Son dövrlər ölkədə məktəb direktorlarının fəaliyyəti, xüsusilə müəllimlərə qarşı qanunsuz təzyiqlər və qeyri-etik davranışlar ictimaiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Belə hallardan biri də Sabunçu rayonu 128 saylı tam orta məktəbdə baş verib.
Bu barədə Manset.az-a məktəbin müəllimi Mehtiyeva Sevda Seyidməmməd qızı məlumat verib. O, təhsil hüquqlarının pozulduğunu, iş yerində qərəzli münasibət və inzibati təzyiqlərlə üzləşdiyini bildirir. Sevda Mehtiyeva 34 ildir fasiləsiz şəkildə müəllim kimi fəaliyyət göstərir. O, 2003-cü ildən etibarən adıçəkilən məktəbdə 0.5 ştatla direktor müavini vəzifəsində və eyni zamanda ibtidai sinif müəllimi kimi çalışdığını qeyd edir.
Onun sözlərinə görə, 2019-cu ildən məktəbə təqdimat əsasında direktor təyin olunan Sədaqət Əliyeva tərəfindən davamlı psixoloji və inzibati təzyiqlərlə üzləşib. Müəllim iddia edir ki, 2024-cü ilin avqust ayından etibarən sertifikasiyadan keçmiş olmasına baxmayaraq, onun dərs saatları ləğv edilib və məktəbdə dərs deyəcəyi sinif bağlanıb. Sevda Mehtiyeva bildirib ki, direktor tərəfindən sertifikatının saxta olduğu iddia edilib və bununla bağlı ona qarşı təhdidlər səsləndirilib.
Mehtiyeva onu da qeyd edir ki, 2024-cü ilin oktyabr ayında direktor tərəfindən kollektivə onun əleyhinə ərizə yazdırılıb və razılaşmayan əməkdaşlar töhmətlə hədələnib. Onun bildirdiyinə görə, hazırda məktəbdə sertifikasiyadan keçməyən müəllimlər çalışdığı halda, özü dərs saatından və əmək haqqından məhrum edilib.
Şikayətçi müəllim, həmçinin, BŞTİ və Elm və Təhsil Nazirliyinə etdiyi müraciətlərin cavabsız qaldığını, bəzi hallarda isə cavabların yalnız şifahi və qeyri-rəsmi formada verildiyini iddia edir. O bildirir ki, əmək kitabçasında qeyd olunan məlumatlar sistemdə əksini tapmır, SİMA İMZA sistemindən keçmədiyi üçün ona maaş yazılmır və əməkhaqqı əsassız şəkildə azaldılıb.
Mehtiyeva onu da bildirib ki, 2025-ci ilin mayında yaşadığı evin qapısında tanımadığı bir şəxsin onu hədələyici tərzdə “sinif veriləcəyi” vədi ilə ona ət bağlaması gətirdiyini bildirib, lakin müəllim bu “töhfəni” qəbul etməyib və narahatlıq keçirdiyini qeyd edir.
O, məsələ ilə bağlı aidiyyəti qurumlardan – BŞTİ-dən, Təhsil Nazirliyindən və digər nəzarət orqanlarından hüquqlarının bərpasını, əmək kitabçası və müqaviləsindəki məlumatların sistemə düzgün şəkildə köçürülməsini, direktorun isə fəaliyyəti ilə bağlı araşdırma aparılmasını tələb edir.
Manset.az mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov sorğu göndərib. Bəşarət Məmmədov isə məsələdən məlumatlı olduğunu vurğulayıb:
"Bu illərin məsələsidir və BŞTİ-nin cavab məktubu var xanıma. Elə o məktubda məsələnin mahiyyəti var".
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı yalnız məktub göndərərək problemi məktəb rəhbərliyi ilə həll etməyi tövsiyə edib. Lakin görünən odur ki, vəziyyət daha dərindir və artıq nəzarətə götürülməsi zəruridir. Təcrübəli bir müəllimin bu dərəcədə çarəsiz qalması, məsul qurumların isə problemi həll etməkdə aciz görünməsi təhsil sistemində ciddi problemlərin olduğunu göstərir.