Yerdən 5 min işıq ilindən çox uzaqlıqda yerləşən, hər 8 dəqiqədən bir müəmmalı radiosiqnallar yayan ölü ulduz aşkar edilib.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin (ICRAR) alimləri məlumat yayıb.
Tədqiqatçılar müəyyən ediblər ki, GPM J071507−114153 adlandırılan ulduz sistemi iki göy cismindən ibarətdir. Onlardan biri nüvə yanacağını tükəndirmiş, son dərəcə sıx ağ cırtdan, digəri isə Günəşə bənzər ulduzdur.
Araşdırmanın ən maraqlı məqamı radio siqnallarının məhz ağ cırtdanın yaxınlığından, yaxud onun özündən qaynaqlandığının müəyyən edilməsidir. Bu, Günəşə bənzər ulduzla orbitdə hərəkət edən ağ cırtdandan belə siqnalların qeydə alındığı ilk haldır.
Alimlər araşdırma zamanı 100 saatdan çox radio müşahidəsinin məlumatlarını təhlil ediblər. Müşahidələr nəticəsində Günəşə bənzər ulduzda güclü maqnit aktivliyi və ulduz səthindən yüksələn plazma strukturları da aşkarlanıb.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf Süd Yolunda mənşəyi hələ tam izah olunmayan müəmmalı radio siqnallarının öyrənilməsində yeni imkanlar yaradır.
Araşdırmanın nəticələri “Nature Astronomy” elmi jurnalında dərc olunub.