Qafqaz
regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Şimali
Amerikanın ən böyük süni intellekt sənaye tədbiri olan “Ai4 2025” konfransında
təmsil olunub.
Tədbirdə
ekosistemi PAŞA Holding-in Baş data
inzibatçısı Valeh Nəbiyev, Bir Ekosistemin İnkişafı Departamentinin rəhbəri
Mehdi Aslanov, eyni zamanda bankın Data menecment ofisinin lideri Seymur
Şabanlı və Bir Ekosistem Analitikası Departamentinin rəhbəri Şəhriyar Məmmədlidən
ibarət nümayəndə heyəti təmsil edib.
2018-ci ildən etibarən keçirilən konfrans bu il Las
Veqas şəhərində baş tutub. 85 ölkədən 8000-dən çox iştirakçının qatıldığı tədbir
“Süni intellektin biznesdə tətbiqləri, etik tərəfləri və gələcək inkişaf
perspektivləri” mövzusuna həsr olunub. Proqram çərçivəsində məlumatların idarə
olunması, həmçinin təhsil, maliyyə, səhiyyə və dövlət sektorunda süni
intellektin istifadəsi ilə bağlı müzakirələr aparılıb.
Konfransda
“Süni intellekt dövründə məlumatların idarə olunması” mövzusunda çıxış edən
Valeh Nəbiyev Bir ekosistemin bu istiqamətdəki yanaşması və təcrübəsi barədə məlumat
verib. “Bir ekosistemi süni intellektin tətbiqi sahəsində unikal təcrübəyə
sahibdir. Bunun üçün bizim strategiyamız, peşəkar komandamız var. Ekosistem
özündə böyük təcrübəyə malik ölkənin qabaqcıl şirkətlərini əhatə edir. Hazırda
bizim fəaliyyətimiz ayrı-ayrı layihələrlə yanaşı miqyaslana bilən AI
transformasiyasına yönəlib. Strategiyamız rəhbər heyətdən başalayaraq vizion və
vahid qaydaları, həmçinin komandaların çevik innovasiyasını özündə birləşdirir.
Biz məlumatların idarə olunmasını risklərə nəzarət aləti kimi deyil, süni
intellektin sürətlə və etibarlı tətbiqi üçün əsas körpü kimi görürük. Bu
yanaşma ekosistemdə AI layihələrinin – müştəri xidmətlərinin
avtomatlaşdırılmasından əməliyyat səmərəliliyinin artırılmasına qədər – davamlı
və təhlükəsiz inkişafını təmin edir”.
Süni
intellekt sahəsində dünyanın nüfuzlu tədbirlərindən biri olan konfrans, həmçinin
ekosistemin nümayəndə heyətinə beynəlxalq istiqamətdə yeni tanışlıqlar, təcrübə
mübadiləsi və əməkdaşlıq imkanları da qazandırıb.
Bir ekosistem ölkənin aparıcı brendləri olan
Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir.
Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla
əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini
zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və
ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli
alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən,
vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar.
Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus,
Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli,
rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.