - SORĞU

15:09 - 09 Aprel 2024

“Məhkəmələrdə vəziyyət əvvəlki dövrlərlə müqayisədə yaxşılaşıb” - SORĞU

Müttəhimin müdafiə hüququnun təmin edilməsi ədalət mühakiməsinin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunan demokratik prinsiplərindən biridir. Qanuna görə cinayət prosesinin bütün mərhələlərində şübhə edilən şəxsə, müttəhimə müdafiə hüquqlarının həyata keçirilməsi sahəsində geniş hüquqlar verilir. Bu hüquqların həyata keçirilməsi cinayət mühakimə icraatında nəzərdə tutulan normalara, o cümlədən məhkəmə baxışı iştirakçılarının hüquq bərabərliyi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına dair qanunun göstərişlərinə riayət edilməsi ilə bağlıdır.

Bəs hazırda məhkəmələrdə müdafiə hüququ təmin olunurmu? Müttəhimlərin müdafiə hüququnun təmin edilməsi sahəsində cinayət-prosessual qanunların tələblərinə əməl edilirmi?

Məsələ ilə bağlı vəkil Pənah Məmmədov deyib ki, ölkəmizdə hazırda müdafiə insititutunun inkişafı üçün xeyli imkanlar yaradılıb: "Konstitusiyanın 62-ci maddəsinə əsasən kəsin keyfiyyətli hüquqi yardım almaq hüquq vardır: Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayətin törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquq vardır. Respublikamızda həyata keçirilən və mütəmadi xarakter daşıyan qanunvericilik aktlarında dəyişikliklər müdafiə insititutu inkişafı üçün xeyli imkanlar yaradıb. Məhkəmə təcrübəsi göstərir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin olunması barədəki konstitusiya prinsipi məhkəmələr tərəfindən əsasən gözlənilir və bu da öz növbəsində ədalət mühakiməsinin keyfiyyətinə müsbət təsir göstərir. Bununla yanaşı, bəzi hallarda təqsirləndirilən şəxslərin müdafiə hüququnun təmin edilməsi sahəsində cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməməsi hallarına rast gəlinir. Belə ki, bəzən müdafiəçilərin vəsatətlərinin təmin edilməməsi və müdafiə tərəfindən təqdim edilmiş edilmiş sübutların tam tədqiq edilməməsini görürük.  Ümid edirik ki, bu kimi hallar da gələcəkdə aradan qaldıralacaq və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının tam təmin olunması mümkün olacaq".

Vəkil Pərviz Məmmədov da müdafiə hüququnun təmin edilməsi ilə bağlı vəziyyətdən razı olduğunu bildirib: "Mən bu sahədə hər hansı maneə ilə rastlaşmamışam. Əksər hallarda müdafiə hüququnun təmin edilməsi sahəsində cinayət-prosessual qanunların tələblərinə əməl olunur".

Vəkil İlhamə Həsənova məhkəmələrdə müttəhimin müdafiə hüququnun təmin olması ilə bağlı vəziyyətin əvvəlki dövrlərlə müqayisədə yaxşılaşdığını söyləyib: "Doğrudan da müsbət irəliləyiş var. Lakin ümumi vəziyyət ürəkaçan deyil. Təəssüf ki, bəzən vəkillərin iş materialları ilə tanış olmasına maneələr yaradılır. Əsasən də sorğu əsasında təqdim olunmuş sənədlər, elektron daşıyıcılarda olan rəqəmsal sübutlar və s. ilə tanış ola bilmirik. Biz sübutların surətini əldə etmək istədikdə texniki səbəbdən bunun mümkün olmadığını bildirirlər. Bu da biz vəkillərin müdafiəyə yaxşı hazırlaşa bilməməsinə səbəb olur. Bir sıra region məhkəmələrində iş üzrə şahidlərin dindirilməsində, sübutlarına yoxlanılmasında müüdafiə tərəfinə maneələr yaradılır. Hakimlər tərəfindən buna müdaxilələr olunur, yönəldici suallar verilir. Sanki şahidlərin dindirilməsinə standart olaraq yanaşılır. Müdafiə tərəfi daha detallı suallar vermək istədikdə bunun üçün kifayət qədər əlverişli şərait yaradılmır. Bundan başqa, müdafiə tərəfinin vəsatətləri ilə bağlı məsələ, təəssüf ki, yenə də öz həllini tam tapmayıb. Bir müddət əvvəl bu məsələ qaldırılmışdı, onda bəzi məhkəmələrdə müəyyən qədər dəyişiklik oldu. Amma hazırda bütün vəsatətlər yenə də baxılmamış saxlanılır. Əsasən də məhkəmə istintaqı zamanı ekspertizaların təyin olunması, ekspertlərin dindiriləməsi, sübutların götürülməsi, kameralardan videoların götürülməsi və s. ilə bağlı vəsatətlər məhkəmələr birmənalı şəkildə təmin etmirlər. Biz bu hüquqlarımıza apellyasiya instansiyalarında nail oluruq. Birinci instansiya məhkəmələrində müdafiə tərəfinin hüquqları apellyasiyadan zəif təmin olunur. Arzu edirəm ki, birinci instansiyalarda da belə şərait yaradılsın. Əlbəttə ki, sadaladığım problemlər bütün məhkəmələrə aid deyil".

 

Vəkil Hikmət Əmiraslanov bildirib ki, istər ibtidai istintaq, istər məhkəmə iclasları zamanı müdafiə hüququnun təmin edilməsi müdafiəçinin təmin olunmasından başlayır: "Əgər bir işdə cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilərək müdafiəçi təyin edilirsə, artıq müdafiə hüququnun qurulması üçün birmənalı şəkildə şərait yaradılır.  Azərbaycan Respublikası ərazisində bütün ibtidai istintaq orqanları və məhkəmələr birmənalı şəkildə maddi imkanı olmayan şəxsləri dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edirlər. Heç bir məhkəmədə, istintaq orqanında vəkil təyin etmədən müdafiə hüququnu qurmurlar.  Lakin müdafiəçinin təyin edilməsi heç də müdafiə hüququnun qurulması anlamını əks etdirmir. Vəkil tərəfindən müdafiə tərəfi üçün verilmiş bəzi vəsatətlər var ki, müdafiə hüququnun qurulmasına bilavasitə xidmət edir. Lakin vəkillər tərəfindən verilmiş vəsatətlər təmin edilmir. Vəkilin bir növ formal xarakterli iştirakını istəyirlər. Düzdür, bunu bütün məhkəmə və istintaq orqanlarına şamil etmək olmaz. Çünki vəkil vəsatətlərini təmin edənlər də var.  Lakin əksər məhkəmələr və əksər istintaq orqanlarında müdafiəçinin müdafiə hüququnu qurması ilə bağlı vermiş olduğu vəsatətlərə biganəlik nümayiş etdirirlər. Qeyd etmək lazımdır ki, artıq müdafiə hüququnun qurulması ilə bağlı ciddi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər olunur, müdafiə hüququnun qurulması üçün şərait yaradılır".

Vəkil Əziz Quliyev isə müdafiə hüququnun təmin edilməsi ilə bağlı məsələyə ciddi nəzarət olunduğunu deyib: "Bu sahədə heç bir süni əngəl yaradılmır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az