Hollandiya alimlərinin apardığı yeni araşdırmaya görə səhərlər müntəzəm olaraq qəhvə içmək yaşlanma prosesini ləngidə, depressiya riskini isə 20 faiz azalda bilər. "European Journal of Nutrition" jurnalında dərc olunan araşdırmada 55 yaşdan yuxarı 1161 nəfər iştirak edib. Onların gündəlik qəhvə istehlakı ilə yaşla bağlı fiziki zəiflik əlamətləri arasındakı əlaqə qiymətləndirilib.
Manset.az Milli.Az-a istinadla xəbər verir ki, tədqiqatı aparan Amsterdam İctimai Sağlamlıq Araşdırmaları İnstitutunun eksperti Marqret R. Olthof bildirib ki, gündə 4-6 stəkan (təxminən 125 ml) qəhvə istehlak edən şəxslərdə yorğunluq, əzələ itkisi, yavaş hərəkət kimi zəiflik əlamətləri daha az müşahidə olunub.
Qəhvənin tərkibindəki polifenollar və hidroksisinnamik turşular kimi güclü antioksidantlar hüceyrələri qoruyur, iltihabı azaldır və insulin həssaslığını artırır. Bu xüsusiyyətlər qəhvəni xüsusilə yaşlılar üçün faydalı bir içki halına gətirir.
Dr. Olthof qeyd edir ki, "Qəhvə içmək bir çox insanın gündəlik həyatının bir hissəsidir. Tədqiqatlarımız göstərir ki, bu sadə vərdiş yaşlandıqca sağlam qalmağa müsbət təsir edə bilər."
Alimlər xəbərdarlıq edirlər ki, qəhvə faydalı olsa da, onun həddindən artıq qəbulu ürək döyüntüləri və yuxusuzluq kimi mənfi təsirlərə səbəb ola bilər. Buna görə də, balanslı istehlak tövsiyə olunur.