Ailə institutu: onun qorunması nə üçün vacibdir?

13:30 - 19 Avqust 2025

Ailə institutu: onun qorunması nə üçün vacibdir?

Ailə anlayışı

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1-ci maddəsində qeyd olunur ki, ailə qarşılıqlı məhəbbət və hörmət əsasında qurulan, üzvlər arasında qarşılıqlı yardım və məsuliyyət bölgüsünü təmin edən əsas institutdur. Azərbaycan Konstitusiyasının 17-ci maddəsində isə bildirilir ki, ailə cəmiyyətin əsas özəyi, dövlətin təməlidir və dövlət tərəfindən xüsusi himayə olunur. ( https://www.constcourt.gov.az/az/decision/277 )

Qeyd etmək lazımdır ki, ailə institutuna baxışölkədən-ölkəyə fərqlənir. Həmçinin, müasir dövrünreallıqlarına görə dəyişir. Fərqli mədəniyyətlərin bu instituta unikal baxışları mövcuddur. Bununla yanaşı, bütün fərqli yanaşmaların fövqündə dayanan, ümumiləşmiş qlobal standartlar mövcuddur. Həmin ümumi baxış YUNESKO-nun sənədlərində öz əksini tapıb. YUNESKO-nun hesabatında bildirilir ki, ailə qan qohumluğu, nikah və ya övladlığa götürmə yolu ilə bir-biri ilə bağlı olan, birgə yaşayan insanlar məfhumudur. Ailənin üzvləri hətta birlikdə, bir yerdə yaşamasalar da, vahid sosial reallıq kimi mövcud ola bilər. ( https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC4649868/ )

Ailənin cəmiyyətdə rolu və əhəmiyyəti

Ailə, cəmiyyətin təməl daşı sayılır. Həm fərdlərin inkişafında, həm də sosial sabitliyin təmin edilməsində əvəzsiz rol oynayır. Uşaqlara sosial normaları, mədəni dəyərləri, ünsiyyət bacarıqlarını öyrədən ilk sosial mühit kimi çıxış edir. Ailədə təlqin edilən erkən sosiallaşma prosesi uşaqların gələcəkdə cəmiyyətə inteqrasiyasını asanlaşdırır, onların sosial məsuliyyət hissini gücləndirir. (https://societyforpeace.com/why-are-families-important-in-society/)

Ailənin digər mühüm funksiyası emosional dəstək və təhlükəsizliyi təmin etməsidir. Güclü ailə bağları fərdlərin streslə mübarizə qabiliyyətini artırır, onların psixoloji ruh halını qoruyur. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, sağlam ailə mühitinə malik olan uşaqların gələcəkdə depressiyaya və digər psixoloji pozuntulara tutulma ehtimalı 40%-ə qədər azalır.

Ailə milli mədəniyyətin, ənənələrin nəsildən-nəslə ötürülməsində əsas rol oynayır. Birgə keçirilən bayramlar, dini mərasimlər və digər rituallar fərdlərə öz kimliklərini, mənşələrini tanımağa kömək edir. Bu da mədəni müxtəlifliyi qoruyur, onların davamlılığını təmin edir. (https://medium.com/@melissacoleauthor/the-cornerstone-of-culture-exploring-the-importance-of-family-in-society-b21f4b35dc68)

Elmi mənbələrdə qeyd edilir ki, ailə institutu həm də iqtisadi sabitliyin təməlidir. Birgə yaşayan ailə üzvləri arasında resursların paylaşılması, əmək bölgüsü və birgə qərar qəbuletmə amili sosial bərabərliyin formalaşmasına xidmət edir. Dünya Bankının hesabatlarına görə, güclü ailə strukturlarına malik ölkələrdə yoxsulluq səviyyəsi daha aşağı səviyyədə görünür.

Ailə institutunun qorunmasını zəruri edən amillər

Sosioloq Üzeyir Şəfiyev bizimlə söhbətində bildirib ki, ailə dövlətin kiçik modelidir, cəmiyyəti sosial anomaliyalardan qoruya bilir. Xüsusilə, gənc nəslin formalaşmasında sosial platforma rolunu oynayır. Ailə içərisində formalaşan əxlaqi normalar, əmək vərdişləri və ictimai məsuliyyət hissi gənclərin gələcək uğurlu həyatları üçün zəmin formalaşdırır. Bu baxımdan, ailə institutunun qorunması yalnız cəmiyyətin deyil, həm də dövlətin strateji hədəfidir.

Amma sosioloq təəssüf hissi ilə qeyd edir ki,son dövrlərdə ailə institutunu təhdid edən problemlər intensivləşib: “Qloballaşan dünyada müəyyən mənfi amillər ailə institutuna zərbə vurur. Hətta Qərb mərkəzli bəzi qüvvələr ailə institutuna zərbə vurmağı özlərinin əsas hədəflərinə çevirirlər. Yüksək reytinq dalınca qaçan televiziyalarda göstərilən ailə şouları, məşhur şəxslərin boşanmanı təşviq edən çıxışları və sair bu kimi amillər də ailə institutuna zərbə vurur”.

Statistik göstəricilər də ailə institutunun zəifləməkdə olduğunu təsdiqləyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatına əsasən, son illərdə boşanma halları artmaqdadır. 2023-cü ildə ölkədə 19 mindən çox boşanma qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə artım deməkdir. Eyni zamanda doğum səviyyəsinin azalması da ailə institutunun gələcəyinə təhdid yaradır. Böyük ailə modellərinin zəifləməsi, urbanizasiya nəticəsində fərdlərin ailədən uzaqlaşması, yaşlıların tək qalması kimi hallar sosial rifaha mənfi təsir göstərir.

Nə etməli?

Üzeyir Şəfiyev düşünür ki, ailə institutunun qorunması üçün ilk növbədə sosial şəbəkələrin fəaliyyəti ilə bağlı xüsusi qanunvericilik qəbul edilməlidir. Həmçinin televiziya proqramlarına müəyyən düzəlişlər tətbiq olunmalıdır: “Yəni,televiziyalarda boşanmış qadınların dəbdəbəli həyatının təbliği yox, nümunəvi ailələrin çıxışları ilə bağlı verilişlər yayımlanmalıdır. Beləcə cəmiyyətdə ailə dəyərlərinin nüfuzu artırılmalıdır”.

Sosioloqun fikrincə, məktəblərdə ailə psixologiyası və ailə dəyərləri mövzusunda maarifləndirici dərslərin keçirilməsi də faydalıdır. Gənclərin ailəyə məsuliyyətli yanaşması, gələcəkdə sağlam ailə qurmağa ruhlandırılması vacibdir.

Cəmiyyətin və dövlətin təməl daşı olan ailə institutunun zəifləməsi, bütövlükdə millətin psixoloji, sosial və mədəni zəifliyinə səbəb ola bilər. Bu səbəbdən ailə yalnız şəxsi həyat məsələsi deyil, milli təhlükəsizlik və gələcək nəsillərin təminatı məsələsi kimi dəyərləndirilməlidir.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.

Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az