Mayın 5-də Azərbaycan Dillər
Universitetində CELI (Certificato di Conoscenza della Lingua Italiana) imtahan
mərkəzinin açılışı olub. Mərkəzin açılışı İtaliyanın Peruca Əcnəbilər
Universiteti ilə ADU-nun birgə
əməkdaşlığı çərçivəsində universitetin İtalyan dili Mərkəzinin
nəzdində baş tutub.
Manset.az xəbər verir ki, açılış mərasimindən öncə Peruca
Əcnəbilər Universitetinin rektoru, professor Valerio de Cesaris, İtaliyanın
Azərbaycandakı səfiri Luka di Canfrançesko və digər qonaqlarla görüş
keçirilib.
ADU-nun rektoru, akademik Kamal
Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor
qeyd edib ki, Azərbaycan və İtaliya arasında sıx iqtisadi, siyasi, elmi və
mədəni əlaqələr mövcuddur. Azərbaycan və İtaliya arasında əlaqələrin
inkişafında təhsil sahəsində görülən işlərin vacibliyi diqqətə çatdırılıb:
“Azərbaycanla İtaliya arasında dostluq
və tərəfdaşlıq münasibətləri özünü bütün sahələrdə göstərməkdədir. İtaliyada
fəaliyyət göstərən universitetlərlə qarşılıqlı əlaqələrin qurulması son dərəcə
mühüm əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq əlaqələrinin qurulması,
müəllim-tələbə mübadilələrinin aparılması, elmi tərəfdaşlıq münasibətləri
Azərbaycan və İtaliya münasibətlərinin inkişafına öz töhfəsini
verməkdədir. Bu gün tarixi gündür. Biz ilk dəfə olaraq İtaliyanın nüfuzlu
universitetlərindən biri olan Peruca Əcnəbilər Universiteti ilə əməkdaşlıq
çərçivəsində CELİ imtahan mərkəzinin açılışında iştirak edirik. Bu hadisə
çox önəmli faktorları özündə cəmləşdirir. Mərkəzin fəaliyyətə başlaması təkcə
elmi yox, həm də tərəfdaşlıq münasibətlərimizin inkişafı baxımından çox
vacibdir. İnanıram ki, mərkəz həm müəllimlərimiz, həm də tələbələrimiz üçün
yeni elmi uğurların əldə olunmasında önəmli olacaq”.
Peruca Əcnəbilər Universitetinin
rektoru, professor Valerio de Cesaris səmimi qarşılanmaya və xoş sözlərə görə
təşəkkürünü bildirib. Qeyd olunub ki, iki ölkə arasında əlaqələr davamlı
olaraq inkişaf edir. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri
bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri
daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki
ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük
təkan verir.
Yeni açılan mərkəz haqqında danışan
qonaq ADU ilə Peruca universiteti arasında əlaqələrin davamlı olacağına
əminliyini ifadə edib.
İtaliyanın Azərbaycandakı səfiri Luka
Di Canfrançesko tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan
və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu
əlaqələrin inkişafı özünü təhsil və elm sahəsində də göstərməkdədir. ADU-nun
Peruca Universiteti ilə əməkdaşlığının önəmindən söz açan səfir gələcək elmi
əməkdaşlıq baxımından yeni perspektivlərin mövcudluğundan bəhs edib.
Milli Məclisdə Azərbaycan-İtaliya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Azər Kərimli
Azərbaycan-İtaliya münasibətlərinin inkişafından, universitetlər arasında elmi
əməkdaşlığın faydalarından danışıb.
Bildirilib ki, İtaliya hər zaman
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bu haqda dəfələrlə həm Parlament,
həm də Senat tərəfindən bəyanatlar verilib. Qırx dörd günlük müharibə bitdikdən
sonra Azərbaycana, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən
ilk Avropa nümayəndə heyəti İtaliya Parlamentinin və Senatının birgə nümayəndə
heyəti olub.
Çıxış edən digər qonaqlar ADU ilə
Peruca Universiteti arasında əməkdaşlığın əhəmiyyətindən söz açıblar. Elmi
əlaqələrin uğurla inkişafı iki ölkə arasında dostluq və tərəfdaşlıq
münasibətlərinə öz müsbət təsirini göstərəcəkdir.
Daha sonra Azərbaycan Dillər
Universiteti ilə Peruca Əcnəbilər Universitetinin (Università per Stranieri di
Perugia) birgə əməkdaşlıq çərçivəsində İtalyan dili Mərkəzinin nəznində CELI
(Certificato di Conoscenza della Lingua Italiana) imtahan mərkəzinin açılışı
olub.
Açılışda tələbələrin hazırladıqları
bədii hissə nümayiş olunub.
ADU tələbələrinin ifasında müxtəlif
rəqs nümunələri, İtaliya və Azərbaycan mədəniyyətindən bəhs edən tamaşalar və
video-çarxlar təqdim olunub.