“Azərişıq” ASC-nin 10-cu ildönümünə həsr olunmuş “Paylayıcı
şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı
Yarışları”nın regional turuna start verilib.
Manset.az xəbər verir ki, Quba Elektrik Şəbəkəsində (EŞ) təşkil olunan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxışında komandalara uğurlar arzulayıb. Bildirib ki, yarışların keçirilməsində məqsəd energetiklərin müasir innovasiyalar və texnologiyalar, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları barədə bilik, bacarıqlarını inkişaf etdirməkdir. Həmçinin yarış iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, eləcə də “Azərişıq” ASC tərəfindən son 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumatlar əldə edəcəklər.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntelektual yarışda Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 5 komanda - “Xaçmaz EŞ”, “Şabran EŞ”, “Quba EŞ”, “Qusar EŞ” və “Siyəzən EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sualı cavablandırmağa çalışıblar.
Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə
peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Komandaların hər iki mərhələdə əldə etdiyi xalların nəticələrinə əsasən Xaçmaz RETSİ üzrə keçirilən regional turun qalibi "Siyəzən EŞ" olub. Beləliklə, komanda “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın Hadrutda təşkil olunacaq final mərhələsində iştirak edəcək.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında
maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının
peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl
olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də
davam etdiriləcək.