Türk Dövlətləri Təşkilatının aprelin 2-də Bakıda keçirilən görüşü hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyət kəsb edir.
Dünyada, əsasən də regionumuz yaxınlığında davam edən (Rusiya-Ukrayna müharibəsi) hərbi qarşıdurmalar, İran ətrafında baş verənlər, eləcə də hər an isti fazaya keçmə potensialı olan hazırkı “soyuq müharibələr” kimi təhlükəli proseslər, dövlətlər arasında əməkdaşlığın və koordinasiyanın vacibliyini bir qədər də artırmış olur. Belə bir fonda Türk dövlətlərinin bir araya gəlməsi təkcə formal görüş deyil, həm də ortaq maraqların uzlaşdırılması, təhlükəsizlik məsələlərində mövqelərin yaxınlaşdırılması və regional sabitliyiə təhdid yaradan risklərin önlənməsi baxımından da çox əhəmiyyətlidir.

Öncə xatırladaq ki, Türk Dövlətləri Təşkilatı dünyada bənzəri olmayan, nadir birliklərdən biri, bəlkə də birincisidir. Məsələn TDT-ni digər beynəlxalq qurumlardan fərqləndirən əsas vacib məqamlardan biri - onun üzvləri arasında mövcud olan ortaq dil, mədəniyyət və tarixi bağlılıqdır. Bu amil təşkilat daxilində əməkdaşlığı daha səmimi və etibarlı müstəviyə keçirir. Məsələn, Avropa İttifaqı kimi birliklərdə inteqrasiya daha çox iqtisadi və hüquqi mexanizmlər üzərində qurulduğu halda, TDT-də bu prosesə əlavə olaraq güclü mənəvi və identik əsaslar da qoşulmuş olur. Elə bu səbəbdəndir ki, görüşə ev sahibliyi edən Azərbaycan prezidenti İlham Əliyev təşkilat daxilində münasibətləri “bir ailə” kimi xarakterizə etdi və üzv ölkələr arasında ciddi ixtilafların olmadığını vurğuladı. Bu isə təbii ki, qərarların daha çevik qəbul olunmasına və qarşılıqlı etimadın güclənməsinə şərait yaradır.
Təşkilatın gələcəkdə qlobal səviyyədə aparıcı gücə çevrilə bilməsi məsələsinə gəldikdə isə, bu, həqiqətən də üzv dövlətlərin öz siyasi iradəsinə və əməkdaşlıq dərinliyinə bağlı olan məsələdir. Elə təşkilatın gələcək inkişafı perspektivlərinə toxunan Azərbaycan lideri də bunun birbaşa özümüzdən asılı olduğunu qeyd etdi: “Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq”.

Önəmli layihələr, imkanlar demişkən Türk Dövlətləri Təşkilatının kifayət qədər böyük siyasi, iqtisadi və geniş coğrafi potensialı var. Öncə qeyd edək ki, üzv ölkələr zəngin enerji resurslarına malikdir, eyni zamanda da Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutlarının üzərində yerləşirlər. Xüsusilə Orta Dəhliz kimi tanınan Transxəzər marşrutu son illərdə alternativ logistika xətti olaraq daha çox diqqət çəkir və bu istiqamətdə əməkdaşlıq təşkilatın strateji əhəmiyyətini də artırır. Lakin bu potensialın real gücə çevrilməsi üçün iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı ticarətin artırılması və institusional mexanizmlərin gücləndirilməsi vacibdir. Bu prosesdə Azərbaycanın rolu isə xüsusilə diqqətəlayiqdir.

Ölkə həm coğrafi mövqeyinə görə
Orta Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirir, həm də enerji
və nəqliyyat layihələri vasitəsilə təşkilatın praktik imkanlarını genişləndirir.
Prezident İlham Əliyev isə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın
dərinləşdirilməsi istiqamətində fəal siyasi xətt yürüdərək həm ideoloji, həm də
praktik baxımdan bu birliyin güclənməsinə böyük töhfələr verir. Onun təşəbbüsləri
və vurğuladığı birlik mesajları təşkilat daxilində həmrəyliyin möhkəmlənməsinə
xidmət edir. Odur ki, Türk Dövlətləri Təşkilatı hazırda inkişaf mərhələsində olsa
da, ciddi perspektivlər vəd edən bir
platformadır. Müasir dünyada regional birliklərin rolu artdığı bir dövrdə
TDT-nin də təsir imkanlarının genişlənəcəyi şübhə doğurmur. Əgər üzv dövlətlər
mövcud potensialdan səmərəli istifadə edərək əməkdaşlığı daha da dərinləşdirə
bilsələr, bu təşkilat gələcəkdə daha geniş coğrafiyada söz sahibi olan mühüm
güc mərkəzlərindən birinə çevriləcək.
QAFQAZ CƏNUBLU