Azyaşlını qovan uşaq bağçasının müdiri işdən çıxarıldı

13:06 - 03 Sentyabr 2025

Azyaşlını qovan uşaq bağçasının müdiri işdən çıxarıldı

Vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.


Manset.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəssisəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Məlumatda həmçinin bildirilib ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.

Qeyd edək ki, Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən 21 saylı uşaq bağçasında övladı bağçaya gedən valideynlərdən biri iddia edir ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.

Valideyn iddia edir ki, hadisəyə səbəb həyat yoldaşının bağçanın şəraitindən narazılığını dilə gətirməsi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az