Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin və ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərindən ibarət 18-23 avqust 2025-ci il tarixlərdə Böyük Qafqazın şimal-şərq yamacında Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağına birgə ekspedisiya təşkil edilib.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Manset.az-a verilən
məlumata görə, tədqiqat zamanı buzlaqların koordinatları, dəniz səviyyəsindən
olan hündürlükləri, ekspozisiyası və fotoşəkilləri (buzlaqlar yerləşən dərələrin
təsviri, yamaclara görə yeri, ümumi istiqaməti, dərinliyi və dikliyinin təsviri,
buzlaq səthinin relyefi üzərindəki çatlar, onların istiqaməti və ölçüləri,
buzlaq üzərində moren örtüyü, buzlaq dilinin vəziyyəti, quruluşu və s.)
götürülüb.
Aparılan tədqiqatlar nəticəsində buzlağın sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində əmələ gəlmiş çatların sayının artması və ölçülərinin genişlənməsi müşahidə olunub. 3500-3800 metr yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu isə bir daha qlobal iqlim dəyişmələrinin təsiri nəticəsəndə anomal istilər zamanı buzlaq üzərində əmələ gəlmiş çatların ölçülərinin böyüyərək genişlənməsindən eyni zamanda ərimə prosesi zamanı buzlaq dilinin yüksəkliyə doğru çəkilərək həcminin azalmasından xəbər verir.
Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir
və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin
təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə
dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.