Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və
üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən
Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ilə əlaqədar Xaçmaz, Quba
və Qusar rayonlarında yerləşən istirahət mərkəzlərinə mediatur təşkil olunub.
Manset.az xəbər verir ki, mediaturun ilk dayanacağı AHİK-in üzv təşkilatı Dövlət İdarələri
və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Ülfət”
istirahət mərkəzi olub. Bildirilib ki, mərkəzdə 7 kottec, 3 ikimərtəbəli və 1
birmərtəbəli korpus mövcuddur. Eyni vaxtda 125 nəfərin istirahəti üçün hər cür
şərait yaradılıb. Müasir tələblərə cavab verən otaqlar TV, dayanıqlı internetlə
təchiz olunub. İstirahət məkanında böyüklər və uşaqlar üçün hovuzlar, uşaq əyləncə
mərkəzi, tennis kortu və voleybol meydançası fəaliyyət göstərir. Geniş yaşıllıq
sahəsi və müasir infrastruktur ilə seçilən mərkəz ailəvi istirahət üçün olduqca
əlverişlidir. Jurnalistlər istirahət edən ailələrlə görüşərək onların təəssüratlarını
dinləyib, xidmət səviyyəsi ilə tanış olublar.
Sonra jurnalistlər AHİK-in üzv təşkilatı Azərbaycan Dəmiryolçularının
Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin “Lokomotiv” istirahət mərkəzinə
gəliblər. Məlumat verilib ki, mərkəz 6 korpus və 6 kottecdən ibarət olmaqla 216
yerlikdir. Burada yeməkxana, idman zalları, minifutbol stadionu, tibb məntəqəsi,
hovuzlar və uşaq əyləncə guşələri var. Media nümayəndələri həmkarlar ittifaqı
üzvlərinin istirahət şəraiti ilə maraqlanıblar.
Jurnalistlər AHİK-in üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin “Təhsil” istirahət mərkəzində də olublar. Məlumat
verilib ki, 10 hektardan çox ərazini əhatə edən mərkəzdə 3 üçmərtəbəli yataq
korpusu, 50-yə yaxın kottec, idman meydançaları, konfrans zalı, hovuzlar və 400
nəfərlik yeməkxana fəaliyyət göstərir.
Mediaturun növbəti ünvanı Qusar rayonunda yerləşən AHİK-in
üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Şəfa”
istirahət mərkəzi olub. Burada üçmərtəbəli yataq korpusu, konfrans və fitnes
zalı, uşaq və idman meydançaları, tibb xidməti, müasir kommunikasiya sistemləri
və rahat yaşayış otaqları mövcuddur.
Mediatur iştirakçıları Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət
mərkəzində yaradılmış şəraitlə də tanış olublar. Bildirilib ki, mərkəzdə
kotteclər və otel nömrələri, uşaq əyləncə zonaları, internet, çamaşırxana və
digər xidmətlərlə təmin olunub. Təbii bulaq sularının sağlamlığa faydalı
xüsusiyyətləri ilə də seçilən mərkəz həmkarlar ittifaqı üzvlərinin sevimli
istirahət məkanlarındandır.