Mayın 8-də Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə icra olunmuş “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib.
Manset.az xəbər verir ki, konfransda Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
“Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Gülbağda Leysanova Hacıyeva layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, layihənin icrası nəticəsində aidiyyəti qurumlar tərəfindən küçə mühitində olan uşaqlar və ailələri üçün göstərilən xidmətlər və resurslar xəritələşdirilib, Türkiyədən dəvət olunmuş ekspertin dəstəyi ilə hazırlanmış təlim proqramı əsasında layihəyə cəlb olunan sosial işçilər və digər iştirakçılara təlim keçirilib. Həmçinin sahə tədqiqatlarının aparılması üçün metodologiya və digər sənədlər hazırlanıb, 100 uşaqla bağlı tədqiqatlar aparılıb, məlumatlar toplanıb, onların və ailələrinin sosial-psixoloji reabilitasiya, təhsil, səhiyyə, fərdi inkişaf, məşğulluq, hüquqi dəstək, sənədlərin hazırlanması və s. ehtiyacları müəyyən edilib və onların həlli istiqamətində tədbirlər görülüb.
Nazirlər Kabinetinin Sosial məsələlər şöbəsinin böyük məsləhətçisi Gülnur Rzayeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova, Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev, Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov və Türkiyədən olan beynəlxalq ekspert Mehmet Zafer Danış çıxış ediblər. Onlar layihənin dövlət siyasətindəki əhəmiyyətindən, mövcud çağırışlardan və hüquqi mexanizmlərdən danışıb, qurumlararası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Konfrans daha sonra “Mövcud vəziyyət və problemlər” və “Yeni həll üsulları və innovativ yanaşmalar” mövzularında panel sessiyalarla işini davam etdirib.